Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukraynada qırılan Gürcüstan “demokratiyası”


Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin yeni görüntüsü Ukrayna və Gürcüstan arasında növbəti narazılığa səbəb olub.

Xatırladaq ki, iki gün öncə Mixeil Saakaşvilinin yeni görüntüləri yayılıb. Saxlanıldığı xəstəxanadan onlayn formada növbəti məhkəmə prosesinə qatılan Saakaşvili hansı vəziyyətdə olduğunu nümayiş etdirib. Son dərəcə arıqlayan keçmiş prezident köynəyini qaldıraraq, qabırğalarını nümayiş etdirib: “Mən arıqlamaqda davam edirəm. Fiziki cəhətdən zəif ola bilərəm. Amma daxilən çox güclüyəm, çox güclüyəm. Mən vətənim Gürcüstana qarşı cinayət törətməmişəm”.

Lakin onun bu nümayişi heç bir nəticə verməyib. Məhkəmə hakimləri heç nə olmamış kimi, iclası davam etdiriblər.

Qeyd edək ki, bir müddət əvvəl mətbuat üçün açıqlama verən Mixeil Saakaşvili özünü Putinin “şəxsi əsiri” adlandırmış, Gürcüstanın hazırkı hakimiyyətinin əli ilə asta-asta məhv edildiyini bildirmişdi.

Saakaşvilinin bu görüntüsü onsuz da gərgin olan Ukrayna-Gürcüstan münasibətlərini bir qədər də gərginləşdirib. Ukrayna prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstan səfirini çağırmaq, ona etiraz bildirmək və Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tiflislə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etmək göstərişi verməyi tapşırıb.

Zelenski növbəti dəfə Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili ilə bağlı narahatlığını ifadə dərək, Gürcüstan hakimiyyətini keçmiş prezidenti ölkəsinə qaytarmağa çağırıb.

Qeyd edək ki, Kiyev və Tbilisi arasında münasibətlər Rusiyanın Ukraynaya təcavüzündən sonra pisləşib. Gürcüstan hakimiyyəti ilk gündən etibarən Ukraynadan məsafə saxlamağa başlayıb. Baş nazir İrakliy Qaribaşvili müharibənin əvvəlində “milli maraqlardan” çıxış etdiyini bildirərək, Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan etmişdi. Bundan əlavə, rəsmi Tbilisi vaxtilə Ukraynanın verdiyi “Buk” zenit-raket komplekslərini Kiyevə qaytarmaqdan imtina etmişdi.

Əvəzində isə hökumət qapılarını Rusiya biznesinin üzünə açıb. On minlərlə Rusiya vətəndaşı daimi yaşayış üçün Gürcüstana köçüb, burada şirkətlər qurub. 

Ukrayna və Qərb dövlətləri Gürcüstan hökumətini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə ittiham edirlər. Rəsmi Kiyev isə Tbilisin bunun üçün kanal yaratdığını da bəyan etmişdi. 

Bu yaxınlarda Rusiyanın Gürcüstanla vizasız gediş-gəlişi bərpa etməsi, Gürcüstanın “Georgian Airlines” aviaşirkətinin 2008-ci il müharibəsindən sonra Moskvaya birbaşa reyslərə başlaması isə münasibətlərdə yeni narazılığa səbəb olmuşdu. Bir neçə gün öncə Zelenski “Georgian Airlines” şirkətinə sanksiyalar tətbiq edilməsi barədə sərəncam imzalamışdı. Buna cavab olaraq, Gürcüstan XİN Ukrayna səfirini çağıraraq, ona etiraz etmişdi.

Göründüyü kimi, vaxtilə bir çox platformalarda birgə hərəkət edən, iki əsas strateji müttəfiq sayılan keçmiş sovet ölkəsi arasında münasibət getdikcə daha da pisləşir. Zelenskinin XİN-ə tapşırığı diplomatik münasibətlərin tam kəsilməsi olmasa da, səfirin faktiki olaraq ölkədən çıxarılması və münasibətlərdə ciddi demarş sayılır. 

Hazırda top Gürcüstan tərəfdədir. Rəsmi Tiflisin Ukraynanın tələbini qəbul edərək, Saakaşvilini azad edəcəyi və ya təhvil verəcəyini gözləmək olmaz. Əksinə, son zamanlar Rusiyaya daha çox sığınaraq Qərblə qarşıdurmaya gedən Gürcüstan hökumətinin əks addım atacağını və Ukrayna səfirini ölkəsinə göndərəcəyini gözləmək daha məntiqlidir.

Amma bu qarşıdurma Gürcüstana nə verə bilər? Müharibədə iqtisadi və hətta insan resursu cəhətdən zəifləsə də, siyasi cəhətdən Ukrayna bölgənin dominant ölkəsinə çevrilir. Bu, keçmiş SSRİ məkanında Moskvanın mövqelərini zəiflətməyə çalışan Qərbin də maraqlarına uyğundur. 

Gürcüstan hökumətinin yanlış addımları isə iqtidar üçün ciddi baş ağrısına çevrilir. Hökumətin Saakaşvili məsələsində, Ukraynaya münasibətdə tutduğu mövqe, eləcə də rusiyalıları (Rusiyanı) kütləvi şəkildə ölkəyə buraxmaqla yaşanan böhrana və bahalaşmaya rəvac verməsi tərəfdarlarını itirməsinə səbəb olur. Ölkə vətəndaşları Ukrayna məsələsində hökumətə qarşı ciddi müxalifətdədirlər. Daxili dəstəyin itirilməsi və beynəlxalq güclərlə qarşıdurma növbəti seçkilərdə mütləq şəkildə özünü göstərəcək.

Hələ bir neçə il əvvəl keçmiş sovet məkanının “ən demokratik dövləti” sayılan və hamıya örnək göstərilən Gürcüstan demokratiyası bu gün çətin günlərini yaşayır. Başqa sözlə deyilsə, Gürcüstan demokratiyası Ukrayna qayalarına çırpılaraq, qanadlarını qırıb…/pressklub 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10