Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Edamlar və qətllər çıxış yolu deyil


Tehran rejimi sələfilərinin taleyindən nəticə çıxarmalıdır.

İrandakı rejim Hammurapi dövründən qalma cəzaları islam adı altında tətbiq etməklə din adından sui-istifadə edir. 

Ümumiyyətlə, son yüz ildə İranda pəhləvilərin və indiki rejimin bu cəza üsulu cəmiyyətə heç bir təsir göstərməyib. 

Bu ölkədə az qala hər gün ya edam hökmü çıxarılır, ya da bu cəza icra olunur. Ancaq dəyişən nəsə yoxdur. 

Bu istiqamətdə bəzi mətləblərə nəzər yetirilməsini istərdik. 

İranda edam hökmləri əsasən, narkotik maddələrin qanunsuz dövriyyəsi  ilə məşğul olanlara, zina edənlərə, qatillərə tətbiq edilir. Daha doğrusu, məhkəmə şəffaf keçirilmədiyindən bu barədə hökmlər siyasi müxaliflər barəsində də çıxarılır. Son hadisələr bunu təsdiqləyib.

Edam hökmü pəhləvilərin hakimiyyəti dövründə də icra olunub. Hətta Azərbaycan Milli Hökumətinin qurucularına, onun tərəfdarlarına Məhəmmədrza şah rejimi bu cəzanı tətbiq etmişdi. O dövrdə pəhləvi rejimi Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirmişdi. Həmin illərdə milli hüquqlarını, ana dilində təhsil kimi məsələləri müdafiə etmiş minlərlə azərbaycanlı qətlə yetirilib, vətəndən didərgin salınıb və s. məhrumiyyətlərlə üzləşib. 

İran mərkəzli panfarsist rejim həyata keçirdiyi bu mürtəce əməli ilə Azərbaycan türklərinin istəklərindən əl çəkməsinə nail olmağa səy göstərsə də, həmin qanlı hadisələrdən 33 il sonra Güney Azərbaycan türkləri Məhəmmədrza şahın qeyri-legitim hakimiyyətinə son verənlərdən oldu. Onlar Azərbaycan türkcəsində təhsili yenə şərt olaraq irəli sürdü. Bu gün də onlar  etiraz aksiyalarında “Azadlıq, ədalət milli hökumət!” şüarını irəli sürməklə milli haqların təmini uğrunda mübarizənin davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar.

Pəhləvilər İranın demokratikləşməsi uğrunda minlərlə insanın da qanına bais olublar. Rza Pəhləvi “İrana demokratiya, Azərbaycana muxtariyyət!” şüarını irəli sürmüş Şeyx Məhəmməd Xiyabaninin edam edərək, nəşinin dəfn olunmasına bir neçə gün icazə verməyib. 

Mövcud rejim də Pəhləvilər kimi, aidiyyəti olmayan müxtəlif ittihamlarla müxalifəti zəiflətməyə çalışır, fərqli düşüncəli insanları gözdən salır, onları təqib edir, müxtəlif cür təzyiq göstərir. 

Tehran hakimiyyəti bu üsuldan 44 ildir istifadə edir. Ancaq heç nə dəyişməyib. Cəmiyyəti azadlıq, ədalət  istəklərini yenə müdafiə edir. Son 8 ayda İrandakı etiraz aksiyaları buna əyani sübutdur. 

İrandakı rejimin bu müddətdə 600-dən çox  dinc aksiyaçını qətlə yetirməklə etirazların qarşısını ala bilməyib. 

Son hadisələr zamanı Tehran rejimi ən çox etnik bəlucları qətlə yetirib. Ancaq onların dinc aksiyalar davam edir. Hər həftənin cümə günü onlar Sistan-Bəlucistan əyalətinin mərkəzi şəhəri Zahidanda rejim əleyhinə aksiya keçirirlər. Bu şəhərdəki Məkkə məscidinin imam cüməsi Mövləvi Əbdül Həmid cümə xütbələrinin birində bildirib ki, həbslər, qətllər, edamlar mövcud böhrandan çıxış yolu deyil. O, hakimiyyətə xəbərdarlıq edərək deyib ki, bu yol dalana aparır. 

Başqa tərəfdən, edamlar, qətllər, təzyiq və təqiblər cəmiyyətdə qisas hissini artırır. 

Hakimiyyətin edam və başqa cəzalar vasitəsi ilə cəmiyyəti islah etmək cəhdləri  uğursuzluqla nəticələnir. Cəmiyyət rejimin törətdiyi cinayətlərin cavabını özü verməyə çalışır. 

Son zamanlar yüksək rütbəli SEPAH komandirləri, yaxud başqa vəzifə sahiblərinin qətli barədə tez-tez xəbərlər yayılır. Tehranın Bəharistan bölgəsində yerləşən SEPAH-ın Mühafizə Qərargahı inqilabçı gənclər tərəfindən yandırılıb.

Son həftələrdə 23 etnik bəluc gəncin rejim tərəfindən edamına cavab olaraq, Tehran əyalətində yerləşən SEPAH-ın “Seyyid əş-Şühəda” Korpusuna bağlı Bəsic qüvvələrinə məxsus “Əbülfəzl” bazası ardıcıl partlayışlara məruz qalaraq, yanıb. 

Güney Azərbaycanın Üskü şəhərindən olan Sepah zabiti Əmirrza Fəqiri-Beyrami İranın şimal-qərb sərhədində öldürülüb. Bəzi mənbələr naməlum şəxslərin Mazandaran şəhərinin Niştarud məhkəməsinə silahlı basqın etdiyini bildirib. Hadisə nəticəsində iki hakim və bir dövlət ittihamçısının güllələndiyi qeyd olunub. 

İranın İnsan Hüquqları müdafiəsi təşkilatı “HARANA”nın məlumatına əsasən, 11 gün ərzində İranın Kərəc, Urmiya, İsfahan, Abadan, Ərdəbil, Yəzd, Rəşt, Qəzvin, Nişapur, Salmas, Şiraz, Zahidan, Xürrəmabad, Törbəti-Cəm və başqa şəhərlərindəki həbsxanalarda 57 edam hökmü icra olunub. 

Bu kimi faktlar bir daha sübut edir ki, cəmiyyətin haqlı tələblərini edamlar, qətllər, həbslərlə qarşılamaq çıxış yolu deyil. Çünki indiki rejimdən əvvəlkilər də cəmiyyətin tələblərinin bu üsulla qarşılamışdı. Nəticə olmadı. Əksinə, yeni etiraz aksiyaları başladı. Rza, Məhəmmədrza şah pəhləvilərin səhvini indiki Tehran rejimi də təkrarlayır. Onları arxalandıqları qərb belə müdafiə edə bilmədiyi halda, indikiləri Çin, Rusiya, Venesuela, Şimali Koreya, Ermənistan, Belarus çətin qoruyub, hakimiyyətdə saxlaya…

Odur ki, edamlar, qətllər, təzyiq və təqiblərlə dəyişməyən, “sözəbaxan” olmayan cəmiyyət ona qarşı olan rejimləri özü dəyişir.

Sədrəddin Soltan 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10