Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Vanqanın adından yazılanlar xüsusi şöbədə hazırlanır...” İLGİNC AÇIQLAMALAR


"32 ildir SSRİ dağılıb , onun xüsusi xidmət orqanlarının ideoloji müharibəsində rupor kimi istifadə etdiyi “Vanqa” təbliğatı hələ də davam edir".

Bu sözləri politoloq Yeganə Hacıyeva bu günlərdə Vanqanın 2023-cü illə bağlı dedikləri barədə yayılan informasiyalara münasibət bildirərkən deyib.

Politoloq yayılan bu cür məlumatların əsassız olduğunu qeyd edib: "Məlumat üçün deyim ki, Vanqanın həyat yoldaşı Dmitri Kuşteryev və şəxsi mühafizəçisi Pyetr Konstantinov KQB zabitləri olub.

Vanqa isə Bolqarstanda SSRİ-nin işğalçı siyasətinin bolqar cəmiyyətində dəstəklənməsi üçün ideoloji rupor kimi sadəcə bir xüsusi xidmət layihəsi olub.

SSRİ-nin işğal etdiyi bütün yerlərdə, elə müttəfiq respublikaların özündə də ona oxşar layihələr olub, indi də var".

Yeganə Hacıyeva xatırladıb ki, Vanqa 1996-cı ildə dünyasını dəyişib və özündən sonra da heç bir kəhanət qoymayıb: "Onun adından yazılanlar günü bu gün də Lubyankada xüsusi şöbədə yazılır.

Analogiya aparsaq, məsələn SSRİ-nin son illərində televiziyada Kaşpirovski deyilən “ekstrasens” insanlara “yanınıza bankada su qoyun, enerji ötürürəm, sonra için, çimin sağalacaqsınız” deyə cəhalət aşılayırdı.

Heç kimin də ağlına gəlmirdi ki, əgər bu “ekstrasens” seansları mərkəzi dövlət televiziyasında aparılırsa, demək translyasiya bir başa Lubyankadan gəlirdi.

Küçədə isə SSRİ dağılırdı, amma elmi, siyasi, iqtisadi elitanı Kaşpirovskinin seansları narahat edir, onlar müzakirə edilirdi. Bunun izahı odur ki, SSRİ-nin ilk illərində mərkəzi hakimiyyət cəmiyyətin idarəçilik institutu olan dini inkar edən “ateizmi” dövlət siyasəti seçmişdi.

Ancaq insanların kilsədən uzaq düşməsini arzulayanlar, onların inanclarını istismar etmək arzusundan uzaq düşməmişdilər.

Dinin birləşdirici faktor kimi necə böyük silah olmasını gözardı edə bilmirdilər. Çünki bütün qadağalara baxmayaraq cəmiyyətin inkişaf tendensiyalarından biri kimi din ictimai həyatın bütün sferalarını : sosial, iqtisadi, siyasi, mədəni, ideoloji sahələri əhadə edirdi.

Elmin-texnikanın sürətli inkişafı da buna mane olmadı, əksinə dinin müasir sistemə transformasiyasını daha da şərtləndirdi və sürətləndirdi.

Bunu görən mərkəzi hakimiyyət özü-özünü inkar etmədən, dini məlumatların çatdırılmasında alternativ ünsiyyət yollarının təbliği, yalançı dini dəyər oriyentasiyalarının formalaşması yolunu seçdilər. Burada da mistika, okkultizm, ezoterika elementli, qeyri-ənənəvi təzahürlü yeni dini cərəyanlara əl atmışdılar".

Politoloq bildirib ki, eyni təbliğat Rusiyada indi də davam edir: "Bəzi kanallar bütün günü baxıcıların təbliği, “kor baxıcı və nəvəsi” ilə avam, cahil rus cəmiyyətini daha rahat “idarə edilən” hala gətirirlər".

Yeganə Hacıyeva son zamanlar bu təbliğatın Azərbaycanda da aparıldığını diqqətə çatdırıb: "Hələ keçən aylara kimi İranın ayətullahlarının “dediklərini” təbliğ edən səhifələr indi adlarını dəyişib “Vanqanın kəhanətlərini” təbliğ edir.

Bizdə də “Vanqa onu dedi, bunu dedi” deyə cəmiyyətə cəhalət yayanların məqsədi eynidir. Amma bunların hamısı uzun müddətli hesabda dini fundamentalizm, dini ekstremizm və terrorizm üçün zəmin rolunu oynayır. Dini tərbiyənin sağlam yolunu tutmaqda fayda var…".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10