Moskvanın mərkəzində, Kremlin bir neçə addımlığında yerləşən “Metropol” mehmanxanası 1899-1905-ci illərdə inşa edilib. Modern memarlıq üslubunda tikilən mehmanxana sovet dövründə ən populyar məkanlardan biri sayılıb. Oktyabr inqilabından sonrakı dövrdə, 1918-ci ilin mart ayında sovet hökuməti Sankt-Peterburqdan Moskvaya köçürüləndə bir çox dövlət qurumları məhz bu mehmanxanada yerləşdirilib, Xarici İşlər Komissarlığı (nazirliyi) üçüncü mərtəbədə, Mərkəzi İcraiyyə Komitəsinin sədri Yakov Sverdlovun qəbul otağı ikinci mərtəbədə, İnqilab Komitəsinin nümayəndələrinin otaqları birinci mərtəbədə fəaliyyət göstərib. O cümlədən bir çox yüksək ranqlı dövlət məmurları da mənzil qismində “Metropol”da məskunlaşıblar. Mehmanxananın restoranı isə iclas zalı kimi fəaliyyət göstərib. Bu restoran-zalda Lenin, Trotski, Kalinin öz tarixi çıxışlarını ediblər.
Nəhayət, 1929-cu ildə dövlət qurumları üçün yeni inzibati binalar ayrılıb, məmurlar yeni mənzillərə köçüblər. “Metropol” mehmanxana fəaliyyətini bərpa edib.
Sovet dövründə “Metropol”da əsasən xaricdən gəlmiş qonaqlar qalıblar. Sıravi sovet vətəndaşlarının bu mehmanxanaya girişi demək olar ki, mümkünsüz sayılıb. “Metropol” bir çox tarixi hadisələrə şahidlik edib, onun qonaqları siyahısında dünyanın bir çox tanınmış dövlət başçılarının adları da əks olunub.
1977-ci ildə mehmanxananın restoranında baş verən hadisə isə “Metropol”un tarixinə “qara” bir hadisə kimi yazılıb. Elə bir hadisə ki, SSRİ daxili işlər naziri Nikolay Şelokov mehmanxanaya gəlmək məcburiyyətində qalıb.
Həmin ilin dekabr ayında Leonid Brejnevin qızı Qalina Brejneva “Metropol”un restoranında qaradərili bir şəxslə görüşüb. Görüşün məqsədi brilyant alqı-satqısı ilə bağlı olub. Bir saatlıq danışıqlardan sonra tərəflərin arasında mübahisə yarananda Qalina Brejenva qarşısındakı şərab şüşəsini həmsöhbətinin üstünə atıb. Restoranının mühafizəçisi, milis serjantı insidentə müdaxilə etmək istəyəndə baş katibin sərxoş qızı daha da qəzəblənib, o, restoranın barına yaxınlaşaraq barmendən telefonla danışmaq istədiyini bildirib. Barmenin “telefon yalnız inzibatçının otağındadır” cavabı növbəti bir hadisəyə səbəb olub, Qalina Brejnevə rəngbərəng içki şüşələrinin düzüldüyü işıqlı rəfə bir təpik vurmaqla məsələni daha da qəlizləşdirib. Bundan sonra milis serjantı Kapulov Qalina Brejnevanın qoluna girərək onu sakitləşdirməyə çalışıb. Məsələyə restoranın baş inzibatçısı müdaxilə edib, baş katibin qızını tanıyan inzibatçı onu öz kabinetinə dəvət edib. Bu dəfə Qalina Brejneva milis serjantının qolundan yapışaraq onu da kabinetə aparıb və onların arasında “maraqlı” bir dialoq başlanıb:
- Mənim adım Qalyadır, Qalina Brejneva. Sənin kim olduğunu isə sənin rəisindən soruşacağam.
Çətin vəziyyətə düşən milis serjantı özünü müdafiə etməyə çalışıb:
- Mən öz vəzifə borcumu yerinə yetirmək istəyirdim...
Baş katibin qızı onun sözünü yarımçıq qoyaraq telefona yaxınlaşıb. Axşam saat 9-10 radələrində atasının bağ evində olduğunu bilən Qalina nömrələri yığb. O, əvvəlcə anası ilə danışıb, daha sonra Leonid Brejnev dəstəyi götürüb:
- Ata, mən heç bir günahım olmadan təhqir olunmuşam. Kolya dayı (SSRİ daxili işlər naziri Nikolay Şelokov nəzərdə tutulub) təcili Metropola gəlməlidir. Bu, olduqca vacibdir.
Brejnev yaxşı anlayıb ki, qızı yenə də xoşagəlməz bir hərəkət törədib:
- Bəlkə sən Yuraya (Qalina Brejnevanın həyat yoldaşı, daxili işlər nazirinin müavini Yuri Çurbanov nəzərdə tutulub) zəng vurasan, o sənin yanında deyil yəqin.
- Yox, ata, Kolya dayı gəlməlidir, vəssalam.
Brejnev başını bulayaraq dəstəyi asıb. Təxminən 20-25 dəqiqədən sonra isə “Metropol”un qarşısında “MVD”-nin qara Volqaları düzülüb.
Nikolay Şelokov hadisənin təfərrüatlarına çox da varmayıb, o, Qalinanı sakitləşdirərək üzünü qarşısında dik dayanmış milis serjantı Kapulova tutub:
- Sizə vətəndaşlarla bu cür rəftar etməyi kim öyrədib? Siz xidmətdən azadsınız.
Sonra o, yanında dayanan Moskva şəhər daxili işlər idarəsinin rəisinə serjantın işdən qovulması ilə bağlı müvafiq əmr verib.
Şelokov Qalinanı restorandan çətinliklə çıxarıb. Sərxoş Qalina restorandan çıxanda “iş birliyi” qurduğu qaradəriliyə də sözünü deməyə imkan tapıb:
- Bir az əsəbiydim, olur bu cür hallar, çox da fikir verməyin, sabah söhbətimizi davam etdirərik.
Şelokov baş katibin qızını öz xidməti maşınında mənzilinə çatdırıb. Milis serjantı isə elə səhəri gün xidmətdən qovulub.
1983-cü ildə milis serjantı Kapulov baş katib Yuri Andropova bir neçə dəfə yazılı müraciət edib, işdən qovulmasını Şelokovun haqsızlığı kimi ifadə edib. Nəhayət, Andropovun göstərişi ilə Kapulovun müraciətinə baxılıb və onu yenidən daxili işlər orqanlarında xidmətə bərpa ediblər.
İlham Cəmiloğlu, Musavat.com