Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?



Rusiyada "Avtoyol” ("Avtodor”) dövlət şirkətinin keçmiş rəhbəri, bu günlərdə barəsində cinayət işi qaldırılan Sergey Kelbaxın işi üzrə sensasion detallar ortaya çıxıb.

Moskvanın Basmannıy rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən azərbaycanlı oliqarx-milyarder Araz Ağalarovun "Crocus İnternational” şirkəti "Avtoyol”-dan Moskva ətrafındakı Mərkəzi Dairəvi Avtomobil Yolunun tikintisi üçün aldığı 14.6 milyard rublu yol tikintisi üçün deyil, depozit hesablarında yerləşdirmək üçün istifadə edib.

Xəbər verildiyi kimi Kelbax vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. Hazırda o, "Rusiya Dəmir Yolları” QSC-nin rəhbərinin müşaviridir. Kelbaxa qarşı irəli sürülmüş ittihamın epizodlarından birinə əsasən o, dövlət büdcəsindən "Avtoyol”a ayrılmış vəsaitin 2 milyard rublunu 2017-ci ildə "Crocus İnternational” şirkətinə "qanunsuz olaraq” əlavə avans şəklində ödəyib. Beləliklə də o, Mərkəzi Dairəvi Yolun tikintisi üçün 2014-2018-ci illərdə ayrılmış büdcə vəsaitlərini qanunsuz istifadə edib, 2014-cü ildə "Crocus İnternational” şirkəti ilə bağlanmış uzunmüddətli investisiya razılaşmasının yerinə yetirilməsi prosesində öz səlahiyyətlərindən sui-istifadəyə yol verib.

Ağalarovun şirkəti 2015-ci ildə Mərkəzi Dairəvi Yolun tikintisi layihəsində əvvəlki podratçını-"Stroyqazkonsaltinq” şirkətini əvəzləyib. Çünki bu şirkət tenderi udsa da heç bir iş görməmişdi. "Crocus” şirkətinə isə 49 kilometrlik yolun tikintisi üçün cəmi 48 milyard rubl ayrılıb. Hazırda yolun tikintisi davam edir.

İndi isə məlum olur ki, İstintaq Komitəsi Araz Ağalarovun "Crocus İnternational” şirkəti "Avtodor” dövlət şirkətindən 2015-2017-ci illərdə 12.6 və 2 milyard rubl olmaqla iki avans alıb. Və həmin avansı Moskva ətrafında Mərkəzi Dairəvi Avtomobil Yolunun birinci sahəsinin tikintisi üçün xərcləmək əvəzinə faizlər şəklində gəlir əldə etmək məqsədi güdərək depozit kimi bankda yerləşdirib.

Bu məsələ Basmannıy rayon məhkəməsinin hakimi Artur Karpovun çıxardığı qətnamədə əksini tapır. Məhkəmə "Avtodor” rəhbəri Sergey Kelbaxa qarşı cinayət işi çərçivəsində sənədlərin götürülməsini sanksiyalaşdırıb.

RBC həmin qətnamənin surətinə malikdir və iş materialları ilə tanış olan mənbə onun həqiqiliyini təsdiqləyir. "Crocus” şirkəti isə bu ittihamları təsdiq etmir.

"Pul vəsaitləri ("Avtodor”dan) "Sberbank”da xüsusi bank hesabına ("Crocus İnternational” şirkətinə aid ) daxil olub. Hesab rejimi müvəqqəti olaraq sərbəst sayılan pul vəsaitlərinin depozit şəklində yerləşdirilməsinə icazə vermir”,-Ağalarovun şirkətinin nümayəndəsi iddiaları təkzib edərək belə deyib. O əlavə edib ki, hesabdakı vəsait qalığı üzrə illik bank faizi 0.25 faiz təşkil edirdi və yığılan faiz gəlirlərini ancaq yol tikintisi layihəsinə xərcləmək olardı. Şirkət nümayəndəsi habelə bildirib ki, "Crocus”a istintaq orqanlarından sənədlərin çıxarılıb verilməsi barədə sorğu daxil olmayıb.

"Sberbank” nümayəndəsi məsələyə şərh verməyib.

İstintaq Komitəsinin Kelbaxa iradı bundan ibarətdir ki, "Crocus” şirkətinə köçürülmüş 12.6 milyard rubl məbləğində birinci avans maksimal idi. Çünki dövlət şirkəti podratçıya ümumi sifarişin məbləğinin 30 faizindən çox olmamaq şərti ilə avans verə bilər. Lakin 2017-ci ilin dekabrında Kelbaxın göstərişi əsasında "Avtodor” "Crcus İnternational” şirkətinin hesabına "əsassız olaraq” daha 2 milyard rubl köçürüb. Beləliklə də şirkət ümumi layihə büdcəsinin 34.6 faizi həcmində avans alıb.

Lakin "Crocus” şirkəti bildirir ki, bütün avanslar 30 faizlik dövlət maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib və "Sberbank”ın qarantiyası ilə təmin olunub.

Şirkət həmin yol layihəsinin hazırda 65-70 faizinin hazır olduğunu bildirir. Büdcə isə dəyişməyib-48.9 milyard rubl. Bunun 44 milyard rublu büdcə vəsaitidir. Yol layihəsi 2020-ci ildə başa çatmalıdır. 

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10