Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

10 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür: “Pul silməkdən başqa bir şey deyil”


Ucar Rayon Mərkəzi Xəstəxanasının bir illik dəftərxana xərclərinə 10 milyon manatlıq tender elanı və bu tenderi "Köçəkli” MMC tərəfindən qazanılması ilə bağlı xəbərlər mediada müzakirə olunur. Mütəxəssislər bu məbləğdə dəftərxana xərcinin qeyri-mümkün olduğunu bildirdilər. 
Keçmiş deputat, ekspert Nazim Bəydəmirli də 10 milyon manatı bir ildə bir xəstəxanada dəftərxana işlərinə xərclənməsini   mümükünsüz hesab edir. O bildirib ki, bu, pul silmək ilə bağlı bir əməliyyatdır və bu əməliyyat yalnız qurum sahibinin şəxsi biznes marağına xidmət edir.

Ekspert vurğulayır ki, Azərbaycanda tenderlərin yalnız kağız üzərində baş verdiyi haqqında hətta orta sinif şagirdlərinin də məlumatı var: "Çox təəssüf edirəm ki, dövlət satınalınmaları haqqında qanun olsa belə əməl olunmur. Hətta bununla bağlı agentlik də var idi. Bu barədə kifayət qədər danışılıb, həm Milli Məclisin deputatları, həm də müxtəlif ekspertlər tərəfindən.

Bununla bağlı jurnalist araşdırmaları da var və bu jurnalist araşdırmalarında sübut olunub ki, "Azərişıq”ın rəhbəri, "Azərsu” rəhbəri yeni təyin olunan zaman bir ayda yeni yaradılmış şirkətlərə, öz yaxın qohumlarının, öz ailə üzvlərinin şirkətlərinə 100 milyon manatlarla olan tenderləri vermişlər. Qanunvericilik birbaşa bu sahədə təcrübəsi olmayan, işləməyən şirkətlərin belə tenderdə iştirakını qadağan edir.

Təbii ki, hər bir belə fakt araşdırılmalıdır. Qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır və dövlətə vurulmuş ziyan ödənilməlidir. Necə ki, biz hər il şahidi oluruq, Hesablama Palatasının müvafiq hesabatlarında büdcə vəsaitlərinin  hesablanması ilə bağlı çox təəssüf edirik ki, çox xırda rəqəmlər səsləndirilir. Bu rəqəmlər açıq-aşkar cinayət məsluyyəti yaradırki, bu da ən uzağı hər hansı bir məmurun işdən kənarlaşması faktı ilə nəticələnir. 

Əlbəttə ki, bütün ölkələrdə korrupsiyaya meyl var. Amma Azərbaycanda "məmur sahibkarlığı” adlandırılan məfhum bütün sahələri iflic vəziyyətə salıb. Həmin tenderlerdə dövlət vəsaiti mənimsəmək, vəsaiti şəxsi məsələlər üçün istifadə etmək və pul silməkdən başqa bir şey deyildir.

İndi bütün hesabatlar elektron formada verilir. Ayrıca bir informasiya texnologiyalarından istifadə bu xərcələri azaldıb. Mən burda aylıq xərcin heç 100 AZN-i keçmədiyi qənaətindəyəm. 

Bizim klinika balaca klinikadır, sosial kilinikadır. Bu dəftərxana xərclərinin üzərinə kortic dəyişdirilməsi xərclərini gəlsək belə, çox cüzi xərclərdir. Bu xərclər heç ümumi xərclərin 1%-i də deyil. Müqayisə etmək lüzumsuzdur. 

Özünə hörmət edən orqanlar bürokratiyanı azaltmalıdırlar. Bundan əlavə çalışırıq ki, dövlət satınalmaları sahibkarlar tərəfindən bölüşdürülsün. Deyək ki, hər hansı bir saytın satın alınması adı altında müxtəlif tenderlər keçirirlər və burda katastrofik, astronamik qiymətlər ortaya çıxır. Milyonlarla  manatlar hansısa saytın, informasiya resurslarının yaradılmasına xidmət edir. Mən başa düşürəm ki, bəzi dövlət orqaqnları təhlükəsizlik məqsədilə vəsait xərcləyə bilər və bu lazımdır. Ancaq bunlar milyonlarla manatlarla ölçülməməlidir”.


https://yenisabah.az/10-milyonluq-defterxana-xerci-qalmaqali-boyuyur





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10