Daha öncə xəbər verdiyimiz kimi, əslən Masallının Mahmudavar kəndindən olan Dəniz Səttarlı yeni uğurlara imza atmaqda davam edir. Belə ki, 1-7 may tarixində keçirilən 57-ci beynəlxalq Mendeleyev olimpiadasında bürünc medala layiq görülüb.
(Xatırladaq ki, Dəniz bu il 82300 dollar təqaüdlə dünyanın ən nüfuzlu universitetinə, Abş-ın Massachusetts Texnologiya universitetinə qəbul olub)
Qazaxıstanının Astana şəhərində təşkil olunan beynəlxalq Kimya olimpiadasında ümumilikdə 21 ölkədən 113 məktəbli iştirak edib. Azərbaycanı bu olimpiadada 5 şagird təmsil edib ki, onlardan da yalnız Dəniz fərqlənərək medal alanların siyahısına adını yazdıra bilib.
Məlumat üçün bildiririk ki, bu olimpiyada 3 turdan ibarətdir:
- Birinci turda məktəblilər mürəkkəbliyi ixtisaslaşdırılmış kimya dərslərinin proqramına uyğun gələn səkkiz tapşırığı həll etməlidirlər.
- İkinci turda iştirakçılar kimyanın hər bölməsindən bir tapşırığı yerinə yetirməklə hazırlıqlarının çox yönlü olduğunu nümayiş etdirməlidirlər.
- Son turda kimyəvi laboratoriyada işləmək bacarıqları yoxlanılır, yəni maddələrin kimyəvi analizini aparmaq və təklif olunan üsula uyğun sintez aparmaq bacarığı.
Qeyd edək ki, Dəniz buna kimi 2 dəfə Respublika fənn olimpiadalarının qızıl medalına və bir dəfə də beynəlxalq (Çində) Kimya olimpiadasının bürünc medalına layiq görülmüşdür.
Dənizi təbrik edir, növbəti uğurlarını səbirsizliklə gözləyirik!
Faiq Hüseynzadə, Cenub.az