Bu gün rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Ələkbər Muradovun doğum günüdür. Şəhla Bürcəliyevanın onun haqqında yazdığı yazını təqdim edirik.
Məhsuldar, maraqlı yaradıcılığı ilə Azərbaycan kinosunun inkişafına təkan verən, çoxşaxəli yaradıcılığında daim peşəkarlıq nümayiş etdirən kino xadimlərimizdən biri də Ələkbər Muradovdur. Ömrünün 47 ilini sevdiyi sahəyə həsr edən sənətkarın kinoda yolu 1966-cı ildən - “Azneftxim” studiyasından başlanır. O vaxt həmin studiyada çəkdiyi “İmtahana üç gün qalıb” sənədli filmi ümumittifaq kinohəvəskarları festivalında mükafata layiq görülüb.
Ələkbər Yunus oğlu Muradov 1948-ci il avqustun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından rəsmlə maraqlanıb. Məktəbdə yeganə şagird idi ki, fotoqrafiya ilə məşğul olurdu, çəkdiyi fotoşəkillər divar qəzetlərinə vurulardı. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kimya İnstitutunda ali təhsil (1966-1971) alır. İnstitutun nəzdində fəaliyyət göstərən “Azneftximfilm” kinostudiyası sənətə marağı olan Ələkbəri özünə çəkir. Fotoaparatlar, kameralar, plyonkalar və gənclərin yaradıcılıq eşqi Ələkbərin bu sahəyə marağını daha da artırır. Tezliklə studiyanın fəallarından birinə çevrilən gənc istedad çox çəkmir ki, “Azneftximfilm”ə rəhbərlik etməyə başlayır.
Azərbaycan kinosunun uğurlu kino xadimləri - Tariyel Qasımov, Cəmil Fərəcov, Ələsgər İbrahimov da bu studiyadan bəhrələniblər. Operatorluq sənətini isə Əsgər İsmayılov, Əlisəttar Atakişiyev və başqa tanınmış kinooperatorlar tədris ediblər.
“İmtahana üç gün qalıb” sənədli filminin uğurundan sonra gənc operator rəqs festivalını çəkmək üçün Moldova Respublikasına göndərilir.
1968-ci ildə isə “Səttar Bəhlulzadə” adlı sənədli film çəkir. “Həmin filmin rejissorluğunu Səttar müəllim özü edib. Mən indi də o filmin müxtəlif rakurslu çəkilişlərinə baxarkən düşünürəm ki, həmin vaxtlarda Səttar mənə istiqamət verməsəydi, mən belə çəkə bilməzdim.”
Ələkbər müəllimin Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadə haqqında maraqlı xatirələri var. Onun ilk rəsmlərinə, əl işlərinə də ustad sənətkar qiymət verib: “Səttar Bəhlulzadə atamın ən yaxın dostu idi, bir sinifdə oxumuşdular. O hər şənbə bizə gələrdi. Atamla nərd oynayar, çay içər, sənət söhbətləri edərdi. Mən şənbə gününü səbirsizliklə gözləyərdim. Səttar əmi gələcək, mənim rəsmlərimə baxacaq, məni tərifləyəcəkdi”.
Sonralar Ələkbər müəllim həyat və sənət yoluna zəkası, biliyi ilə nur səpən dahi rəssamın 100 illiyi münasibətilə üçhissəli bədii televiziya filmi çəkdi, onun həyat yolunu geniş tamaşaçı auditoriyasının diqqətinə çatdırmaqla bu böyük sənətkarın ruhu qarşısında vəfa borcunu ödəmiş oldu.
O, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna qəbul olunduğu vaxtı belə xatırlayır: “İnstituta şəkillər göndərməyə gedəndə atam dedi ki, mən ora iki dəfə getmişəm, sənlik deyil.
100 manat pul verdi: 35 manat o tərəfə, 35 manat bu tərəfə. Bilet al get, amma ora sənlik deyil.
Moskvadan şad xəbər gəlincə atamın sevinci yerə-göyə sığmırdı. Mən hesab elədim ki, atama dünyanı bağışladım. Kinematoqrafiya İnstitutunda mənə ixtisas fənnindən SSRİ Dövlət mükafatı laureatı, məşhur kinooperator Aleksandr Vladimiroviç Qalperin dərs deyirdi. Mənim kinodakı atam odur. O, ensiklopedik biliyə malik bir insan idi. İki dəfə Stalin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Anatoli Dmitriyeviç Qolovnyadan dərs almışam. Sergey Bondarçukla bir yerdə işləmişəm. Həmin illərin gəncliyinin bəxti onda gətirdi ki, biz həmin kinorejissorlarla bir yerdə olub, onların sənətindən bəhrələnə bildik. Onlar canlı klassiklər idi. Həyatımın ən gözəl anları Moskva Kinematoqrafiya İnstitutunda keçib”.
Ələkbər Muradov 30-dan artıq müxtəlif janrlı filmlər çəkib. “Qərib cinlər diyarında” (1977), “Mən nəğmə qoşuram” (1979), “Qorxma, mən səninləyəm” (1981) bədii filmlərində II operator kimi işləyib, “Zirzəmi” (1990), “Müqəddəs oda yanaram” (1991), “O dünyadan salam” (1992), “Mənim ağ şəhərim” (1993) bədii filmlərinin isə quruluşçu operatorudur.
“Anaya məktub”, “Gəmiqaya”, “Səadət təranələri”, “Odlu ürək”, “Nəsrəddin Tusi”, “Təkəlduz”, “Qonaq-qaralı ev” və başqa sənədli filmlərin müəllifidir.
Ələkbər Muradov kinoya gəldiyi ilk vaxtdan gündəmdə olan mövzulara müraciət edib, dövrünün aktual problemlərini, hadisələri lentlərə köçürməyi özünə vəzifə borcu sayıb. 1990-cı il 20 Yanvar hadisələrində vaxtı o, əlində kamera, gözünü qan örtmüş sovet ordusu əsgərlərindən qorxmadan “Azadlıq” meydanında çəkiliş aparır, doğma vətənində, gözəl Bakının küçələrində qanı su yerinə axıdılan həmvətənlərinin faciəsini ürək ağrısı ilə lentə köçürürdü. Ağır da olsa, çəkirdi. Çəkirdi ki, gələcək nəsillər sovet imperiyasının əsl simasını onun gözü ilə izləsinlər, unutmasınlar.
“İnsanlar sovet ordu hissələrinin şəhərə hücum xəbərini eşitmişdilər. Yuxusu ərşə çəkilən, əliyalın sakinlər ağacların altında, küçədə dəstə-dəstə cəmləşərək söhbətləşir, belə qanlı hadisənin baş verəcəyinə inanmırdılar. Gecə saat 12 radələrində əsgərlər dinc əhalini qıraraq şəhərə daxil oldular. Mən qırılıb tökülmüş qab-qacağı, gülləbaran edilmiş evləri görüb dəhşətə gəldim. Çətinliklə də olsa, o kadrları lentə aldım. Lakin əsgərlər məni gördülər. Məndə də kaset deyildi ki, çıxarıb cibimə qoyum. Tez plyonkanı çıxartdım, işıq dəyməsin deyə büküb, maşının oturacağının altında gizlətdim. Aeroportu keçən kimi məni saxladılar. Maşını axtardılar. Dedim, mən hələ plyonka götürməyə gedirəm. Onlar mənə inandılar. Həmin illərdə çox çətinliklər vardı. İndi də o günləri xatırlayanda dəhşətə gəlirəm”.
Həmin illərdə dövrün ictimai-siyasi hadisələri kino sahəsinə də öz mənfi təsirini göstərmişdi. Fərdi sponsorların dəstəyi ilə filmlər çəkilsə də, zəif dramaturji materiallar və texniki çatışmazlıqlar filmlərə uğur qazandırmırdı. Kinoda böyük təcrübə toplayan operator o vaxtlarda fərdi potensialına, peşə təcrübəsinə arxalanaraq çəkdiyi filmlərə dəqiq quruluşlar verir, kadrlarda aktyor ifasını qabardır, dinamik çəkiliş üsulu ilə filmlərin təsir gücünü artırırdı.
Ələkbər müəllim görkəmli kinorejissor Tofiq Tağızadənin “O dünyadan salam” (1992) filmində işləyərkən “Strela” operator texnikası ilə çiynində çəkilişlər aparır, bununla da lazımlı dinamik çəkilişləri gerçəkləşdirirdi.
O, peşəkar aktyorlarla çox filmlərdə işləyib. Onların həddən artıq tələbkar olduğunu, kameranın statik və hərəkətli çəkilişlərini izlədiklərini, peşə tələblərini dəfələrlə görüb. Buna görə o, filmlərdə vacib nüansları, aktyor və detal çəkilişlərini gözdən qaçırmamağa çalışırdı.
“Qaladan tapılan mücrü” (1982) uşaq-macəra filminin çəkilişlərinə başlayanda quruluşçu operator kimi Ələkbər müəllim filmin ideyasını dəqiq çatdırmaq üçün müxtəlif çəkiliş fəndlərindən istifadə edir. Filmdə çətinliklə gerçəkləşən sualtı və vertolyot çəkilişləri var.
Kino kollektiv sənət növüdür. Sənətə can yandıran, hər şeydən əvvəl peşəkarlığını nümayiş etdirən sənətkarlar sayəsində filmlər səviyyəli alınır, geniş tamaşaçı auditoriyası toplayır. Ələkbər Muradov istər operator, istər rejissor kimi tamaşaçı diqqətini cəlb etməyi bacaran kino xadimlərimizdəndir.
Ələkbər Muradov aktyor plastikasından, potensialından məharətlə istifadə edən rejissorlardandır. O, 2002-ci ildə ilk dəfə rejissor debütünü edir, kəskin süjetli “Güllələnmə təxirə salınır” psixoloji dramını çəkib. Film bir qrup gəncin müharibədən sonra insanlara göstərdikləri köməkdən və başsız qalmış ailələri qorumalarından bəhs edir. Hüquqi baxımdan bu cavanlara “oğru” deyilsə də, haqqı nahağa verməyən gənclərin davranışı insanlar arasında qəhrəmanlıq kimi qarşılanır./Kulis.az