Azər Rəşidoğlu: “Artıq illərdir ki, ideoloqlar belə informasiyaları məqsədli şəkildə yayırlar”
Natiq Cəfərli: “Böyük ehtimalla payız aylarında refendum keçiriləcəyinin şahidi olacağıq”
Bu ilin payız aylarında Azərbaycanda konstitusiya referendumunun keçirilməsi gözləntiləri artır. Referendumun keçirilməsi proqnozlarını artıran amillərdən biri də dövlət büdcəsinə dəyişiklikdə seçkilər üçün vəsaitin xeyli artırılmasıdır. Qeyd edək ki, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat - 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılıb. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50 faiz yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Mütəxəssislər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyi ehtimalını artırır.
Yeri gəlmişkən, bir müddət öncə Milli Məclisin müxalif REAL Partiyasından olan deputatı Erkin Qədirli də açıqlamasında referendumun keçiriləcəyinə işarə etmişdi. Millət vəkili bildirmişdi ki, bu ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir.
Deputatın sözlərinə görə, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib: “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50 faiz artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”.
Ekspertlər hesab edirlər ki, bir sıra amilləri nəzərə alsaq, referenduma ehtiyac yaranıb. Hesab edilir ki, parlamentdə deputat sayının artırılması, proporsional seçki sisteminin bərpası, yerli icra hakimiyyətlərinin ləğvi, ölkədə vilayətlər formasında idarəçilik modelinə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi məsələlər referendumu, konstitusiya dəyişikliyini labüd edir.
Amma bunun əksini düşünənlər də var. Referenduma ehtiyac olduğunu, amma hökumətin buna getməyəcəyini, hazırkı ictimai-siyasi vəziyyətin referendum keçirmək üçün hakimiyyətə sərf etmədiyini söyləyən kəsim hesab edir ki, “payızda referendum keçiriləcək” iddiası məqsədli şəkildə ortaya atılıb, sadəcə rəyi yoxlamaq üçündür.
Siyasi icmalçı Azər Rəşidoğlu AYNA-ya bildirib ki, Azərbaycanda proporsional seçki sistemi bərpa edilməlidir: “Çünki demokratik dünya bu seçki sisteminə üstünlük verir. Lakin hesab etmirəm ki, yaxın aylarda bu seçki sistemi bərpa ediləcək və bununla bağlı referendum keçiriləcək. Artıq illərdir ki, ideoloqlar belə informasiyaları məqsədli şəkildə yayırlar. Kiçik partiyalar isə üzvlərinin transferinin qarşısını almaq üçün belə məlumatları tirajlayırlar. Bu, illərdir davam edir”.
“Ümumiyyətlə, fikrimcə, Azərbaycanda tam proporsional sistem heç vaxt bərpa edilməyəcək. Yarı proporsional, yarı majoritar seçki sisteminin bərpasından söhbət gedə bilər. Əlbəttə, siyasi partiyaların inkişafı və cəmiyyətin siyasiləşməsi prosesinin başa çatması üçün proporsional sistem daha məqbuldur. Amma bizdə indi başqa proseslər gedir”, - Rəşidoğlu əlavə edib.
Analitikin sözlərinə görə, hazırda gedən proseslər fərqlidir: “Kiçik partiyalar sıradan çıxardılır. Rusiya – Ukrayna savaşı davam edir. İranla münasibətlər gərgindir. Türkiyədə inflyasiya və siyasi böhran dərinləşir. Belə bir gərgin vəziyyətdə erkən seçki, özü də proporsional seçki sisteminə keçid, sonradan parlament seçkilərinin keçiriləcəyi inandırıcı deyil. Çoxsaylı partiyalar arasında kənar maraqlara xidmət edə biləcək qüvvələrin də olacağı ehtimalı mövcuddur. Odur ki, demokratik və şəffaf seçki hələ ki, real deyikl”.
A.Rəşidoğlu əmindir ki, növbəti seçkilər də majoritar sistem əsasında keçirəcək: “Yalnız ondan sonra, geosiyasi sabitlik nisbətən bərpa ediləndən sonra proporsional seçki sisteminin bərpası barədə düşünülə bilər. O da təkcə proporsional seçki sistemi yox, qarışıq sistem əsasında”.
“Nəzərə almaq lazımdır ki, ölkədə də vəziyyət qeyri-müəyyəndir. Adətən seçki prosesi gərginliyə səbəb olur. Qeyd etmək lazımdır ki, bölgələrdə sosial-iqtisadi vəziyyət ürəkaçan deyil, məmur özbaşnalıqları mövcuddur. Bu vəziyyətdə seçkilər əlavə problem yarada bilər. Ona görə də düşünürəm ki, belə bir vəziyyətdə iqtidar risk edə bilməz”, - deyə analitik fikrini davam etdirib.
Rəşidoğlu onu da deyib ki, hazırki geosiyasi reallıqlar müstəvisi də fərqlidir: “Hələlik hakimiyyətin qarşısında xeyli problemlər var. Ən mühüm məsələ isə Ermənistanla Azərbaycan arasında mövcud problemin həlli, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasıdır”.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü, İcra Aparatının rəhbəri Natiq Cəfərli isə payızda referendum keçiriləcəyinə inananlardandır. Siyasətçi AYNA-ya deyib ki, ilin sonunadək referendum keçirilə və Konistitusiyaya dəyişikliklər edilə bilər: “Buna doğrudan da zərurət var. Bu ilin büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər 50 faizə yaxın artırıldı. Bu, sıradan artım deyil”.
“Ölkənin inzibati ərazi vahidinin, həm də idarəetmə formasının yenidən təşklili üçün çox mühüm qərarlar verilməlidir. Biz bunu dəfələrlə qaldırmışıq. Daha oprtimal və effektli idarəetmə institutlarının təşikili, seçki sistemində dəyişiklik, proporsional sistemin bərpası kimi məsələlər həll edilməlidir. Bunun üçün də referendum, Konistitusiya dəyişiklikləri şərtdir. Böyük ehtimalla payız aylarında refendum keçiriləcəyinin şahidi olacağıq”, - REAL səlahiyyətlisi vurğulayıb.
Anar Bayramoğlu/ayna.az