Marafonçular sırasında Masallı Rayonun İcra Başçısının da olması ciddi maraq doğurdu
Bu gün, 15 aprel 2023-cü ilin səhəri masallılar üçün maraqlı idman yarışı ilə açıldı. Səhər 8-də Heydər Əliyev parkında coşqun musiqi sədaları eşidilməyə başladı. 10 kilometrlik məsafəyə qaçışda Bakıdan, digər rayonlardan gəlmiş idmançılarla yanaşı icra başçının, digər mətbuat işçilərinin, mətbuat işçilərinin də olması daha diqqətçəkən idi.
Marafonun qalibləri aşağıdakılar oldu:
Oğlanlar arasında-
1- ci Nağıyev Əmrah
2- ci Hüseynov Samir
3 -cü Əhmədov Ceynur
Qızlar arasında
1-ci Yusupova Anna
2-ci Quliyeva Nərmin
3-cü Dadaşova Gülçöhrə
Qazilər arasında
1- Hənəfiyev İdris
2- Cabbarov Vüsal
3- Adilzadə Xalid
Bu barədə Masallı İdman və Gənclər İdarəsinin yaydığı məlumatı sizə təqdim edirik:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin , Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Bakı Marafon Klubunun dəstəyi ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş yürüşü - 2023” adlı marafon keçirilib.
Marafonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon sakinləri və qonaqlar iştirak ediblər.
Yürüş iştirakçıları rayonun Heydər Əliyev parkında yerləşən Masallı şəhər Uşaq-İncəsənət Məktəbinin qarşısından start götürərək Səfəralı Məmmədov, İntiqam Əsgərli küçələri, Bakı prospekti, Zərifə Əliyeva, Dadva küçələri, Heydər Əliyev prospekti, Qarabağ küçəsi marşrutu üzrə yürüşə başlayıb və sonda təyin olunan finiş xəttinə yaxınlaşıblar.
“Qurtuluş” yürüşünün mükafatlandırma mərasimi öncəsi Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə yubiley tədbirləri keçirilir: “Ümummilli lider Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət siyasəti Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərini əmin edirik ki, bütün soydaşlarımız kimi masallılar da bu qətiyyətli siyasi xəttə sadiqdirlər...”
Rayon rəhbəri əlavə edib ki, bayram günlərinə təsadüf edən bu möhtəşəm tədbir rayonumuzun istər idman, istərsə də ictimai-siyasi həyatında əhəmiyyətli olduğu qədər bütün masallılar üçün bayrama çevrilib.
“Sağlam bədəndə sağlam ruh olar” sözləri ilə çıxışını yekunlaşdıran RİH başçısı bir daha marafon qaliblərini təbrik edərək qeyd edib ki, bu tədbirə qoşulan hər kəs qalibdir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Sevda Mirzəyeva, Bakı Marafon Klubunun təsisçisi və rəhbəri Firdovsi Kərimov, Tunis Dünya Qran-Prisinin (2019) qızıl mükafatçısı Elşən Quliyev və başqaları xalqımızın qürur və şərəf günü kimi Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə marafon iştirakçılarını və qalibləri təbrik edərək tədbirin təşkilatçılarına, tərəfdaşlıq edən bütün qurumlara minnətdarlıqlarını ifadə ediblər.
Bayram əhval-ruhiyyəli tədbirdə “Halay” folklor kollektivinin çıxışı alqışlarlara qarşılanıb.
Marafonda fərqlənənlər təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal və diplom, eləcə də təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif ediliblər.
Cenub.az Zahir Əmənov