Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin “üzrxahlıq” etdiyi marşal – Sokolovski iki dəfə sürgün təhlükəsindən xilas olub


1930-cu illərin repressiya dalğaları ondan da yan keçməyib. Amma Vasili Sokolovski ona qarşı qaldırılan ittihamlarla barışmayaraq özünü müdafiə etməyi bacarıb. General yaxşı anlayıb ki, aşağı instansiyalarda özünü müdafiə edə bilməyəcək. Elə bu anlamla da o, İosif Stalinin qəbuluna düşməyə cəhd edib. Həmin ərəfədə Sokolovski Moskva Hərbi Dairəsinin qərargah rəisi vəzifəsində xidmət edib.

Sokolovski qəbula düşmək üçün dəfələrlə Stalinin köməkçisi Poskrebışevə zəng vurub və bu zənglərin birində Stalin təsadüfən qəbul otağında olarkən öz köməkçisindən davamlı zənglərin kimdən gəldiyi ilə maraqlanıb. Poskrebışev Sokolovskinin qəbula gəlməklə bağlı təkidlərini Stalinə məruzə edib. Generalın qəbulu üçün vaxt ayrılıb. Sokolovski kabinetə daxil olanda hərbi qaydada salamlaşıb və gəlişinin məqsədini açıq ifadə etməkdən çəkinməyib:

  • Yoldaş Stalin, bütün əmr və göstərişlərinizi müzakirəsiz icra etməyə hazıram. O cümlədən adım repressiya siyahısına düşdükdən sonra sürgünə göndəriləcəyimi də sizin əmriniz kimi qəbul edirəm. Amma sizdən bir xahişim var ki, haqqımdakı ittihamların yenidən araşdırılmasına göstəriş verəsiniz. Mən çar ordusunun zabiti olmamışam. Həmin illərdə müəllimlər seminariyasında təhsil almışam.

Kiçik məruzəsindən sonra Sokolovski kitelinin cibindən arxiv sənədlərini çıxararaq Stalinin iş masasının üstünə qoyub. Stalin nə sənədlərə baxıb, nə də əlavə bir sual verib, bir neçə dəqiqə kabinetdə var-gəl etdikdən sonra üzünü generala tutub:

  • Siz azadsınız, gedin xidmətinizi davam etdirin...

Beləliklə, Sokolovskinin repressiya təhlükəsi sovuşub.

İlk əmək fəaliyyətinə müəllim kimi başlayan Sokolovski hərbi xidmətə çağırıldıqdan sonra gələcək həyatını orduya bağlayıb. Hərbi akademiyada ali təhsil alıb, qısa müddət ərzində hərbi nəzəriyyəçi kimi tanınıb.

Sovet-alman müharibəsinə qədər Sokolovski ayrı-ayrı hərbi dairələrdə qərargah rəisi vəzifəsində xidmət edib. Müharibənin ilk günündən son dəqiqəsinə qədər o, ən ağır cəbhələrdə olub. Sokolovski bu illərdə  baş qərargah rəisinin müavini, Qərb cəbhəsinin qərargah rəisi, Qərb cəbhəsinin komandanı, 1-ci Ukrayna cəbhəsinin qərargah rəisi, 1-ci Belarusiya cəbhəsinin komandan müavini kimi ən mürəkkəb və çətin hərbi əməliyyatlara başçılıq edib. Berlin əməliyyatının uğurlu keçirilməsində onun xüsusi xidmətləri olub. Sokolovski Almaniyanın kapitulyasiyası ilə bağlı aktın imzalanmasında da iştirak edib və sonra 1946-cı ildə marşal Jukovun təşəbbüsü ilə Almaniyada sovet qoşunları qrupunun komandanı təyin edilib.

3 iyun 1946-cı ildə Almaniyada xidmətdə olarkən Sokolovski Kremlə dəvət olunub. Yüksək vəzifəli hərbçilərin təltif edilməsi mərasimində Stalin ona fərqli münasibət göstərib, marşal rütbələrini ona təqdim edəndə “üzrxahlığını” da bildirib:

  • Faşistlər vaxtımızı çox aldılar, sizin marşal rütbənizi gecikdirdik. Yəqin ki, bunu nəzərə alacaqsınız...

İlk baxışdan Sokolovski mülayim adam təəssüratını bağışlasa da, marşal xidməti vəzifəsində olduqca sərt və tələbkar bir hərbçi olub. O, hətta yüksək ranqlı dövlət məmurlarına da öz sözünü deməkdən çəkinməyib.

Müharibədən sonrakı dövrdə Kremldə Stalinin də iştirak etdiyi  müşavirələrin birində Sokolovski SSRİ-dən Almaniyaya ezam olunan yüksəkçinli məmurların acgözlükləri məsələsinə toxunub, onların Almaniyadan saysız-hesabsız qiymətli əşyalar daşıdıqlarını bildirib. Marşal çəkinmədən bu məsələdə SSRİ dövlət təhlükəsizliyi naziri Vsevolod Merkulovun adını da çəkib. Sözsüz ki, Merkulov bu hadisəni unutmayıb və qisas üçün məqam gözləyib.

Merkulov Sokolovskinin xidməti işlərinə müdaxilə edə bilmədiyindən onun ailəsini hədəf seçib. Az sonra o, Stalinə Sokolovskinin ailəsi ilə bağlı rəsmi arayış göndərib. Arayışda Sokolovskinin oğlunun atasının xidməti maşınında cinayət törətdiyi (zorlama hadisəsi) qeyd olunub. Stalin Sokolovski ilə Merkulovun arasındakı gərgin münasibəti bildiyindən məsələyə həssaslıqla yanaşıb. O, zorlama faktını üç ayrı qurum tərəfindən araşdırıb və məlum olub ki, Merkulovun arayışı qərəzlidir. Bu qərəzə görə Merkulov Stalin tərəfindən tənbeh alıb. Sokolovski ikinci dəfə sürgün təhlükəsindən xilas olub.

Müharibə tarixinə Sokolovskinin adı ən bacarıqlı sərkərdələrdən biri kimi düşüb. Marşalın ən yaxın dostlarından biri isə Jukov olub. Marşal Aleksandr Vasilevski öz xatirələrində iki marşalın dostluğu haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:

“Onlar fərqli xarakterə malik insanlar idi. Jukov yetərincə kobud və çılğın, Sokolovski isə son dərəcə mədəni və təmkinli. Amma buna baxmayaraq onların dostluğu alınırdı. Hərbi müzakirələrdə mübahisə etsələr də, fikir ayrılıqları olsa da sonda ortaq məxrəcə gələ bilirdilər. Sokolovskinin hərbi karyerasında Jukovun böyük rolu var idi. Jukov ona inanırdı, güvənirdi, etibar edirdi. Sokolovski isə həmişə etimadı doğruldurdu...”

Sokolovski xidmətinin son illərində (1952-1960) Baş Qərargah rəisi, SSRİ müdafiə nazirinin birinci müavini vəzifələrində işləyib. O, bu vəzifələrdə olarkən silahlı qüvvələrdə hərbi nəzəriyyənin daha da dərindən öyrənilməsinə xüsusi diqqət ayırıb.

İstefaya çıxdıqdan sonra Sokolovski öz müharibə xatirələrini qələmə alıb, SSRİ Ali Sovetinin deputatı kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.

Marşal 1968-ci ildə, 70 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10