Millət vəkili: “Xüsusilə təhlükəsiz ərazilərdəki evlərin sənədləşməsi qısa müddətə həyata keçirilə bilər”
Azərbaycanda sənədsiz evlərlə bağlı problem həllini gözləyə-gözləyə qalıb. Sovet dövründən torpaqların və fərdi evlərin sənədləşməsi sahəsində mövcud olan çətinliklər müstəqillik dövründə daha da dərinləşərək, böyük problemə çevrilib.
Xüsusilə Bakı və Abşeron yarımadasında uzun illərdir nizamsız şəkildə tikilən yüz minlərlə fərdi ev hazırda heç bir qeydiyyatı olmadan qalır. Hər il belə evlərin sayında 10 minlərlə artım qeydə alınsa da, hökumət son 15 ilə yaxın dövrdə nə qanunsuz tikintilərin qarısını ala bilib, nə də sənədsiz evləri sənədləşdirə. 2011-ci ildən bəri Prezidentin belə evlərin sənədləşdirilməsi prosesini asanlaşdırmağa xidmət edən bir neçə fərman və sərəncamı olsa da, onların icrası sahəsində ciddi fəallıq müşahidə olunmur.
Bəzi hesablamalara əsasən hazırda təkcə Bakı və ətraf qəsəbələrdə sənədsiz evlərin sayı 450-600 min arasındadır. Bir neçə il əvvəl xüsusi komissiya tərəfindən qanunsuz, yəni icazəsiz tikilmiş evlərin inventarizasiyasının aparıldığı, tikintiyə icazə verilməyən ərazilərdə 400 min belə evin qeydə alındığına dair məlumatlar yayılıb. Bu evlərin kənd təsərrüfatı təyinatlı, yaxud sənaye əhəmiyyətli, habelə mühüm kommunal, avtomobil və dəmiryol xətlərinin mühafizə zonalarında tikildiyi bildirilirdi. Bundan əlavə, bir sıra evlər bələdiyyələr tərəfindən dövlət mülkiyyətindəki torpaq sahələrinin qanunsuz satdığı ərazilərdə inşa olunub. Başqa bir qrup evlər Sovet dövründən Bakı ətrafı kəndlərdə vətəndaşlara ayrılan, lakin müvafiq sənədləşmə aparılmayan ərazilərdə tikilib. Ümumilikdə ekspertlərin qənaətinə görə, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın, regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Bu hesablamalar əsasən kommunal xidmətlərdə qeydiyyatda olan abunəçi sayı əsasında müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi ilə təmin olunan əhali abonentlərinin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir. Qanuni qeydiyyatı olan evlərin sayını bu göstəricidən çıxmaqla, rəsmiləşməsi hələ də aparılmayan ev sayını müəyyən etmək olur.
Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesi asanlaşdırılıb və onlarda olan bir neçə min mənzil qeydiyyata alınıb. Ondan sonra açıqlanan rəsmi məlumatlarda fərdi evlərin də sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı, Əmlak Məsələləri Dövlət Xidmətinin isə qeydiyyatsız evlərin siyahıya salınması haqda təkliflərini ölkə Prezidentinə təqdim edəcəyi, problemin vahid yanaşma əsasında həll olunacağı bildirilsə də, indiyədək konkret addımlar atılmayıb.
Dövlət Əmlak Ximdətindən verilən məlumata görə, ölkə Prezidentinin problemə müdaxiləsi, eyni zamanda, imzaladığı 13 yanvar 2015-ci il tarixli fərmana əsasən, 2015-2021-ci illər ərzində 100 mindən çox ev sənədləşdirilib, keçən il isə 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Aydın məsələdir ki, bu, mövcud və yeni tikilən evlərin sayı ilə müqayisədə çox kiçik rəqəmdir.
Yüz minlərlə yaşayış evinin sənədləşməməsi insanların bir çox hüquqlarını məhdudlaşdırmaqla yanaşı, dövləti irihəcmli gəlirlərdən də məhrum edir. Belə ki, müstəqil ekspertlərin hesablamalarına görə, qeydiyyat problemi həll olunarsa, sənədsiz evlərin üzərində aparılan əməliyyatlar nəticəsində il ərzində büdcəyə bu və ya digər şəkildə təqribən 100 milyon manatadək vəsait daxil ola bilər.
İndi yenidən sənədsiz evlər probleminin həllinə ümidlər yaranmağa başlayıb. Belə ki, Fed.az-ın yaydığı məlumat görə, Azərbaycanda “Maliyyə və əmlak amnistiyası haqqında” qanun layihəsi hazırlanır. Sözügedən qanun çərçivəsində digər məsələlərlə yanaşı, vaxtilə qanunsuz tikilən və indiyədək sənədləşdirilməmiş tikililərin taleyi də həll olunacaq. Bu qanun çərçivəsində həmin tikililərin sənədləşdirilməsi gözlənilir: “2019-cu ildən başlayan proses çərçivəsində qanunsuz tikililərin inventarizasiyası aparılıb. Məlumata görə, qanun çərçivəsində qanunsuz obyektlərin sənədləşdirilməsi ilə bağlı nəzərdən keçirilən üsullardan biri də həmin obyektlərin kiçik məbləğ - tikilinin qiymətini cüzi hissəsini ödəməklə sənədləşdirilməsidir”.
Xatırladaq ki, Azərbaycanda maliyyə və əmlak amnistiyasının hazırlanması barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci ildə məlumat açıqlamışdı. Ötən müddət ərzində müvafiq qanun layihəsinin hazırlanmasına dair bir neçə dəfə məlumat açıqlanıb.
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, müvafiq qanun layihəsi Milli Məclisə daxil olmadığından onunla bağlı nəsə demək mümkün deyil: “Biz sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı təkliflərimizi mütəmadi olaraq təqdim edirik. Bakı və Bakı ətrafında 500 mindən artıq sənədləşməmiş yaşayış evləri var. Düşünürük ki, sənədləşmə olmadan təhlükəsiz ərazilərdə, qeyri-mühafizə zolaqlarında tikilən evlər qısa bir vaxtda rahatlıqla sənədləşdirilə bilər. Bu istiqamətdə addımlar tezləşdirilməli, sənədsiz evlərin çıxarışla təmin olunması prosesi sürətləndirilməlidir”.
Yazını hazırladı: Dünya SAKİT