Hazırda Masallıda Mərkəzi Poçtdan əlavə 42 poçt şöbəsi fəaliyyət göstərir. Onlardan 4-ü şəhər mərkəzində, 2-si qəsəbələrdə, 36 isə kəndlərdə yerləşir. Bu günlərdə bəlli olub ki, 4-ü şəhərdə, 7-i isə kəndlərdə fəaliyyət göstərən, rentabelli olmayan poçt şöbələri fəaliyyətini dayandırır. 11 nəfər, təxminən o qədər də ailə işsiz qalır.
Bunların bəziləri yarımştat işçi kimi çalışırdı.
Hazırda AzərPoçtun yeni rəhbərliyi strukturda islahatlar apardığı üçün belə addım atıb.
Beləliklə, Masallı şəhərində Digah, Dadva (2), İsgəndərli ərazilərindəki, eləcə də rayonun Miyankü, Hacıtəpə, Yeddioymaq 1, Qodman, Lürən, Oncəqala, Viləş, Qarğalıq, Sərçuvar kəndlərindəki filiallar bağlanacaq.
Həmin kəndlərin sakinləri qonşu kəndlərdəki poçt filiallarından istifadə etmək məcburiyyətində qalacaq.
Hazırda bununla bağlı yuxarı təşkilatları kütləvi etiraz məktubları göndərilib.
Məlumat üçün bildirə ki, 1 ildən artıqdır rayon poçt şöbələri rəhbərsiz işləyir. Bölgəmizdə, (Mərkəz Cəlilabad olmaqla) Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarını əhatə edən poçt şöbələri, necə deyərlər, uzun müddətdir müdirsizdir.
Bu tərəfdən də yerli şöbələrinin ən azı 4-də birinin ixtisar, daha doğrusu, ləğv olunması yerli sakinlər üçün əlavə problemlər yaradacaq.
Məsələn, Masallı şəhərində Dadva (2), İsgəndərli, Digah ərazilərində 4 poçt fəaliyyət göstərirdi. İndi bu ərazidəki vətəndaşların hamısı şəhərdəki Mərkəzi Poçta getməlidir.
Belə getsə, Mirzə Cəlilin “Poçt qutusu”ndakı Novruzəli yenidən peyda olacaq.
Zahir Əmənov. Cenub.az