Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qardaşı arvadına sataşanı küçədə öldürdü - Qadın şikayətçi olmadı - TƏFƏRRÜATLAR


2019-cu il mayın 8-də Sumqayıt şəhəri Sülh küçəsində 1984-cü il təvəllüdlü Emin Kərimov bıçaqlanır. Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmur. Həmin gün şübhəli şəxs qismində şəhərin 2-ci mkr-da yaşayan, əvvəllər məhkum olunmayan 1970-ci il təvəllüdlü Şəmsəddin İbrahimov saxlanılıb.

  Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  KİV-nə açıqlama verən mərhumun atası bildirib ki, oğlu böhtan və xuliqanlığın qurbanı olub. Onun sözlərinə görə, İbrahimov qardaşları ağır cinayəti şərəf və ləyaqətlərini qorumaq üçün törətdiklərini bildirsələr də, ilkin istintaqda bu təsdiq olunmayıb.

  İyulun 20-də 1985-ci il təvəllüdlü Yaşar İbrahimov da təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Amma 5 gündən sonra barəsində həbsqəti imkan tədbiri qərarı ləğv edilib və o, İstintaq Təcridxanasından həbsdən azad olunub. Avqustun 22-də keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilib ki, Yaşar İbrahimov anlaqsız hesab olunmalıdır. O, öz hərəkətlərini idarə etmək iqtidarında deyil.

  İstintaqla müəyyən edilib ki, “xroniki sayıqlama pozuntusu”ndan əziyyət çəkdiyi üçün hərəkətlərinin faktiki xarakterini dərk etməyənı Yaşar İbrahimov qardaşı Şəmsəddin İbrahimova, Emin Kərimovun onu və həyat yoldaşını təqib etməsini, arvadı ilə olan fotoşəkillərini sosial şəbəkələrdə yaydıqlarını, buna görə də polisə şikayət etmək istədiyini bildirib. Məsələyə aydınlıq gətirməyən Şəmsəddin Yaşarın söylədiyi sözləri həqiqət kimi qəbul edib və heç bir əsaslı səbəb olmadan Emin Kərimovu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədi ilə 2-ci mikrorayonda yaşadığı mənzildən bıçaq götürüb və Eminin iş yerinin qarşısına gəlib. Mobil telefondan Emin Kərimova zəng edib və çölə çıxmasını deyib. Yaşara qarşı etdiyi əxlaqsız hərəkətlərinə görə iradını bildirəndə, Emin bunu inkar edib. Emin Yaşarın arvadı ilə ümumiyyətlə münasibəti olmadığını və ona qarşı nalayiq hərəkətlər etmədiyini bildirib. Buna baxmayaraq Şəmsəddin gödəkçəsinin cibindən çıxardığı bıçaqla, qəsdən, 3 dəfə zərbə endirməklə zərərçəkmişi həyatdan məhrum edib.

  İş üzrə dindirilmiş Şəmsəddin İbrahimov bildirib ki, Yaşıllaşdırma idarəsində sahə ustası işləyib. Emin Kərimovu əvvəllər tanımayıb:

“Hadisədən təxminən 6 ay əvvəl Yaşar mənə məhəllədə Emin adlı şəxsin ona və arvadı Kəminəyə sataşdığını, yoldaşına intim münasibətdə olmağı təklif etdiyini və onun özünü də nalayiq ifadələrlə təhqir etdiyini dedi. Bildiyimə görə, Yaşarın qaynı Samir də bununla bağlı Eminlə görüşüb, söhbət edib və Samir deyilənlərin həqiqət olmadığını söyləyib. Bundan sonra, Yaşarın dediyinə görə, məsələ bir qədər də böyüyüb. Eminin dostları hər dəfə görəndə, Yaşarı ələ salıblar, işlədiyi köşkün üzərində nalayiq ifadələr yazıblar. Həmin şəxslər “Whatsapp”da qardaşımın və onun arvadının şəkillərini yayıb, şəxsiyyətlərini alçaldıblar. Buna görə, Yaşarın dediklərini yoxlamaq qərarına gəldim. Həqiqətən də, naməlum şəxslərin qardaşıma sataşdıqlarını, blokun qabağında toplaşdıqlarını, hətta Eminin qardaşımın arvadına yaxınlaşdığını gördüm. Hadisədən təxminən 3 ay əvvəl Emin Kərimovun iş yerinə getmişəm. Bu haqda söhbət edib, ondan tələb etdim ki, dostları ilə birlikdə qardaşımdan əl çəksin. Emin isə cavabında, Yaşarı təhqir etmədiklərini dedi.

2019-cu il mayın əvvəllərində qardaşım mənə hər yerdə biabir olduğunu, tanışlarının ona salam vermədiyini və artıq belə yaşaya bilmədiyini söylədi. Mayın 8-i səhər saat 11 radələrində qardaşım yanıma gəlib, yoldan keçən avtomobildə əyləşmiş şəxslərin onu söydüklərini və polisə müraciət etmək istədiyini bildirdi. Buna görə, Eminə zəng etdim. Emin iş yerində olduğunu deyəndə, mənzilə qalxdım və bıçaq götürdüm. Yaşarla birlikdə Eminin iş yerinə getdim və zəng vurub, ondan çölə çıxmasını tələb etdim. Axırıncı dəfə xəbərdarlıq etdiyimi xatırlatdıqda, Emin nalayiq ifadələrdə təhqir edib, mənə yumruq atdı. Həmin vaxt Yaşar təxminən 30-40 metr aralıda dayanmışdı. Şalvarımın arxa cibindən bıçağı çıxarıb, Eminin qarınına bir zərbə vurdum. Kərimov yerdən dəmi borunu götürüb, alnıma xəsarət yetirdi. Yaşar bizi aralamaq istədikdə, həmin alətlə qardaşımı da vurdu. Növbəti bıçaq zərbəsindən sonra, Emin yerə yıxıldı. Hadisə yerinə gələn Eminin iş yoldaşlarına polisə məlumat vermələrini dedim”.

Hadisə olan yer

Şəmsəddin İbrahimov qeyd edib ki, Emin Kərimovun iş yerinə, onu öldürmək məqsədi ilə getməyib. Məqsədi onunla görüşüb, bu məsələni aydınlaşdırmaq olub.

  Zərərçəkmiş şəxsin hüquqi varisi Elçin Kərimov ifadəsində göstərib ki, kiçik qardaşı Emin Kərimov valideynləri ilə birlikdə yaşayıb:

“Təqsirləndirilən Şəmsəddin İbrahimovla eyni orta məktəbdə oxuyurdular. 2019-cu il mayın 8-də qardaşımın iş yerində öldürüldüyünü bilib, dərhal Sumqayıta gəldim. Yaşar İbrahimovun arvadına sataşdığına görə Eminin qətlə yetirilməsi barədə heç bir əsası olmayan söz-söhbətləri eşitdim. Həqiqətdə qardaşım namuslu, hərəkətlərinə və davranışına nəzarət edən insan idi. Tam məsuliyyəti ilə deyə bilərəm ki, Emin Yaşarın yoldaşına sataşmayıb. Hesab edirəm ki, Şəmsəddin Emini səbəbsiz yerə qətlə yetirib”.

  Şahid Rövşən Məmmədzadə bildirib ki, Eminin iş yoldaşıdır:

“Emin Kərimovu sakit bir insan kimi tanıyırdım. Mayın 8-i saat 11 radələrində iş yerinin qarşısında dayanan avtomobilin sürücüsünə, nəqliyyat vasitəsini ordan uzaqlaşdırmasını demək üçün çölə çıxdım. Bu zaman Şəmsəddin İbrahimovun bıçaqla Emin Kərimova hücum etdiyini, Eminin arxaya çəkilərək, əlləri ilə müdafiə olunduğunu və sol qolundan qan gəldiyini gördüm. Binadan müdir çıxaraq, onlara tərəf qaçdı. Şəmsəddin artıq Eminə zərbələr vururdu. Əlində bıçaq olduğundan, yaxınlaşıb, onları aralamağa qorxdum. Emin yerdən götürdüyü dəmir parçası ilə Şəmsəddinin üzərinə getdikdə, o yola tərəf qaçdı. Yaşar İbrahimov hadisəni kənardan izləyirdi. Hadisə barədə məlumat verməkdən ötrü ofisə daxil oldum. Daha sonra, Emini yerdə uzanıqlı vəziyyətdə gördüm. İşçilər TTY avtomobilinin gəlməsini gözləmədən onu xəstəxanaya apardılar. Bundan sonra Şəmsəddinlə Yaşar yola çıxaraq “KİA” markalı mikroavtobusa əyləşdilər. Rəşad Hacıyev və daha 2 işçi yolun Sumqayıt şəhəri istiqamətinə gedən hissəsinə keçib, sürücüyə dayanmasını bildirdilər və qardaşları düşürtdülər. Nəyə görə Emin Kərimovu vurduğunu soruşanda, Şəmsəddin bunu namus üstündə etdiyini, bu barədə zərərçəkmişə 3-4 ay əvvəl xəbərdarlıq etdiyini qeyd etdi.

Hadisə yerindən tapılan bıçaq

İki işçimiz danışırdılar ki, Emin neçə müddətdir bir nəfərin onu bezdirdiyini, hər dəfə qardaşının arvadına sataşdığını bildirib. Lakin o, heç kimin arvadı ilə münasibətdə olmadığını və heç kimə sataşmadığını deyib”.

  Şahid Kəminə İbrahimova ifadəsində göstərib ki, Yaşar İbrahimovla 2014-cü ildə ailə həyatı qurub. 10-cu mikrorayonda yaşayıblar:

“Yaşar həddən artıq qısqanc insan idi. Evli olduğumuz müddət ərzində mobil telefon işlətməyə, evdən tək çölə çıxmağa, kiminləsə ünsiyyət qurmağa, hətta eyvandan paltar asmağa icazə vermirdi. Son 8-9 ay yoldaşım mənə kiminsə onu təqib etdiyi, məhəlləyə düşəndə və ya məscidə gedəndə adamların ona tərs baxdıqlarını deyirdi. Yaşara bir neçə dəfə psixiatrа мüraciət etməyi təklif etsəm də, o, dəli olmadığını və həkimə ehtiyacı olmadığını bildirdi. Hadisədən bir neçə ay əvvəl qaynım Şəmsəddin məndən, eyvanımıza kiminsə baxıb-baxmadığını soruşanda, belə bir halın baş vermədiyini söylədim.

Məni heç kim izləmirdi. Mayın 8-də günorta evə gələn Yaşar Şəmsəddinin Emin Kərimovu bıçaqlayıb, öldürdüyünü bildirdi”.

Emin Kərimov

Şahid əlavə edib ki, Emin Kərimovu heç vaxt görməyib.

  Şahid Samir Bağırov bildirib ki, hadisədən təxminən 9 ay əvvəl bacısının əri Yaşar İbrahimov Emin adlı şəxsin onun arxasınca düşdüyünü deyib:

“Məndən onu hansı səbəbdən izləməsini öyrənməyimi xahiş etdi. Eminə zəng edib, bu barədə soruşanda, o, Yaşarın başında problem olduğunu söylədi və müalicə almasını məsləhət gördü. Bundan sonra başa düşdüm ki, Yaşarın dedikləri sadəcə uydurmadır. Şəmsəddin İbrahimova böyük qardaş kimi ona ağıl verməyini dedim. Mayın 8-də gönorta bacım ev telefonundan mobil nömrəmə zəng edib, ərinin evə qolu əzilmiş vəziyyətdə gəldiyini və sonra polisə getdiyini bildirdi. Həmin gün Şəmsəddinin Emini öldürdüyünü bildim. Bu hadisədən sonra bacım atam evinə qayıtdı. Təxminən 3-4 gündən sonra Yaşar zəng edib, məndən xahiş etdi ki, arvadını və ya onu polisə çağırsalar, desinlər ki, güya Emin Kərimov onlara sataşıb, bu səbəbdən də qardaşı namus üstündə həmin şəxsi qətlə yetirib.

Yaşara belə bir şeyin mümkün olmadığını və bacımın adına söz çıxara bilməyəcəyimi deyib, telefonu söndürdüm. İbrahimovların doğmaları bir neçə dəfə bu cür məzmunlu xahişlərlə bacıma müraciət etsələr də, o, istintaqda hadisəni olduğu kimi danışacağını dedi. Samir Bağırov qeyd edib ki, Emin Kərimov Kəminə İbrahimovaya söz atmayıb və onu izləməyib”.

Eminin meyiti

  Məhkəmə iclasında Şəmsəddin İbrahimov ittiham üzrə özünü qismən təqsirli bilərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

  Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini istəyib.

  Məhkəmə nəticəyə gəlib ki, Şəmsəddin İbrahimovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilib.

  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəmsəddin İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub/lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10