Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Boradigahlılar internetdən haray çəkir


Dünyanın işinə bax da. Vaxt var idi ölkənin heç bir yerində tapılmayan malları Boradigahda tapmaq olardı.  Bu gün isə Boradigaha qonşu ərazilər sürətli internetdən gen-bol faydalandığı halda Boradigahda minlərlə abonent internetə həsrət qalıb.

Masallının 2 qəsəbəsindən biri, 10 mindən artıq əhalisi olan Boradigah qəsəbəsi necə illərdir  ki, internet sahəsində zülm çəkir.

Şikayətlərin, narazılıqların ardı-arası kəsilməsə də, qəsəbədə internet düzəlmir ki, düzəlmir.

Hər il çoxlu vədlər verilir- bu ilin axırına kimi düzələcək, gələn ilin ortalarına kimi düzələcək və s. Lakin vədlər internetə çevrilmir.

Son vaxtlar ölkənin ən aparıcı saytları bu problemi qabardıb, lakin yenə də əlaqədar təşkilatlar qeyri-müəyyən cavablar verir. Gah deyirlər ki, xətlər köhnəlib, gah deyirlər 2025-ci ilədək ölkə üzrə bütün xətlər yeniləcək və sair.

Masallı rayonunun Boradigah qəsəbəsində mövcud internet xətlərində tez-tez kəsilmələr baş verir.

Sakinlər deyir ki, uzun müddətdir yenilənməyən xətlər mütəmadi olaraq qırılır və yalnız əraziyə cəlb olunmuş aidiyyəti qurumların müdaxilələrindən sonra internet bərpa olunur.

Yağışlı və küləkli hava şəraitində internet və telefon xətlərinin fəaliyyəti vəziyyətinə düşür..

Qəsəbədə iki məktəb və bir xəstəxananın fəaliyyət göstərdiyini xatırladan sakinlər internet xətlərinin kəsildiyi zaman bu müəssisələrin ciddi problemlə üzləşdiyini vurğulayıblar.

Bundan əlavə, xeyli məktəbli və abituriyentin onlayn vasitəsilə hazırlıqlara cəlb olunduğunu söyləyən yerli əhali bildirib ki, internet kəsilən zaman onların da tədrisində yubanmalar yaranır.

Sakinlər bildirir ki, keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbənin yaxınlığına qədər gətirilib. Amma ölkənin ən böyük yaşayış məntəqələrindən olan Boradigahda isə internet sarıdan ciddi problemlər yaşanır.

Bir qrup sakin qəsəbəyə Fiber Optik internet xidmətinin verilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıblar.

Nazirliyin "Aztelekom" MMC-nin Cənub Regional Filialından "Report"un yerli bürosuna bildirilib ki, Boradigah qəsəbəsi rayonda avtomat telefon stansiyalarının (ATS) qurulduğu ilk məntəqələrdəndir. Qeyd edilib ki, bu gün təkcə Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir:

"Son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Lakin bu gün yeni nəsil texnologiyanın tətbiqi daha sürətli, keyfiyyətli xidmətin təmin olunması zərurətini yaradır. Bu məqsədlə ölkə ərazisində olduğu kimi Masallı rayonunda da yeni yüksək sürətli optik internet şəbəkəsinin tətbiqinə başlanılıb. Artıq şəhər ərazisində, eləcə də bir sıra kəndlərdə layihələr davam etdirilir".

Filialdan vurğulanıb ki, Boradigah qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi də bu yeniliklərlə bağlıdır: "Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir".

Dünyanın işinə bax da. Vaxt var idi ölkənin heç bir yerində tapılmayan malları Boradigahda tapmaq olardı. Bu gün isə Boradigaha qonşu ərazilər sürətli internetdən gen-bol faydalandığı halda Boradigahda minlərlə abonent internetə həsrət qalıb.

Cenub.az. Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10