Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bətnindəki uşağa kitab oxuyan qadın, eyni sualı verən qız, göyərçinləri əsası ilə ürküdən qoca – Məqsəd Nurun imza günündən reportaj


Ülvi Bahadırın yazıçı Məqsəd Nurun “Oliqarxın alaçığı” kitabının imza günündən hazırladığı reportajı təqdim edirik.

Saat 11:40

“Məqsəd Nurun kitab təqdimatını unutma”.

Baş redaktorumuzun xatırlatmasını görəndən sonra mağazanın basabasından çıxıb, unutmadığımı yazıram. Səmaya baxıram. Günəş boz-bulanıq şəhərə qonaq gəlib. Bir tərəfdən də ərköyün külək adamları piyada keçidindən keçirir.

14:00

Güzgüyə baxıram. Saqqalım gurlaşıb. Qırxmaq istəyirəm, amma qırxmıram. Saqqalımdan reportajda kamuflyaj kimi istifadə eləməyə qərar verirəm. Guya saqqal olmasa, fanatlarım qoymayacaq reportaj hazırlamağa...

14:20

Birtəhər bel çantamla zamanın nəbzini tutub üz qoyuram metroya.

15:06

LİBRAFF-ın təmir gedən bınasının qabağındayam. “6 dəqiqədən bir şey olmaz” deyibən içəri daxil oluram. Elə təzəcə bismillah eləyirdim ki:

– Salam. Nəsə lazım idi?

Qırmızı köynəkli qız nəzakətlə soruşur.

– Xeyr. Çox sağ olun.

Cavanşir Yusifli stenddəki kitablara baxır. Arabir əlinə alıb vərəqləyir.

LİBRAFF-ın əməkdaşı Sərxan Rüstəmov hamını salamlayır:

“Çox sağ olun ki, istirahət gününüzü ayırıb gəlmisiniz. Biz bu tədbirlə bağlı 1 aydan çoxdur ki, Məqsəd bəylə danışırıq. Tədbirin gününü təyin etməklə bağlı çox həssas davranırdı. Davamlı qonaqları düşünürdü. Hansı günə salım ki, onlara rahat olsun. Görünür, imza gününə gələnlər də belə həssaslıqla yanaşıblar. Çox sağ olun gəldiyiniz üçün”.

Ətrafıma göz gəzdirirəm. Gözüm İlham Əzizə sataşır. Yaxınlaşıb salamlaşıram. Yenə ətrafıma baxıram. Yox, deyəsən, kamuflyaj effekt verir. Ehmalca saqqalımı sığallayıb hadisə yerinə dönürəm.

Kitabın naşiri, “Mücrü” nəşriyyatının rəhbəri Müşfiq Xan mikrofonu əlinə götürür:

“Hər birinizi xoş gördük, əziz dostlar. Çoxdandır belə möhtəşəm tədbirdə iştirak eləmirdim. Biz bu kitabın nəşrini 3 il bundan əvvəl, nəşriyyatın qurulduğu ildə planlaşdırmışdıq. Görünür bu günə qismətmiş. Məqsəd bəy kitabın ön sözündə maraqlı bir qeyd yazıb. “Bununla da mən bu yazılarımı oxucuların öhdəsinə buraxıb: gedirəm növbəti romanımı yazmağa”. Yeri gəlmişkən, yeni irihəcmli romanını bitirib. Bu barədə onunla danışmışıq”.

– Nəsə lazım idi?

– Xeyr. Çox sağ olun.

Balaca uşaq yanımdan ötüb stullardan birində oturur. Saçını astaca yana eləyib söz verilən AYB-nin katibi Səlim Babullaoğlunun çıxışına baxmağa başlayır.

“Hər vaxtınız xeyir olsun. Məqsəd Nuru təbrik eləyirəm. “Şəhər meri”ni redaktə elədim və Məqsədi təşviq elədim ki, əsəri Milli Kitab Mükafatına təqdim eləsin və nəticə ürəkaçan oldu. Müstəqillik dövrünün 30 romanını müəyyən etmək mümkün olsaydı, o sırada mütləq “Şəhər meri” olacaqdı. Bu kitab ciddi ədəbi hadisədir. Ümid eləyirəm ki, əziz həmkarımız növbəti mərhələyə addımlayacaq və yaradıcı susqunluğun sonrasında daha uğurlu addımlar atacaq”.

Yavaş-yavaş adamlar çoxalmağa başlayır. Tanış simalar gözə dəyir, ancaq diqqətim çıxışlardadır. Çalışıram ki, reportaj zamanı insanlar orda bunun üçün olduğumu bilməsinlər. Belədə həm mən daha rahat oluram, həm də digərləri.

Müşahidələrim də konkretləşir.

Mikrofon səbəbkardadır. Məqsəd Nur hər zamankı kübarlığı ilə bizlərə səslənir:

“Uzun fasilədən sonra burda hər birinizi, ayrılıqda tanıdığım insanları görmək çox xoşdur. Sizi çox istəyirəm. Gələn ayaqlarınız var olsun. Bu kitabın içindəkilər 1988-2018-ci illər arasında yazdıqlarımdadır. Burdakı qəhrəmanlar müharibə dəhşətlərini instinktiv olaraq duymağa başlayırlar. Fəlakətin gəlişini silsilə hekayələrin içində hiss edəcəksiniz. Miniatür hekayələr bir-biri ilə şəbəkəli şəkildə bağlıdır. Şəki şəbəkəsi kimidir, mismardan istifadə edilməyib. Özü-özünü saxlayır. Ancaq roman estetikasındadır. Silsiləni oxuyarkən bir roman oxumuş kimi olursunuz”.

– Nəsə lazım idi?

– Xeyr. Çox sağ olun.

Məni Babəkin qırmızı bayrağı təki yellədən yellədən bu dialoqu qapının siqnalizasiyasının səsi üstələyir. Mikrofonu əlinə alan Aqil Abbas zarahatından qalmır:

“Kəlbəcərli olmasaydın, danışmayacaqdım. Əvvəla, hamınızı xoş gördük. İndiyədək neçə kitabım çıxıb, birini də satmamışam. 20 gün bundan qabaq bir kitabımı satdım. Satdım ki, insanlar kitab alsınlar. Yığışıb kitabı hədiyyə eləyirik. Niyə hədiyyə eləyək, canınız çıxsın, kitab alın! Bununla bağlı dünən “Ədalət” qəzetində böyük bir məqalə yazmışam”.

Tədbirin çıxış hissəsi yekunlaşır. Sıra gəlir kitab imzalatmağa. Adamlar giriş hissəsindən kitabları alıb səbəbkarın yanına doğru gəlir. Yan tərəfdə Qan Turalı ilə Pərviz Həsənov nəsə söhbət eləyib gülüşürlər.

Bir az aralıda Şərif Ağayar, Orxan Həsəni və Ömər Xəyyam dayanıb. Yaxınlaşıb salamlaşıram. Orxan yeni çapdan çıxacaq kitabından danışır. Kitabın redaktoru Şərif Ağayar belə şeylərdə tələsməməyi tövsiyə eləyir.

Bir az irəli addımlayıb kitab imzaladanlara doğru gəlirəm. Bir səs məni hadisə yerindən yayındırır.

Rəflərin arasında hamilə bir qadın uşaq kitabını əlində tutub orta tempdə oxuyur. Ara-sıra da gülümsəyib qarnını sığalayır. Narahat gözlərlə sağına-soluna baxır. Mane olmamaq üçün yerimi dəyişirəm. Heç kimin olmadığını görüb davam eləyir. Bu dəqiqə o körpənin yerində olmaq istəyən nə qədər insan var. Elə biri mən özüm...

Çevrilib imza yerinə qayıdıram. Mübariz Örənlə üz-üzə gəlirəm. Hər zamankı qayğıkeşliyi ilə salamlayıb hal-əhval tutur.

Sağ tərəfə Fəxri Uğurlu ilə İlqar Rəsul hansısa mövzuda qızğın müzakirələr aparır.

– Nəsə lazım idi?

– Xeyr. Çox sağ olun.

Qəfildən gözümə Aqşin Yenisey dəyir. Saçları ağarsa da, siması dəyişməyib. Səsi isə milyon səsin içindən tanınır.

Telefonla danışandan sonra imzalatmaq üçün kitab almağa gedir. Sayəsində hələ də kitab almadığı xatırlayıram. Hamı kimi sırada dayanıb kitabımı alıb imza stoluna yaxınlaşıram. Hamı səbəbkara kitab imzaladıb onunla xatirə şəkli şəkdirir.

Nəhayət ki, fürsət yetişir:

– Ülvi.

– Ülvi? (duruxur) Həə, mən Facebook-da sizi maraqla izləyirəm.

Məni xeyli sevindirib əlimi sıxır.

Kitabımı imzaladıb astaca binadan çıxıram. Qələm əhli binanın qarşısındakı ağacın yanında kölgələnir. Zəng gəlir. Cavab verib bağlayıram. Məqsəd Nur binanın qabağında dostları ilə sağollaşır. Məni görüb yenidən əlimi sıxıb şad olduğunu bildirir. Mən də əvəzində reportaj yazacağımı deyirəm. Xeyli sevinir.

Asta addımlarla metroya doğru irəliləyirəm. Çəlikli bir kişi binanın təmir olunan yerində, dəmir-dümürün arası ilə addımlayır. Getdiyi yerdə isə çıxış yoxdur. Çəliyi ilə göyərçinləyi hürküdür. Göz-gözə gəlirik. İti addımlarla uzaqlaşıram. Yanımda dayanan orta yaşlı kişi əli ilə cibimi göstərir. Telefonuma zəng gəlir:

– Nəsə lazım idi?

Kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10