Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bəlkə də arxamızca danışıblar, amma bizi görəndə biruzə verməyiblər...” - FOTOLAR


“Gərək oğlumu 20 yaşında evləndirərdim, elə nənə olmaq istəyirəm ki”
 
“Çıxıb efirdə bəzən elə şeylər danışırlar ki, sənətlərini də, özlərini də gözdən salırlar”
 
Xalq artisti Gülyaz Məmmədova sualları cavablandırıb.
 
- Gülyaz xanım, bu gün sizin doğum gününüzdür. İlk təbriki kimdən almısınız?
- İlk təbriki tələbələrimdən almışam. Hamısı bir yerə yığışıb, mənə sürpriz ediblər. Məni bir yerə yığmaq üçün hamı səfərbər olub. Təxminən 30-dan çox tələbəm bir yerə yığışmışdı. Evə gələn kimi də oğlum Ramazan gəlib məni öpüb-qucaqladı. Oğlum mənə indiyə qədər qızıl üzük, müxtəlif fotolarımı böyütdürüb mənə hədiyyə edib. Mən hədiyyəyə önəm vermirəm. Heç kimə qıymıram ki, mənə hədiyyə alsın. Əsas diqqətdir, qayğıdır.
 
- Xoşbəxt anasınız yoxsa xoşbəxt qadın?
- Xoşbəxt anlar, dəqiqələr olur. İnsan ömrü boyu xoşbəxt olmur. Mən xoşbəxtəm ki, Zakir kişinin və Şəhrəbanu ananın qızıyam. Mən çox xoşbəxtəm ki, çoxuşaqlı, kasıb, lakin mərd ailədə doğulmuşam. Nə yaxşı ki, qardaşlarım, bacılarım var. Biz 10 övladıq. 6 bacı, 4 qardaş. İnsan uşaq vaxtı xəyallarla yaşayır. O xəyallar illər sonra qanad açıb uçur, xəyalların gerçəkləşir, səni arzularına qovuşdurur. Bu gün sevilən bir müğənniyəm. Planlı şəkildə yaşayıram. Gənc olanda elə deyildik axı, arzulayırdıq ki, nə vaxt bizi tədbirlərə çağıracaqlar ki, gedib oxuyaq?! Yaş üstünə yaş gəldikcə həyat insanı təcrübələrdən, sınaqlardan çıxarır. Təbii ki, səhvlər də olur. Bəzən elə səhv insana rast gəlirsən ki. Yaxşı ki, o səhvləri edərək doğrulaşmışıq. 
 
- Ən böyük peşmanlığınız nə olub?
 
- Peşman olduğum məqamlar əlbəttə ki, var. Həm də peşmanlığı mən yaratmıram axı. Bu həm də qarşı tərəfdən asılıdır. Bəzən hansısa işim alınmayanda peşman oluram. Sonra öz-özümə deyirəm ki, “Allah bu qapını bağladısa, sabah başqa qapı açacaq”. Demək ki, Allah bunu mənə qismət etmədi. Həmişə bu fikirlərlə özümə təsəlli vermişəm. O vaxt bizim üçün deyirdilər ki, “bunlar niyə kökəlmirlər?”. Mən bunun üçün niyə peşiman olmalıyam ki?! İnsan var ki, pul tökür, arıqlaya bilmir. 
 
- Barmaqla sayılası sənətkarlardansınız ki, siz və Gülyanaq xanımın sənətdə münasibəti pis olan insan yoxdur. Yoxsa var, biz bilmirik?
 
- Xeyr, hamı ilə münasibətimiz yaxşıdır. Bəlkə də arxamızca danışıblar, amma bizi görəndə biruzə verməyiblər. Görünüşümüz, rəftarımız onları məcbur edib ki, bizimlə mehriban olsunlar. Təbii ki, ara-sıra qalmaqallara da çəkmək istəyiblər. Amma biz getməmişik. Küsülü qalmağı sevmirəm. Amma içimdə bağışlamadığım insanlar da var. Etdiyim yaxşılıqları unuduram. Pislikləri isə unutmuram. Yadımdan çıxmır. Bu dünyada heç kim, heç kimdən artıq deyil. İndi hər şeyi adiləşdiriblər. Əslində sənəti adiləşdirən də sənət adamları özləridir. Özləri-özlərini gözdən salırlar. Çıxıb bəzən efirdə elə şeylər danışırlar ki, öz sənətlərini də gözdən salırlar. Bu sənətdə hamı biri, bir nəfər də hamı üçündür. 
- İstəməzsiniz ki, sizə “nənə” desinlər?
- Çox yaralı yerimə toxundunuz. Niyə istəmirəm ki? Nənə olmağa artıq gecikmişəm. Gərək 20 yaşımda oğlumu evləndirərdim. Oğlanlar həyatı dərk edəndə artıq qızları seçməyə başlayır. Elə nənə olmaq istəyirəm ki. Sevincimdən uçaram ki, nəvələrim olacaq. 
 
- Ən böyük arzunuz nədir?
 
- Arzular bitib-tükənməzdir. İstəyirəm ki, anam çox yaşasın. Bir daha şəhid verməyək. Şəhid xəbərlərini eşidən kimi ürəyim parça-parça olur. O biri dünyaya gedib gəlirəm. Bu xəbərlər bizim səsimizə də təsir etmişdi. Ürək qırılanda insanın ruhu qırılır. Çox böyük acılar yaşadıq. Hər səhərimiz nurlu açılsın. Hər axşam sönən günəş, səhər yenidən doğsun. O qədər arzularım var ki. Doğmalarımın xoşbəxt olması, məni də xoşbəxt edir./moderator 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10