Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib. Onun nəşi 5 gün Sabunçu Tibb Mərkəzinin morqunda qalıb. Məsələ ictimailəşənə kimi Ç.Aslanovun cənazəsini təhvil alan olmayıb.
Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onlar Siyavuş Aslanla vaxtilə birlikdə səhnə almış, ona yaxın olan bəzi sənət adamlarını və ailə üzvlərini də qınaq atəşinə tutublar.
Məsələ ilə bağlı danışan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bu xəbəri eşidəndə çox təsirləndiyini deyib:
“Mən xəbəri eşidəndən bəri özümə gələ bilmirəm. Mən onları Yaşar sayəsində ailəvi tanıyırdım. Elə şeylər var ki, oxuyursan xəbər kimi keçirsən, amma Çingiz Aslanovun küçədə ölümü, morqa yerləşdirilməyi mənə çox pis təsir etdi. Onun meyitinin bu cür başsız qalmağı mənə çox toxundu. Yaşar aralarında olan yaş fərqinə baxmayaraq, Siyavuş Aslanla yaxşı münasibətdə idi. O, dəfələrlə Siyavuş Aslanın evində qonaq olub. Mən də bəzən həyat yoldaşı Ofeliya ilə bağlı suallar verirdim ki, münasibətləri necədir, barışdılarmı filan. Elə faktlar var ki, bilsəm də onları üzə çıxarmaq, kiminsə şəxsi həyatı ilə bağlı danışmaq istəmirəm. Siyavuş Aslanın 2 oğlu vardı - Çingiz və Eldar Aslan. Dövlət bizə ev hədiyyə etmişdi, həmin binada onlarla qonşu idik. O vaxt Eldarı da, həyat yoldaşını, qızlarını, Çingizi də uzaqdan görürdüm. Sonradan onlar evi satıb getdilər. Eldarın normal ailəsi vardı, Türkiyədə yaşayırdı, indi deyəsən, həyat yoldaşından da boşanıb. Bildiyim qədərilə o, Azərbaycanda deyil. Amma Çingizin ölümü, xüsusən nəşinin küçədən tapılmağı mənə çox təsir etdi”.
R.Nuriyeva bu məsələni Mədəniyyət Nazirliyinin nəzarətə götürməsindən məmnun qaldığını bildirib:
“Yaxşı ki, bu gündən bu işlə məşğul oldular. Fikrimcə, ilk növbədə teatr bununla maraqlanmalı idi. Siyavuş Aslan teatrın sevilən aktyorlarından biri olub. Amma indi teatrda vəzifə bölgüsü gedir, yəqin başları qarışıqdır.
Siyavuş Aslanla səhnə alan yaşlı aktyor, aktrisalardan bunu gözləmək olmaz. Onların nə qədər maaş, təqaüd aldığını hamı bilir, özləri güclə dolanır. Mədəniyyətin keşiyində dayanan qurumlar bu məsələni çoxdan həll etməli idilər. Düzdür, indi edirlər, amma artıq gecdir, 1 həftə keçib...”.
Əsmətxanım Rzazadə /Yenisabah.az