Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İtlə eyni qabdan yemək yeyən ən varlı ölkə başçısı


Bu dəfə dünyanın ən varlı monarxlarından sayılan Tailand kralı Maha Vaçiralonqkorn barədə danışacağıq. Dünya mediası Tailand kralından bəhs edərkən onun haqqında ən ekstravaqant kral ifadəsini işlədir. Səbəbsiz deyil, əlbəttə.

Onun sərvəti, ən az 56 milyard avro dəyərində qiymətləndirilir. O, tez-tez dəbdəbəli toyları, səs-küylü boşanmaları, təntənəli məclisləri və digər dövlət başçılarının ancaq xəyal edə biləcəyi şıltaqlıqları  ilə qəzetlərin gündəmini dəyişir. Məsələn, pandemiya zamanı Maha Vaçiralonqkorn özünü Almaniyanın ən bahalı kurortlarından birində 20 cariyə ilə birgə dünyadan təcrid etmişdi. 

Tailandda krala məhəbbət ümumi əhval-ruhiyyədən çox, hakim sülaləyə hörmət etməyənləri cəzalandıran ölkə qanunlarının sərtliyi ilə diktə olunur. Buna görə də tailandlıların ona münasibəti qibtəedilməzdir. Xalq gizli-gizli daha ağıllı və sabit kral arzusundadır.  

Maha dörd dəfə evlənib, üç dəfə boşanıb. Vəliəhd ilk dəfə öz istəyinə zidd olaraq əmisi qızı ilə evləndirilib. O evlənsə də, xanımından ayrı yaşayıb. Sevgilisi aktrisa Yuvadxida ona 5 övlad bəxş edib. Kral birinci arvadından boşansa da, sarayda yaşayır. Mahanın aktrisa sevgilisi günün birində uşaqlarını və küllü sərvəti götürüb saraydan qaçınca qəzəbə düçar oldu. O arvadını ölkə marşallarından biri ilə xəyanətdə ittiham edərək, onu bütün dünyada biabır etdi, lakin bu ayrılığın acısını çıxarmaq üçün gecələr barlarda fahişələrlə zaman keçirir, gündüzlər rəsmi görüşlərə sevmədiyi birinci xanımı ilə qatılırdı.

2001-ci ildə Maha yenidən evləndi. O keçmiş qarson qızı saray şahzadəsinə çevirdi. Dünya mediasında unudulmaz görüntülər yayıldı. Gələcək kral və çılpaq xanımı öz itlərinə ziyafət verərkən kameralara yaxalandılar. Kral və kraliça diz üstə çöküb itlə eyni boşqabdan yemək yeyirdilər.

2014-cü ildə bu arvadından da boşanan kral onu titullarından məhrum etdi, oğluyla görüşməyi də yasaqladı.

Atası öldükdən sona taxta çıxan Maha stüardessa ilə evləndi. Yeni kraliçanın kralın ayaqları altında uzanmış şəkli mediada bomba effekti yaratdı. Onunla evliykən özünə Niramon adlı xanımı rəsmi məşuqə elan edən kral məşuqəsinə aviasiya marşalı rütbəsi versə də, 2019-cu ildə həddini aşmış sevgilisinin bütün titullarını əlindən alaraq qovdu.

Kralın qalmaqalları yalnız qadınlarla bağlı deyil.

Kral tez-tez şübhəli reputasiyaya malik biznesmenlərin, qanqsterlərin əhatəsində görünürdü. Kralın öz yanında çalışan xidmətçiləri ilə qəddar davranışı barədə də söhbət gəzirdi.

Cah-cəllalı həyata alışmış kral pulu xəzəl kimi səpələyir. Hələ yeniyetməykən ölkənin nazirləri gələcək krala çox bahalı hədiyyələr bağışlayırdılar. Saraylar, torpaq sahələri, xaricdə böyük mülklər... Məsələn 16 yaşı olarkən ona "F-16" qırıcı təyyarəsi bağışlanmış, aviasiya marşalı titulu verilmişdi.

Könlünə pitza düşəndə İtaliyaya bunun üçün xüsusi təyyarə göndərirdi. Avropada gəzməyi sevən Maha Münhendən 12 milyon dollara villa alıb, bu şəhərin küçələrində 200 min dollarlıq lüks avtomobildə gəzməyi sevir.

Kralın xarici görünüşü də az təəccüb oyandırmır. 2016-cı ildə o Münhenə demək olar ki, yarıçılpaq halda uçmuşdu. 63 yaşlı kral yırtıq cinsdə və qısa topda görüntülənmişdi. Bədənini örtən tatular da müzakirə mövzusu olmuşdu.

Tailandlılar ondan narazı olsalar da susmağa məcburdular. Kral haqqında tənqidi fikir söyləyəni 15 il həbs cəzası gözləyir. Kim ağzını açmaq istəyər ki?

 lent az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10