Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında 82 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevlə görüşüb.
Bu barədə Zamin Salayevin özü aprelin 29-da telefon vasitəsilə vəkili Nemət Kərimliyə məlumat verib.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, görüş zamanı Salayevə Baş Prokuror Kamran Əliyevin onun barəsindəki cinayət işini nəzarətə götürdüyünu, məsələnin obyektiv araşdırılması üçün göstəriş verdiyini deyiblər.
“Zamin Salayev cinayət törətmədiyini, ona qarşı irəli sürülən ittihamın saxta olduğunu, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib. O Baş Prokurorluğun nümayəndələrinə təqdim etdiyi ərizədə də bu fikirləri yazıb. Ərizəsində göstərib ki, təqsirsizdir, ittihamda göstərilənlərin ona aidiyyəti yoxdur, cinayət törətməyib. Həbsinin səbəbi siyasi fəaliyyəti, AXCP-nin Salyan şöbəsinin sədri olmasıdır", - vəkil qeyd edib.
Vəkilin sözlərinə görə, Zamin Salayevin səhhəti ağır olaraq qalır. O aprelin 23-də komaya düşüb. Yalnız məcburi sistem köçürüldükdən sonra ayılıb. O, qida tərkibli maddələrin köçürülməsindən imtina edir.
“Salayev aclığı ədalət bərpa olunanadək davam etdirməkdə israrlıdır. O, artıq 40 kiloqramdan çox çəki itirib. Kəskin ağrıları var. Böyrəklərində ağrılar var, sümükləri sızıldayır, qan təzyiqi aşağı düşüb. Yuxusuzluqdan əziyyət çəkir", - o qeyd edib.
Vəkilin sözlərinə görə, Salayev həkim nəzarətindədir.
"O, ayrıca kameraya köçürülüb. Tam həkim nəzarətindədir. Ədliyyə işçiləri də nəzarət edir ki, komaya düşərsə tibbi müdaxiləyə çatdırılsın. Çünki qanunvericiliyə görə məhkum qidadan imtina edirsə, onun razılığı olmadan yalnız huşunu itirəndə ölməməsi üçün tibbi müdaxilə ola bilər", - o qeyd edib.
Nemət Kərimli bildirib ki, Zamin Salayevlə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib.
Mayın 2-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə hazırlıq iclası olacaq.
Zamin Salayev fevralın 7-də həbs saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir./yeniavaz
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.