Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

MİQ qalmaqalı səngimir: ortada ağır ittihamlar var


Kamran Əsədov: “Baş verənlər ciddi faktlardır, hətta cinayət kimi qiymətləndirilə bilər”

İlqar Orucov: “İmtahana kölgə salmağa çalışan insanlar hazırlığı olmayanlardır”

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları başa çatıb. İmtahandan çıxan əksər müəllimlər sualların olduqca çətin olduğunu, ələlxüsus kurikulumdan çətinlik çəkdiklərini bildiriblər.

Bundan başqa, sosial şəbəkədə, müxtəlif “Whatsap” qruplarında, “Telegram” kanallarında daha sərt iddialar və ittihamlar yayılıb. İştirakçıların iddialarına görə, imtahan prosesi zamanı ciddi qanun pozuntularına yer verilib. Məsələn, belə ittihamlar var ki, imtahan zallarında “rezerv” oturacaqlar olub, həmin yerlər xüsusi şəxslər üçün nəzərdə tutulub və hansısa “imtiyazlı” iştirakçı yaradılmış bu xüsusi imkandan yararlanıb.

Bütün bunlara paralel olaraq, bəzi deputatlar, təhsil ekspertləri də Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən təşkil olunan MİQ imtahanlarını sərt tənqid edirlər. Tənqidlərin hədəfində həm imtahanların misli görünməmiş şəkildə çətinliyi, lüzumsuz sualların salınması, həm də yuxarıda qeyd olunduğu kimi, qanun pozuntuları dayanır.

Mövzu ilə bağlı AYNA-ya danışan təhsil eksperti Kamran Əsədov deyib ki, son imtahanlar bir daha ETN-in imtahan təcrübəsinin olmadığını aydın şəkildə ortaya qoydu: "Sualların imtahandan bir gün əvvəl qruplarda müzakirə olunması sualların sızdırıldığını, paylaşıldığını, əvvəlcədən ötürüldüyünü göstərir. Bunu edən imtahan suallarının tərtib edilməsi tapşırılmış təlimçilərdir. MİQ imtahanlarında təlimçilərin təqdim etdiyi suallardan istifadə edilir. Təlimçilər də onların təlimlərində iştirak edənlərə sualları ötürürlər”.

“Təlimlərdə iştirak edənlər suallarla tanışdır, hansı sualların imtahana salınacağını bilirlər. Təlimlərdə iştirak etməyənlərlə edənlər arasında ayrı-seçkilik yaranır, birincilərin hüquqları pozulur. Burada obyektivlikdən danışmaq mümkün deyil artıq”, - deyə həmsöhbətimiz bildirib.

Əsədovun sözlərinə görə, ETN yalnız özünün, həmçinin hansısa kursun, mərkəzin və ya repetitorun maraqlarına xidmət edir: “Baş verənlər ciddi faktlardır. Hətta sadaladığım nüanslar cinayət kimi qiymətləndirilə bilər. Yəni bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycanda hər hansı bir imtahanı keçirmə bacarığı, biliyi yoxdur”.

ETN yanında İctimai Şuranın üzvü İlqar Orucov isə AYNA-ya açıqlamasında fərqli fikirlər səsləndirib. Məsələn, o, imtahan suallarının çətin olmadığı qənaətindədir.

“Pedaqoqlara şagirdlərin taleyi etibar edilir. Bu baxımdan müəllimlərin işə qəbulu məsələsinə ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, nəinki sualları yüngülləşdirmək, əksinə, zamanla daha da çətinləşdirmək lazımdır”, - deyə müsahibimiz söyləyib.

Şura üzvünün dediyinə görə, MİQ imtahanlarında sualların çətinliyinə dair fikirləri bu imtahanlarda zəif nəticə göstərən namizədlər yayırlar: “Digər tərəfdən isə Elm və Təhsil Nazirliyinin fəaliyyətini tənqid etməyə adət etmiş, bunu öz gündəlik fəaliyyətinə çevirmiş ekspertlər MİQ imtahanları ilə bağlı əks-təbliğat aparırlar”.

“MİQ imthanlarında kurikulum sualları imtahandan çıxarıla bilməz. MİQ imtahanlarında kifayət qədər yüksək bal toplayaraq müəllim adına uyğun namizədlər var. İmtahan sualları çətin olsaydı, yüksək bal toplayanlar olmazdı. İmtahana kölgə salmağa çalışan insanlar hazırlığı olmayanlardır”, - deyə Orucov iddia edib./Azər Niftiyev 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10