Hazırda İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli həmişə maraqlı, obyektiv araşdırmaları ilə diqqət çəkir. Bu günlərdə Elbəyi Həsənli daha maraqlı bir araşdırma aparmış, bu yazını öz səhifəsində paylaşmaqla yanaşı bizə də ünvanlamışdır.
Maraqlı olacağını nəzərə alıb həmin yazını sizə təqdim edirik:
Nüvə klubu: Rusiya+Çin+Şimali Koreya ittifaqı ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrailə qarşı
15 sentyabr 1945-ci ildə ABŞ Müharibə Departamenti tərəfindən Sovet İttifaqına qarşı yönəlmiş nüvə hücumu planı təsdiq olundu. O vaxt ABŞ ilə Sovet İttifaqı rəsməm müttəfiq idi. Ancaq Amerikanın dünyada hegemon rol oynamaq ambisiyası getdikcə daha çox vüsət alırdı.
ABŞ-ın xarici siyasəti illüziya və paranoyya elementi ilə zəngindir. Qiyamət gününün gəlişinə hesablanmış ssenarisi 70 ildən artıqdır ki, rəsmən Pentaqonun gündəmindədir.
ABŞ-ın çoxsaylı nüvə müharibəsi planları Sovet İttifaqı, Şərqi Avropa və Çində 1200 şəhər ərazisini hədəf alıb. 1956-cı il Strateji Hava Komandanlığının nüvə zərbəsi ilə bağlı rəsmi sənədləri yalnız 2015-ci ilin dekabrında məxfilik statusun itirib və araşdırmalar üçün açıq elan olunub. Uzun müddət senzurasının obyekti olan sənədlər insanı dəhşətə gətirir.
Hal-hazırda nüvə silahından istifadə super-güclər arasında qaçılmaz olaraq hərbi eskalasiyaya və müvafiq olaraq bəşəriyyətin sonunu gətirə biləcək təhlükəni nişan verir.
Amerikanın nüvə zərbəsi planı nəinki Rusiyaya və ya Çinə qarşı, bütünlükdə bəşəriyyətə qarşı görünməmiş miqyasda soyqırım planlaşdırmaq deməkdir. Təəssüf ki, Pentaqon Amerikanın nüvə müharibəsində qalib gələ biləcəyinə sarsılmaz inam bəsləyən generallarla doludur.
ABŞ-ın artıq İtaliya, Almaniya, Belçika və Hollandiyada yerləşdirdiyi B61-12 nüvə bombasının sınaq atışlarında F-16 qırıcı təyyarəsindən istifadə olunub. Ehtimal ki, B61-12 bombaları da ABŞ tərəfindən Polşaya verilib: Polşanın F-16 qırıcıları 2014-cü ildən NATO-nun nüvə hücumu təlimlərində iştirak edir.
Moskva Siyasi-Hərbi Araşdırmalar Mərkəzinin baş eksperti Vladimir Kozin “Grandangolo TV” proqramına müsahibəsində bəyan edir ki, ABŞ-ın nüvə silahlarının Latviya, Litva və Estoniyada və Polşaya yerləşdirildiyinə dair dəqiq faktlara əsaslanan dərin şübhələr var. Ən azı Amerika həmin ölkələrə öz nüvə silahını sürətlə yerləşdirə bilər.
Əslində Rusiyanın Belarusa və Kalininqrada nüvə silahı yerləşdirmək istəyi bu təhlükəyə cavab xarakteri daşıyır. ABŞ+NATO ittifaqının Rusiyaya qarşı hərbi eskalasiyası Avropanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Qərbin siyasi-media kompleksi bütün bunlara susqunluqla pərdə çəkir ki, Avropa ictimai rəyi təşvişə düşüb bu təhlükəyə adekvat reaksiya verməsin.
ABŞ Müdafiə Nazirliyinin 2003-cü ildə təqdim etdiyi statistik məlumatlara görə, həmin il Avropada 100.000 Amerika əsgərinin mövcudluğu da daxil olmaqla, 38 ölkədə təxminən 725 Amerika hərbi bazası var idi.
On il sonra, 2012-ci ilə qədər qlobal miqyasda mövcud olan 750 ABŞ hərbi bazasında 1,4 milyon Amerika əsgəri xidmət edirdi. Digər hesablamalar göstərir ki, amerikalılar xaricdə 1000-dən çox hərbi obyektə sahibdir. Bazalar şəbəkəsi o qədər genişdir ki, hətta Pentaqon belə Amerikanın xaricdəki hərbi bazalrının dəqiq sayını bilmir.
1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası atdıqdan üzü bəri ABŞ nüvə silahlarına toplam 7,2 trilyon dollar xərcləyib. 70 min nüvə silahı istehsal edib.
1991-ci ildə Soyuq müharibə başa çatanda ABŞ-ın hərbi arsenalında 23 min nüvə başlıqlı silah vardı. Onlardan 480 ədədi hazırda Avropada saxlanılmaqdadır. O cümlədən, Türkiyənin İncirlik hərbi bazasında da Amerikanın nüvə başlıqlı silahları var...
ABŞ-ın hərbi obyektləri ən sıx Almaniyada (218), Yaponiyada (115) və Cənubi Koreyada (86) yerləşir. Almaniyada 53.766, Yaponiyada 39.222, Cənubi Koreyada isə 28.500 Amerika əsgəri hərbi xidmətdədir.
Yaponiya iqtisadi göstəricilərinə görə dünyada ABŞ və Çindən sonra 3-cü yerdədir. Almaniya isə 4-cü yerdə qərar tutub. Buna baxmayaraq Almaniya və Yaponiya II Dünya Müharibəsində məğlubiyyətdən dolayı hələ də ABŞ+Böyük Britaniya ittifaqının qarşısında aciz görünür. Belə ki, öz suveren ərazilərində Amerika bazalarına yer vermək zorundadırlar. Eyni zamanda bu ölkələr Amerikanın törətdiyi bütün müharibələrə birmənalı şəkildə dəstək verirlər.
Hazırda Ukrayna müharibəsinə görə ABŞ başda olmaqla Qərbin küncə sıxışdırdığı Rusiya dəfələrlə nüvə silahına əl atacağı ilə bağlı dünyaya xəbərdarlıq edib. Aydındır ki, Rusiya üçün təhlükə yaransa Vladimir Putin nüvə bombalarının işə düşməsi üçün düyməni basa bilər. Yəni bu təhlükə son dərəcə realdır. Bəşər sivilizasiyası kataklizmlərlə üzləşə, planet ciddi dağıntılara məruz qala bilər. Onu da qeyd edək ki, ABŞ, Rusiya və Çindən başqa Rusiya Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Simali Koreya da nüvə silahına malikdir. Nüvə klubuna daxil olan ölkələrin iki yerə bölünməsi (Rusiya+Çin+Şimali Koreya və ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrail) və bir-birinə qarşı cəbhə açması isə sakini olduğumuz Yaşıl planeti darmadağın edə bilər. Bu ssenari də gündəmdədir...
Amerikanın nüvə doktrinası ilə bağlı son dərəcə ilginc bir məqama da toxunmaqda fayda var. Amerikanın ermənilərə xüsusi simpatiyasının olması köhnə söhbətdir. Mələklər şəhəri kimi tanınan Los-Ancelesdə yarım milyon erməninin yaşaması da bu simpatiyanın bariz nümunəsidir...
Yuxarıda qeyd etdiyim kimi, II Dünya Müharibəsinin rəsmi başa çatmasından (2 sentyabr 1945-ci il) cəmi iki həftə sonra ABŞ-ın Müharibə Departamenti “Sovet İttifaqını xəritədən silmək” (66 şəhərə 204 atom bombası atmaqla) layihəsini (15 sentyabr 1945-ci il) gündəmə gətirdi. Plana əsasən SSRİ-nin böyük və iqtisadi baxımdan strateji şəhərləri atom bombalarının yağışı altına düşəcəkdi.
66 şəhərin arasında Cənubi Qafqazın Bakı və Tiflis kimi şəhərləri də var. Hətta Batumi, Maxaçqala və Qroznı kimi şəhərlər də o siyahıda yer almışdı. Ancaq nə sirdirsə, Ermənistanın paytaxtı İrəvan SSRİ-nin bombalanması nəzərdə tutulan 66 şəhəri arşına düşməmişdi. Niyəsini özünüz bilirsiz. Elə deyilmi?...
Elbəyi Həsənli, Sürix