Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Simonyan və Sobçakı kim və niyə öldürmək istəyib? - Baş tutmayan qətlin gözlənilməz tarixçəsi


Bu gün Rusiyanın Federal Təhlükəsizlik Xidməti belə bir qalmaqallı xəbər yayıb ki, guya RT telekanalının baş redaktoru Marqarita Simonyanın və jurnalist Kseniya Sobçakın qətlinin qarşısını alıb.

Yayılan ilkin informasiya cəmi bir cümlədən, yuxarıda qeyd olunan sözlərdən ibarət idi və ən azı iki saat “əlavə olunur” qrifi ilə tirajlandı. Daha sonra informasiyaya əlavələr oldu və iddia edildi ki, qətli Ukrayna Silahlı Qüvvələri sifariş edibmiş, sifarişçilər tutulub, onlardan "Kalaşnikov" avtomatı, onlarla patron, həmçinin bıçaqlar, dəyənəklər, nasist simvolları və ədəbiyyatı götürülüb.

Daha sonra həbs edilənlərdən birinin qolu arxadan bağlanmış halda videosu yayıldı, başı qırxılmış (ya tutulandan əvvəl, ya da sonra), idmançı cüssəli gənc kamera qarşısında Marqarita Simonyanın həyatına qəsd hazırladıqlarını etiraf etdi. Onun əynində üzərinə “Kalaşnikov”la silahlanmış maskalı döyüşçü (terrorçu) şəkli həkk olunmuş tişort vardı. Bu gənc adam sui-qəsdçilər dəstəsinin başçısı kimi qələmə verildi və özü də dedi ki, digər yoldaşları həddi-büluğa çatmamış yeniyetmələrdir.

Açığı, ilk informasiya da inandırıcı deyildi, sonra əlavə olunan və video ilə “təsdiqlənən” məlumat da inandırıcı görünmədi, hətta bu işin qurama olduğuna şübhələri artırdı.

Çox güman ki, bu Rusiya və Ukrayna arasında gedən qanlı müharibə ilə paralel aparılan informasiya müharibəsnin tərkibinə daxil olan epizoddur, yeni bir həmlədir. Rusiya FTX-sı bu üsulla rəsmi Kiyevi terrorizmə əl atmaqda təqsirləndirmək istəyir. Bu ittiham özünü çox gözlətmədi, Rusiyanın Xarici İşlər Nazirliyinin məşhur sözçüsü Mariya Zaxarova jurnalistlər Marqarita Simonyan və Kseniya Sobçaka qarşı sui-qəsd cəhdini “Vladimir Zelenski rejiminin terror xarakterli olmasının” növbəti təsdiqi adlandırdı.









 


Zaxarovanın sözlərinə görə, Simonyan və Sobçaka qarşı sui-qəsdin sifarişçisi “Qərb kuratorları tərəfindən diqqətlə qorunan” Kiyev rejimidir. "Hazırda hüquq-mühafizə orqanları bütün təfərrüatları araşdırır, lakin artıq aydındır ki, uğursuz sui-qəsdin səbəbi rusiyalı jurnalistlərin peşəkar fəaliyyəti olub".

Bəs ittihamlarda inandırıcı olmayan nədir?

1. İddia olunan qatillərin uşaq, başçılarının isə gənc olması. (İki məşhur jurnalistin beynəlxalq qalmaqal doğuracaq qətli uşaq-muşağa tapşırılardımı ki, onlar hələ kəşfiyyat apararkən ifşa edilsinlər?)

2. Qətli sifariş edən “düşmən strukturu” qismində Ukrayna Silahlı Qüvvələrinin adının çəkilməsi. (Prinsipcə, belə işlərlə başqa strukturlar məşğul olur, silahlı qüvvələrin işi cəbhədə vuruşmaqdır. Görünür, məhz bu qurumun “terakt sifarişçisi” kimi qələmə verilməsi vacibdir).

3. Tutulan şəxslərin üzərindən odlu silahlarla yanaşı, bıçaqların, dəyənəklərin, nasist simvollarının və ədəbiyyatın tapılmasının iddia olunması. (Əgər heç bir döyüş təcrübəsi olmayan “qatillər” jurnalistləri “Kalaşnikov”la güllələyəcəkdilərsə, üstlərində dəyənək və ədəbiyyatı niyə gəzdirirdilər? Jurnalistlərin güllə ilə ölmədiklərini görərək onları yenidən dəyənəklə vuracaqdılar və başlarının üstündə nasist ədəbiyyatından parçalar oxuyacaqdılar?)

4. Qətlin qurbanları olaraq iki qadın jurnalistin seçilməsi. (Qətlin sifarişçisi həqiqətən Ukraynanın hansısa dövlət strukturudursa, Ukraynaya real od püskürən hərbçiləri, nifrət ifraz edən siyasətşi, aparıcı kişiləri bir kənara qoyub nədən qadın jurnalistləri seçir?

5. Terrorçunun etiraf videosunda buraxdığı səhvlər. (Kamera qarşısında danışan gənc dedi ki, kəşfiyyat işlərini başa çatdırıb lazımi adamara məruzə edib, yaxın günlərdə onlara silah veriləcəkmiş. Ancaq FTX-nin yaydığı informasiyada gənc və yeniyetmə terrorçulardan artıq “Kalaşnikov” silahının tapıldığı iddia olunur).

Dərinliyə varanda, daha diqqətlə incələyəndə bu iddia-ittihamda daha ziddiyyətli məqamlar da tapmaq olar.

Görək FTX bu işin mabədində ortaya inandırıcı dəlil-sübutlar, konkret bağlılıqlar və gerşək ad-soyadlar qoya biləcəkmi?

Yazının ilk yayımlanma zamanı 15.07.2023, saat 20:01

Araz Altaylı, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10