2023-ci il may ayının 31 də ölkənin İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov başda olmaqla Ekologiya və Təbii Ehtiyatlar naziri Muxtar Babayev, maliyyə naziri Samir Şərifov, Azərbaycanın Kənd Təsərrüfatı nazir Mislim Məmmədov, Azərbaycan Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılov, AzərEnerjinin rəisi Baba Rzayev və digər rəsmilərin Masallı rayonuna gəlişi gözlənilir.
Məqsəd “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqında” ölkə başçısının sərəncamı ilə yaradılmış komissiyanın fəaliyyəti çərçivəsində Viləşçay Su Anbarının 2-ci növbəsinin tikintisi məsələsini müzakirə etməkdir. Xatırladırıq ki, ilkin layihə smetası 100 milyon manata yaxın olan bu tikintinin inşası reallaşmaq ərəfəsindədir.
Yüzlərlə insanın işlə təmin olunmasına, Masallı və qonşu rayonlarının davamlı şəkildə su ilə təmin edilməsinə şərait yaradacaq bu tikinti, həm də o istiqamətdə yol və digər infrastrukturun yenilənməsinə təkan verəcək.
Cenub.az. Zahir Əmənov