Təsadüf elə gətirdi ki, Zahir Əmənovun növbəti ad gününü bir neçə dostla birlikdə eyni məkanda keçirməli olduq. Çox qürurverici idi ki, Zahir müəllimin FB- səhifəsinə (Zahir Amanov səhifəsi) ölkənin tanınmışları tərəfindən yazılan təbriklərin ardı-arası kəsilmirdi. Sonra bəlli oldu ki, onun İnboksuna, VATSAP nömrəsinə yazılan təbriklər də az deyilmiş. Zahir müəllim yüzlərlə insana “Təşəkkür” yazmaqdan az qalmışdı yeməksiz qala.
Qafqazın ən nüfuzlu internet kanalının, 1,5 milyondan yuxarı abunəçisi, az qala milyarda yaxın izləyicisinin olduğu "Kanal 13"ün rəhbəri Anar Orucovun təbriki isə hədsiz səmimiyyəti və dəyəri ilə xüsusi ilə seçilirdi. Tanınmış jurnalistlərin qrupunda paylaşılmış bu statusu Anar Orucovun razılığı ilə cenub.az saytının oxucuları ilə də bölüşmək istədik:
“Mən sizi (Zahir Əmənovu) tanıdğım ilk gün hələ günümüzün jurnalistikasının nə olduğundan xeyli xəbərsiz idim. Sadəcə jurnalist təhsilim var idi, nə adım, nə böyük əməlim, nə sanballı yazım - 2002 ci il idi...
O ildən etibarən Sizi tanıdım, münasibətimiz yarandı, dostlaşdıq, mübarizənizə, əqidənizə, qələminizin necə iti, nəfsinizin necə kor olduğuna şahid oldum.
Vaxt keçirdi, zaman ötürdü və mən əsl medianın əslində bir işıq, bir ziya olduğunu anlamağa başlayanda, bölgədə, ölkəmin qaranlığa bürünmüş bölgələrindən birində, Cənubda o kiçik bir işıq, kiçik bir nur, kiçik bir ziya nişənəsini Sizin timsalınızda, yüz əzabla yaradıb, min əzabla qoruduğunuz Cənub Xəbərlərinin timsalında görməyə başladım. (Sonralar bu qəzet cenub.az saytı kimi fəaliyyət göstərdi)
Qısası, min əzaba sinə gərən, cəsarətli, baməzə, hazırcavab, nurlu bir İnsanın qurduğu, apardığı bu fədakar media işi məni elə heyran eləmişdi ki, özüm bir media quranda ağlımdakı nümunlərdən biri də məhz o idi - Zahir müəllim.
Zahir Əmənov! Mən jurnalistikada irəli doğru addımlar atdıqca, böyüdükcə əslində sizin necə bir böyük İNSAN olduğunuzu hər dəfə daha çox hiss edirdim. Ona görə də sizə HOCAM dedim, özümə müəllim bildim, örnək saydım.
Yeni yaşınızı çox təbrik edirəm. Canımız daima sağ olsun. Yüz yaşayın. Yaşayın və yazın. Sizin yazdıqlarınız bizləri böyüdür, Sizi isə ucaldır! Ad gününüz mübarək!!!
Anar Orucov. Kanal-13-ün Təsisçisi və Baş redaktoru.
Qeyd: Oxucular üçün maraqlı olacağını nəzərə alıb bir neçə il öncə canlı yayımda Zahir Əmənovun Anar Orucovdan aldığı müsahibəni də bu yazıya əlavə edirik:
Hazırladı: Faiq Hüseynzadə