Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Tərtər işi”: “Yemək nəcisə qarışırdı, Hikmət Həsənova dedim ki...” - TÜKÜRPƏDƏN DETALLAR


Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovun məhkəməsi davam edib. Sənan Maşıyev və digərləri yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur.

2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay - 6 il azadlıqdan məhrum ediliblər. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub.

Sənan Maşıyev və digərləri hərbçilərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub.

terter son.jpg (149 KB)

Musavat.com xəbər verir ki, hazırda məhkəmədə zərərçəkmişlər dindirilir.

Sonuncu məhkəmə iclasında yenə zərərçəkmişlərdən İzzət Cəfərov ifadə verib. O, başına gələnlərə baxmayaraq, indi də orduda tabor komandirinin müavini vəzifəsində xidmət edir.

İzzət Cəfərov deyib ki, 2017-ci ilin may ayının 5-də hərbi hissə komandiri Vüsal Ələsgərov (digər qrupun tərkibində mühakiməsi davam edir) onun xidmət etdiyi posta gəlib. Postdakı 4 əsgərlə bağlı maraqlanıb, gedəndə əsgərləri də özü ilə aparıb. Sabahı gün ona hərbi hissədən zəng vuraraq bildiriblər ki, hərbi hissəyə gəlib, buraxılış vərəqəsi götürüb, evə gedə bilər. Bütün bunları edib və evə yola düşüb. Yolda olanda hərbi hissədən zəng vuraraq geri qayıtmasını tapşırıblar: “Məni Cəmilliyə çağırdılar, hər şey də orda baş verdi. Vüsal dedi, bizdə məlumat var ki, sən erməniyə işləyirsən. Mən etiraz etdikcə, onlar daha da üstümə gəldi. Başıma torba keçirib, yerə yıxmışdılar, biri də üstümdə oturmuşdu. Vüsal dedi ki, al boynuna. Tapşırdı ki, aparın bunu otağa, ordakıları görsün, ağıllansın. Məni bir otağa apardılar, içəri girəndə dəhşətə gəldim. Yerdə qan içində qolları arxasına qandallı iki nəfər uzanmışdı, demək olar ki, meyit idilər. İşgəncədən elə vəziyyətdə idilər ki, demək olar ikisi də ölmüşdü. Dedilər istəyirsən, səni də bu günə qoyaq?

Məni elə günə saldılar ki... Papaninə aparılanda özümdən xəbərim olmayıb.

İzzət Cəfərovun sözlərinə görə, Mərkəzi Hərbi Hospitalda da ona münasibət yaxşı olmayıb: “Hospitalın rəisi gəldi, məni gördü, işçilərə dedi, bu oğraş erməniyə satılıb. Mənə ancaq kofe verirdilər ki, yatmayım”.

Zərərçəkən orada bir neçə gün qalandan sonra Biləcəri haupvaxtına etap edilib. Orda da işgəncəyə məruz qalıb:

“Deyiləsi, danışılası deyil, qollarım arxaya qandallı, gözüm bağlı şəkildə saatlarla qışqıra-qışqıra qalırdım, gəlib ayaqyoluna aparmırdılar, elə altıma batırırdım. Nəcisimin üstündə yatırdım. Əynimə pampers geyindirmişdilər, dolub daşırdı, ayağımdan aşağı nəcis axırdı. Gəlib, araya qoyub, aşağılayıb, gülürdülər. Yeməyə də elə o vəziyyətdə aparırdılar. Öz qabaqlarından qalmış yemək “otxodlarını” qabağımıza tökürdülər, sonra da sayırdılar, tutaq ki, 10 deyəndə gərək yeməyi bitirəydik. Halbuki qollarımız arxaya qandallı, gözlərimiz bağlı, əlbəttə ki, yeyə bilmirdik. Su istəyəndə gətirib ağzımıza çöp qoyurdular, suya çatanda çöpü çəkirdilər, gülüşürdülər. İnsanlığa sığmayan belə işgəncələr...”

Zərərçəkən danışdıqca sözləri boğazında düyünlənirdi, özünü ağlamaqdan zorla saxlayırdı. O deyirdi ki, üzünə 41 hərbçi yoldaşı qoyulub. Toka verilib, suda boğulmalara məruz qalıb və sair: “Mənim arxamı müayinə etmək üçün 26 dəfə stola çıxarıblar. Hər dəfəsində də aşağılanmışam. 40 gün batırıb, nəcisimin üstündə yatmışam”.

Sonra məhkəmə digər zərərçəkmiş Tural Qocayevi dindirib.

O da başına gələnlərə baxmayaraq, hazırda Müdafiə Nazirliyinin hərbi hissələrindən birində komandirin tərbiyəvi işlər üzrə müavini işləyir.

Tural Qocayev əvvəlcə bildirdi ki, 17 ildir orduda xidmət edir, bunun 15 ili cəbhə xəttində keçib. Aprel döyüşlərində iştirak edib. Şəxsən general Hikmət Həsənov həmin döyüşlərdəki iştirakına görə ona qol saatı hədiyyə edib. 44 günlük müharibədəki iştirakına görə isə Prezidentin sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalıyla təltif olunub.

Tural Qocayev özü barədə məlumatları verdikdən sonra 2017-ci ilin may ayına qayıdır. Deyir ki, mayın 4-də məzuniyyətə buraxılıb, Qazaxa – evinə gedib. Bir neçə gün sonra azyaşlı övladlarının müalicəsinə görə ailəsi ilə Bakıya gəlib, bu zaman ona hərbi hissədən zəng olub, bildirilib ki, xaricə kurs keçməyə göndərilir, təcili toparlanıb hərbi hissəyə qayıtmalıdır. Yola düşüb, yolda olarkən hərbçi qardaşı ona zəng vurub, ailənin başını aşağı edəcək hər hansı əməli olub-olmadığını soruşub. Elə yolda ikən onunla danışan hərbi hissə yoldaşı ilə əlaqəsi kəsilib. Öyrənib ki, onu hərbi polisə aparıblar. Dalıyca gedib, özünü də saxlayıblar:

“Məni ordan hərbi hissəyə gətirdilər. Hikmət Həsənov da orda idi. Hərbi hissənin binasından gələn insan uğultusundan qulaq tutulurdu. İlahi, qışqırtılar, yalvarmalar, sanki eyni vaxtda yüzlərlə insana işgəncə verilirdi. Vahimədən az qalırdı adamın ürəyi partlasın. Hərbi hissənin qarşısında dayanmışdım. Hər yer qan idi. İnsanları lüt soyundurub qan içərisində uzandırmışdılar, əl-qolları qandallı, gözləri bağlıydı. Nə baş verdiyini hələ də dərk edə bilmirdim. İnanmazsız, adamları “Kamaz”larla gətirirdilər, “Kamaz”ların kuzasından yerə - asfaltın üstünə kartof kisəsi kimi götürüb atırdılar. Kimsə qışqırırdı ki, bu vətəni satanları da yığın içəri. Gözümün qabağında lüt soyundurulmuş və işgəncə görmüş bir zabiti çamadan kimi qatladılar, dörd tərəfə skoçladılar, maşının baqajına yerləşdirə bilmirdilər, basırdılar ki, baqaj bağlansın. Mənə yaxınlaşan yox idi. Məni gətirən sürücü dedi, burdan uzaqlaşaq. Elə maşını işə salıb yerindən tərpənəndə arxadan fit çaldılar. Sonra da hər şey iki dəqiqənin içərisində baş verdi”.

niye son.jpg (138 KB)

Zərərçəkən danışır ki, onu da lüt soyundurublar, gözlərini bağlayıblar, qollarını arxadan qandallayıblar. Hərbi hissənin içərisində isə işgəncələr başlayıb: “Allah heç kəsə göstərməsin. 22 gün mən orda nələr yaşadım... Xayalarıma tok verdilər, bütün qap-qara idim (aşağı ətraflarını göstərir), başıma əski atıb, suda boğurdular...

Zərərçəkən işgəncələrdən danışdıqca sözlər boğazında düyünlənirdi: “SAT-ın uşaqları idi bizə işgəncə verənlər... Heç itlə elə davranmazlar, necə ki, bizimlə davranırdılar. Hər gün işgəncə, hər yer qan gölməçəsi... Bizi yeməyə aparanda da, tualetə aparanda da aşağılayırdılar. Baxırdın ki, özündən rütbəcə, yaşca kiçik birisi sənin arxana təpik vura-vura tualetə aparıb-gətirir, dözülməz idi... Qollarımız arxamıza qandallı, gözümüz bağlı, başımızdan basırdılar ki, yeyin. Yeməklər də öz qabaqlarından qalmış “otxodlar” olurdu. Elə vaxt olurdu ki, gətirib elə işgəncə yerində yerə tökürdülər yeməyi... Elə bil it qabağına tökürlər. Yemək palçığa, nəcisə qarışırdı, yeyə bilmirdik”.

Tural Qocayev işgəncə yerində general Hikmət Həsənovu, Babək Səmidlini gördüyünü deyir: “General Hikmət Həsənov birbaşa işgəncələrə nəzarət edirdi. 1-ci Korpusun komandir müavini Babək Səmidli də ora gəlirdi. (44 günlük müharibədən bir neçə gün sonra minaya düşərək həlak olub). Qara, yekə CİP-də gəlirdi, gözündə qara eynək... Nə qədər qışqırdımsa Hikmət Həsənov, mənim günahım yoxdur, üzünü o tərəfə çevirdi”.

Mayın 29-da vətən xaini söhbətindən “təmiz çıxanların siyahısı elan olunanda Tural Qocayevin də adı çəkilib. Daha bir neçə gün orda qaldıqdan sonra evə buraxılıb: “Mənə çox çətin idi. Hələ də bilmirdim ki, ailəmin baş verənlərdən nə qədər xəbəri var. Düşünürdüm, bəlkə də elə bilirlər xaricdə kursdayam. Bədənimdə qaradan, göydən başqa rəng yox idi. Bilmirdim ki, işgəncə izlərini necə gizlədim. Oğlum dedi, ata, qonşular uşaqları mənimlə oynamağa qoymurlar, deyirlər, onun atası erməniyə satılıb. Atamsa məni görüb, infarkt keçirdi”.

Sonradan Tərtər Hərbi Prokurorluğunda Tural Qocayevə qondarma cinayət işi açmaq istəyiblər. Guya 2015-ci ildə işlədiyi hərbi hissədə generator almaq adıyla pul yığıb və mənimsəyib. Deməsinə görə, buna görə hərbi hissədən saxta şahidlər də tapılıb. Ancaq o, İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edəndən sonra işə xitam verilib.

Məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam edir.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10