Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukrayna müharibəsində kritik dönüş: yeni ölümcül silahlar gəlir - “Putinin 4 həftəsi qalıb...”


Elxan Şahinoğlu: “Rusiya Prezidentini yaxın müddətdə çox ciddi çətinliklər gözləyir”

Ukrayna ordusu yavaş sürətlə də olsa, cəbhə boyu hərbi uğurlarını artırır. Artıq Ukrayna silahlı qüvvələri bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirərək cənubda və Baxmut yaxınlığında irəliləyir. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib. Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində də hücum əməliyyatlarını davam etdirir və uğurlar var.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley Vaşinqtonda çıxışı zamanı deyib ki, Ukrayna qüvvələri əks-hücum əməliyyatında “davamlı şəkildə irəliləyir, çox çətin minalanmış sahələr vasitəsilə yol tapır, gündə 500 metr, 1000 metr, 2000 metr qabağa gedir”.

Onun fikrincə, irəliləyişin gözlənildiyindən yavaş olması təəccüblü deyil: “İnsanlar real müharibədə həlak olur... Demişdim ki, çox çətin olacaq. 6, 8, 10 həftə sürəcək. Hücum uzunmüddətli və çox qanlı olacaq. Bu xüsusda heç kimin illüziyası olmamalıdır”.

Konqresin respublikaçı senatoru Cim Riş isə Ukraynanı daha yaxşı silahlandırmağın vacibliyindən danışarkən deyib ki, uzaqmənzilli öldürücü ATACMS raketlərinin Ukraynaya ötürülməsi ehtimalı kifayət qədər yüksəkdir: “Müharibə başlayanda demişdim ki, Ukraynanı nüvə silahı xaric, atəş açan hər şeylə təmin edin. Əlimizdəki bütün digər silahlar ukraynalıların ixtiyarında olmalıdır - istər "F-16" döyüş təyyarələri olsun, istərsə də ATACMS raketləri”.

Onun sözlərinə görə, Bayden administrasiyası bununla bağlı artıq fəallaşıb. “ATACMS yaxşı silahdır, Ukrayna onu almalıdır və bu, mümkün qədər tez baş verməlidir”, - senator əlavə edib.

Bu arada Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili deyib ki, Vladimir Putinin cəmi bir neçə həftə vaxtı qalıb.  Onun fikrincə, həmin vaxta qədər hamı hazır olmalıdır. “Mən Putini çox yaxşı tanıyıram və əminəm ki, onun cəmi bir neçə həftəsi qalıb. Bu vaxta qədər hamımız hazır olmalıyıq. Sonra qısa bir keçid müddəti və böyük qarmaqarışıqlıq. Bunun nə qədər tez baş verməsi əsasən Ukraynanın döyüş meydanında irəliləyişinin davam etməsindən asılı olacaq. İrəliləyiş davam edir, ukraynalılar yaxın həftələrdə Baxmutu geri qaytaracaq, sentyabrda maksimum Azov dənizinə çatacaq və Krıma girməyə başlayacaq. Krıma girmək Putin üçün sondur”, - Saakaşvili qeyd edib.

Öz növbəsində rusiyalı tanınmış politoloq Andrey Piontkovski  hesab edir ki, Priqojin və onun “Vaqner”inin üsyanı uğurlu olub və bu, Ukraynada “xüsusi əməliyyat”ın dayandırılmasına səbəb olacaq.

“Vaqner” üsyanı Kremldə müharibənin dayandırılması tərəfdarı olan nüfuzlu bir qrup şəxs tərəfindən təşkil edilib. Bunu şahmat dili ilə “şərəfli təslim partiyası” kimi də xarakterizə etmək olar. Priqojin üsyanı Rusiya cəmiyyətində müharibə əleyhinə əhval-ruhiyyənin gücləndiyini göstərdi. Bu, ölkəni vətəndaş müharibəsinə və mümkün parçalanmaya da gətirə bilər", - deyə politoloq əlavə edib.

Bəs Vladimir Putin üçün hansı 4 həftədən söhbət gedir?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

 Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Mixail Saakaşvili həbsdədir və vəziyyəti də ağırdır. Amma yenə də həbsdə ola-ola müxtəlif rəylər, proqnozlar verir, Rusiyanın siyasətilə, Putinlə, Cənubi Qafqazla bağlı müxtəlif fikirlər bildirir:

"Putinlə bağlı verdiyi proqnoza gəldikdə, Saakaşvilinin o fikri ilə razılaşmaq olar ki, prezident Vladimir Putinin vəziyyəti həqiqətən də getdikcə ağırlaşır. Müharibə uzanır, Rusiyanın itkiləri artır, Rusiya 200 mindən çox hərbçisini itirib, hərbi texnikası sıradan çıxır, ölkədə inflyasiya artır, iqtisadiyyat dağılır. Rusiyada insanlar açıq etiraz etməsələr də daxili etirazın artdığı hiss olunur. Priqojinin etdiyi həmlə də buna nümunədir. Bu, Priqojin kimi düşünənlərin Rusiyada sayının çoxalmasının bir simptomudur. Putini yaxın müddətdə çox ciddi çətinliklər gözləyir. Amma konkret vaxt demək, iki həftəyə Putinin hakimiyyətdən salınacağını demək çətindir. Biz münəccim deyilik. Lakin gedişat ona doğru inkişaf edir ki, Putin müharibəni davam etdirərsə, onsuz da qələbə qazana bilməyəcək, onsuz da Donbası işğal edə bilməyəcək, Ukrayna da ərazi bütövlüyünü bərpa etmək uğrunda savaşı davam etdirəcək. Bu da Vladimir Putinə növbəti çətinliklər yaradacaq. Putinin ətrafında da hələ açıq büruzə verməsə də, narazılıqlar şübhəsiz ki, mövcuddur. Həmçinin Rusiyanı tərk edənlərin sayı artır. Tərk edənlərin sıralarında oliqarxlar da var. Bu da proseslərin inkişafından narazılığın ifadəsidir. Odur ki, Mixail Saakaşvilinin ümumi bir fikri ilə razılaşmaq olar ki, Putini qaranlıq bir gələcək gözləyir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10