"Azov"dalı türk "Fırtınası" yeni təlatümlər vəd edir.
Türkiyə Rusiyaya, onun Ukraynada apardığı işğalçı müharibəyə münasibətini dəyişir. Artıq rəsmi Ankaranın Moskvaya qarşı mövqeyini sərtləşdirərək, getdikcə Kiyevin mövqeyini daha çox dəstəklədiyi görünür.
Ötən həftənin əvvəlində məlum oldu ki, Türkiyə 155 millimetrlik “Fırtına” özüyeriyən artilleriya qurğusunu Ukraynaya vermək niyyətindədir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş operativ idarəetmə idarəsinin rəis müavini, ordu generalı Aleksey Qromov bildirib.
Qeyd edək ki, “Fırtına” Türkiyə ordusunun ən uzaqvuran top sistemidir. Bu sistem mərmidən asılı olaraq, 40 kilometr məsafəni vurur. “Fırtına” yüksək atəş sürətinə malikdir – 15 saniyə ərzində 8-25 kilometr məsafəyə üç dəfə atəş aça bilir. Hazırda Türkiyə ordusunda 300-dən çox “Fırtına” olduğu bildirilir. Bundan əlavə, bu ilin əvvəlində orduya təkmilləşdirilmiş “Fırtına II” özüyeriyən artilleriya qurğusu təhvil verilib.
Ukrayna prezidenti Volodimir Zelenskinin iki gün öncə Türkiyəyə səfəri zamanı isə daha ciddi razılaşmalar əldə olunub. İlk növbədə bu, Türkiyə PUA-larının Ukraynada istehsalının genişləndirilməsi ilə bağlıdır. Sənəd Türkiyə Sənaye Nazirliyi və Ukrayna Strateji Sənaye Nazirliyi arasında razılaşdırılıb, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski tərəfindən memorandum formasında imzalanıb. Ən son məlumata görə, artıq Ukraynada “Bayraktar” zavodunun təməli də qoyulub.
Prezidentlərin 2,5 saat davam edən görüşünün nəticəsi olaraq hələ bir il əvvəl Mariupolda əsir götürülən və sonradan Türkiyəyə təhvil verilən “Azov” batalyonunun komandirləri Denis Prokopenko, Svyatoslav Palmar, Serqey Volınskiy, Oleq Xomenko və Denis Şleqa Ukraynaya qaytarılıblar. Ukrayna prezidentinə təhvil verilən “Azov” komandirləri Vətənə qayıdan kimi döyüş əməliyyatlarına qatılmaq üçün geri döndüklərini bildiriblər. Halbuki, ümumi razılaşmaya əsasən, onlar müharibə tam bitənə qədər Türkiyə hökumətinin təminatı və nəzarəti altında Türkiyədə qalmalıydılar.
Ərdoğan Zelenski ilə görüşündə Ukraynanın NATO üzvlüyü perspektivinə də toxunub. Finlandiyanın NATO üzvü olmasına güclə razılıq verən, İsveçin üzvlüyünü isə heç cürə yaxın buraxmayan Türkiyə prezidenti Ukraynanın Şimali Atlantika Alyansının üzü olmağa layiq olduğunu bildirib.
Nəhayət, Ukrayna mediasının son məlumatına görə, Türkiyə tərəfi “taxıl sazişi” ilə bağlı Ukraynaya zəmanət verib. Bu zəmanətə görə, Rusiya “taxıl sazişi”ndən çıxsa belə, Türkiyə Hərbi Dəniz Donanması tankerləri Rusiya hərbi gəmilərindən qoruyacaq.
Göründüyü kimi, Türkiyə iqtidarının son addımları tamamilə Rusiya əleyhinə yönəlib. Ankara birbaşa müharibədə Ukraynaya kömək edəcək addımlara keçib.
“Bayraktar”ın istehsalı barədə razılaşma bir il əvvələ təsadüf edir. Hələ o zaman Türkiyənin bu niyyəti Moskvanın etirazına səbəb olmuşdu. Putinin mətbuat katibi Dmitri Peskov Ukraynada “Bayraktar” zavodu peyda olduğu təqdirdə, onun bombalanacağını bildirmişdi. İndi isə məlum olur ki, Türkiyə nəinki geri çəkilməyib, əksinə, PUA istehsalının genişlənməsi barədə yeni memorandum imzalanıb və hətta əməli addım ataraq “Bayraktar” zavodunun tikintisinə başlanılıb.
Burada maraqlı məqam var. Memorandum, Ukraynada Türkiyə PUA-larının istehsalının genişləndirilməsini nəzərdə tutur. Deməli, artıq istehsal var və tərəflər məhz həmin istehsalı genişləndirməyi nəzərdə tuturlar. Bu, “Bayraktar” deyil, adını bilmədiyimiz hansısa başqa PUA-lar ola bilər. Çünki Türkiyənin PUA istehsalı heç də təkcə “Bayraktar”la məhdudlaşmır.
“Fırtına” özüyeriyən artilleriya qurğusunun Ukraynaya verilməsi niyyəti də Ankaranın Kiyevə əks-hücum zamanı birbaşa dəstəyinin göstəricisidir. Belə ki, Ukraynanın torpaqlarını azad etmək üçün həyata keçirdiyi əməliyyat zamanı Türkiyənin heç bir halda müdafiə silahı sayıla bilməyəcək “Fırtına” verməsi, eləcə də Rusiyanın son dərəcə mənfi münasibətinə rəğmən Ukraynanın NATO üzü ola biləcəyini söyləməsi münasibətlərin hansı istiqamətdə inkişaf etdiyini göstərir.
“Azov” liderlərinin Zelenskiyə təhvil verilməsi isə tamamilə başqa mövzudur. Xatırladaq ki, Mariupolu müdafiə edən “Azov”un liderləri bir il əvvəl Zelenskinin əmrindən sonra təslim olmuşdular. Ümumi razılaşmaya görə, onlar bir müddət sonra Türkiyənin vasitəçiliyi ilə əsrlikdən azad edilmişdilər. Elə həmin razılaşmada qeyd edilmişdi ki, “Azov” komandirləri müharibə tam başa çatana kimi Türkiyədə qalacaqlar və heç bir halda hərbi əməliyyatlara qoşulmayacaqlar. Amma indi onların yenidən döyüşə qayıtmaq məsələsi ortaya çıxıb. Özü də ki, “Azov” liderlərinin təhvili Moskva ilə razılaşdırmayıb. Bu, Türkiyənin artıq Rusiyanı hansı dərəcədə “müttəfiq” hesab etməsinin və “dünyanın ikinci ordusunun” gücünü hansı dərəcədə nəzərə almasının nümunəsidir.
Razılaşdırmaq bir yana, Ərdoğan niyə bu barədə Putinə heç bir məlumat verməyib? Rusiya Türkiyə liderinin bu addımı təzyiq altında atdığını iddia etməyə çalışır. Mümkündür ki, Ankaraya “Azov” liderlərini təhvil vermək təklifi və hətta təkidi olub. Amma bu, Türkiyə ilə münasibətləri gərginləşdirib təzyiq ediləcək qədər vacib mövzu deyil. Üstəlik də, Ərdoğan özünə sərf etməyəndə, təzyiqlər qarşısında geri çəkilməyən şəxs olduğunu dəfələrlə nümayiş etdirib.
Burada Rusiya prezidentinin Türkiyə prezidenti barədə söylədiyi məşhur bir sözü yada salmaq lazımdır: “Ərdoğan kişi adamdır. O, verdiyi sözü tutur”. Deməli, “sözünü tutan kişi adamın” verdiyi sözdən dönməsinə nəsə səbəbi var. Mümkündür ki, Rusiya hansısa məqamda verdiyi hansısa sözün üstündə durmayıb. Ehtimal etmək olar ki, bu, Putinin hamıya, o cümlədən ilk növbədə Türkiyəyə sərf edən “taxıl sazişini” uzatmaqla bağlı qeyri-rəsmi şəkildə verdiyi sözün üstündə durmaq istəməməsi ilə bağlıdır.
Nəhayət, Türkiyənin “taxıl sazişi” ilə bağlı Ukraynaya verdiyi zəmanətə qayıdaq. Əgər məlumat doğrudursa, bu, gərginliyin hansı səviyyəyə çatdığını göstərir. Rusiyanın, xüsusən də indiki məqamda, Qara dənizin açarları əlində olan NATO üzvü Türkiyə ilə hərbi qarşıdurmaya gedəcəyini gözləmək olmaz. Özü də ki, bir çox hərbi ekspertlər Qara dənizdəki Türkiyə Hərbi Donanmasının Rusiya Hərbi Donanmasından dəfələrlə güclü olduğunu bildirilər. Amma Ankaranın “taxıl sazişini” təkbaşına öz öhdəsinə götürmək niyyəti ciddi siqnal ola bilər.
Münasibətlərin gərginləşdiyini Rusiyanın reaksiyası da göstərir. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev Ankaranı Moskvaya “arxadan zərbə vurmaqda” ittiham edərək, Ankaranın neytral ölkədən “dost olmayan ölkə”yə çevrildiyini bildirib. Bondarev “çoxsimalı” Ərdoğana İŞİD-lə “yaxşı münasibətləri”, Rusiya təyyarəsinin vurulmasını, Ukraynaya “Bayraktar” verməsini, eləcə də “Böyük Turan” yaratmaq üçün türkdilli xalqları “qızışdırdığını” xatırladıb.
Peskov isə Rusiyanın Türkiyə ilə münasibətləri davam etdirəcəyini bildirib. Eyni zamanda o, yaranmış vəziyyətdə Türkiyəyə ünvanlanan sualları olduğunu və cavab gözlədiklərini qeyd edib.
Və bu arada. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bəyanatla çıxış edərək, bir aydan sonra Krımda olacaqlarını bildirib… /Səlim Əzizoğlu.pressklub