Dərin dəniz xəritələri hazırlayan “Magellan” şirkətinin tədqiqatçıları “Titanik”in qalıqları arasında gizli qalmış xəzinəni tapıblar. Məlumata görə, bu meqalodon (nəsli tükənmiş köpək balığı) dişli qızıl boyunbağıdır və onu 1912-ci ildə Titanik batdıqdan sonra heç kim görməyib.
Itv.news bununla bağlı kadrları yayımlayıb.
“Magellan”ın sualtı aparatları ötən yay 200 saatdan çox vaxt sərf edərək gəminin 700 000 çəkilişini ediblər və onun 3D rekonstruksiyasını yaradıblar.
“Heç kim “Titanik”in iki hissədən ibarət olduğunu başa düşmür: burun və arxa hissə. Onların arasında sahəsi 8 kvadrat kilometr olan böyük bir dağıntı sahəsi var. Biz bu hissənin şəkillərini çəkə bildik. İşimiz o qədər təfərrüatlı idi ki, bu detalı görə bildik”, - deyə şirkətdən bildirilib.
Mövcud müqavilələrə əsasən, tədqiqatçılara artefaktlara toxunmağa icazə verilmir. Bununla belə, “Magellan” komandası ümid edir ki, onlar süni intellektdən istifadə edərək bir zamanlar sözügedən boyunbağını taxan şəxsi müəyyənləşdirə biləcəklər. Mütəxəssislər sərnişinlərin gəmiyə minməsi zamanı çəkilmiş görüntüləri təhlil etməyi planlaşdırırlar.