Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Zibilin” şöhrətləndirdiyi kənd sakinləri -Göyəçöllü könüllülər




Onlar zibil qalıqlarının şəkillərini paylaşmır, həmin zibilləri təmizləyib kəndi daha da gözəlləşdirirlər

Xeyriyəçiliyi alqışlayanlar çox olsa da, ona dodaq büzənlər də yox deyil. Əsasən belə fikirlər səsləndirirlər ki, hökumətin puluna nə gəlib ki? Abadlıq   üçün ayrılan, yaxud çırpışdırılan pulları aşkarlasınlar, hara xərcləndiyini desinlər, biz də qalanın düzəldək. Yaxud, biz yol çəkəcəyik, bələdiyyə, icra öz adına çıxıb pul sıləcək?

Bu fikirlərdə həqiqət yükü az deyil. Lakin bütün hallarda əziyyət çəkən əhali olur. Buna görə, bəziləri belə iradları qulaq ardına vurub, qollarını çırmalayıb, iş görməyə çalışırlar.


Masallıda könüllü xeyriyyəçilər az deyil. Ərkivan qəsəbəsindəki Bədirli məhəlləsində könüllülərin gördüyü işlərdən çox yazmışıq (Məhəlləarası yolun abadlaşması, səkilər, işıqlanma və. s). Elə bu ərazidə fəaliyyət göstərən “Ümidim sənsən” xeyriyyə icmasının uğurları isə az qala bütün ölkəyə yayılıb.

Bu günlərdə isə Masallı rayonunun Göyəçöl kəndindəki könüllülərdən maraqlı soraqlar gəlir.


Müsahibimiz həmin kənddəki könüllülərin təşəbbüs qrupunun üzvlərindən biri  Zaur Niftiyevdir. Onunla söhbətimizdən bəzi məqamları sizə təqdim edirik:
  • Öncə kəndimiz haqqında qısa məlumat. 4 min nəfərə qədər əhalisi, 832 kv.m ərazisi var. Sosial obyekt adına 120  yerlik bir uşaq bağçası, bu il istifadəyə veriləcək 264 yerlik  bir məktəb,   məscid,  tibb məntəqəsi, stadion, digər iaşə obyektləri, asfalt döşənmiş bir neçə kilometr yol var.

Kənd stadionu necə abadlaşdı?

Problemlərin yolunda ilk addımı, kənd sakini, Rusiyada çalışan Mühacir Əmənov atdı. Kənd fəalları Valid Mirzəyev, Vəlican Abbasov, Faiq Əsgərov və digərlərinin təşəbbüsü ilə kənd stadionun yenidən qurulmasına vəsait ayırdı. Stadiona hasar çəkildi, soyunub-geyinmə otağı inşa edildi, digər yardımçı tikililər təmir edildi, top, idmançılar üçün geyim və s. Təmin olundu. Hal-hazırda bu işlərin nəticəsi olaraq vaxtaşırı bu stadiona toplaşan, yarışlar təşkil edən insanları görəndə adam çox qürur duyur.

Bu işlərin müsbət nəticələri bizi daha da  həvəsləndirdi. Nəticədə, biir neçə nəfərdən ibarət təşəbbüs qrupu yaratdıq. Daha sonra Bakıda, Rusiyada və digər yerlərdə yaşayan həmkəndlilərimiz səsimizə səs verdi. Maraqlı təkliflər və ideyalar irəli sürüldü.

4 km-ə yaxın yola asfalt döşəndi

İlk işlərimizdən biri Masallı-Astara magistral şossesinin Göyəçölə ayrılan 4 kilometr yola asfalt döşənməsi oldu. Harada yaşamasından asılı olmayaraq bütün həmkəndlilərimiz bu işdə  pulunu əsirgəmədi. Təxminən 100 min manata qədər vəsait sərf edib yolu çəkdik. Hazırda girişdə 200 metrə yaxın qısa məsafəli asfaltlanmamış yol qalıb ki, məktəbin tikintisi başa çatan kimi orada da abadlıq işi aparılacaq. 

20 az təminatlı ailələrə aylıq  yardımlar

Hər bir xeyriyyəçinin ilk hədəflərindən biri imkansızlara kömək etmək olur. Biz də bu hədəfdən yayınmadıq. Kənddəki 20-yə yaxın imkansız ailəni müəyyənləşdirdik və hər ay onlara ərzaq yardımı edirik və edəcəyik.

“Kəndimizi təmiz saxlayaq” aksiyası təkcə rayonda deyil, ölkədə trendə çevrildi və bizə şöhrət gətirdi

Demək olar ki, çox yerdə zibilliklərdən şikayətlənir, belə yerlərin şəklini paylaşır, sağı-solu günahlandırırlar. Biz isə fərqli yol tutduq. Zibilləri özümüz təmizləmək qərarına gəldik. Könüllü dəstələr yaratdıq. 6 aydır ki, həftədə bir dəfə kəndin küçələrində, həyətlərində, qısası harda zibil varsa toplayıb zərərsizləşdirik. Bu işə xeyli könüllü qoşulub. Hətta aşağı sinif şagirdi olan məktəblilər də xahiş edir ki, onları da bu xeyirxah işə cəlb edək. Almaniyaya işgüzar səfər edən həmkəndlilərimiz zibil təmizləyənlər üçün xüsusi geyim təşkil ediblər. İndi həmkəndlilərimiz zibili hara gəldi atmır, qablaşdırıb xüsusi yerlərə qoyurlar. Çətinliyimiz isə odur ki, bu işi daha effektli təşkil etmək üçün texnikamız yoxdur.Gələcəkdə onun əldə olunmasından ötrü müvafiq addımlar atılır. Onu da qeyd edim ki, bu təmizlik kompaniyasının ideya müəllifi və əsas iştirakçıları Cavidan Şükürov, Faiq Əsgərov, Yadulla Mustafayev, Hikmət Əzizov və digərləri oldu. Xeyriyyəçilərin tərkibi artır və təzələnir. Bizim bu maraqlı iş təcrübəmiz ATV kanalında yayımlanmışdır. Bir çox blogerlər öz səhifələrində Cəmiyyətin nümunəvi işləri haqqında məqalələr dərc etmişlər.

Uşaq bağçasının həyətində əkilən yüzlərlə ağac

Xeyriyyə işlərimiz kənddəki uşaq bağçasından da yan keçmədi. Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində bağçanın həyətində yüzlərlə ağac əkdik. İndi qalır onlara layiqincə qulluq və qorumaq.

Şəhid qəbirləri üzərində dalğalanan bayraqlar

Kəndimiz Qarabağ savaşında 6 şəhid verib. Onların hamısının məzarı abadlaşdırılıb, məzarları üzərində Azərbaycan Respublikasının üç rəngli bayrağı dalğalanır.

Bakıdan kəndə gətirdiyimiz həkim briqdası


Könüllülərin təşəbbüsü və Firqət Həsənovun təşkilatçılığı ilə Bakıdan kəndə loqoped və psixoloq həkim qrupu dəvət etdik. Onlar burada 70-ə yaxın uşağı müayinə etdilər.

Bundan əlavə bir ağır xəstənin müalicəsini üzərimizə götürmüşük, təhsil haqqını ödəyə bilməyən bir göyəçöllü qız bizim himayəmizdədir.

Könüllülərimizin kənddənkənar işləri

Bu il Ramazan ayında Bakıda yaşayan göyəçöllülər bir araya gəldilər. Xeyriyyəçi Saləddin Quliyevin təşkilatçılığı ilə ehsan süfrəsi açıldı. Dəvət olunmuş 100 nəfərdən çox həmyerlilər iştirak etmiş və fəal üzvlər təltif olundular. Bundan əlavə tədbir iştirakçılarına göyəçöllü yazarların kitablara bağışlanmışdır. Burada gələcəkdə görüləcək işlərin istiqamətləri dəqiqləşdirildi, gənclərin fikirləri dinlənildi və qərara alındı ki, tələbə gənclər arasında da bu işlər təbliğ olunsun. Çünki bu mövqe xeyriyyə cəmiyyətinin gələcək planı ilə üst-üstə düşür. Gələcəkdə təhsilə daha çox önəm vermək fikirindədir.

Bundan əlavə Bakıdakı həmyerlilərimzlə Gürcüstanın  Abdallı kəndinin futbolçuları arasında yarışma təşkil etdik. 

Görülən işlər təkcə bunlarla bitmir və qarşıda olduqca maraqlı tədbirlərimiz var. Bu işdə zəhməti olan hər kəsə təşəkkürümüz var. Kəndimizin, eləcə də rayonun fəxri, xeyriyyəçi iş adamı Xudayar Rəhimovun isə zəhmətlərinə xüsusi dəyər vermək istəyirik. Eləcə də Tofiq Əsgərova  təşkilati işlərdə bizə daim yardımçı olduğu üçün xüsusi minnətdarlığımızı bildiririk.


Biz də çalışacağıq ki, işimiz o qədər şəffaf olsun ki, burada hər kəsin zəhməti görünsün.

Sizin sayta da minnətdarıq ki, belə yaxşı nümunələri həmişə işıqlandırırsınız. Əmin olun ki, yaxın vaxtlarda daha maraqlı işlərimizin şahidi olacaqsınız.

Zahir Əmənov

Qeyd: Digər yerlərdə də belə faydalı işlərlə məşğul olanlar varsa, onların da fəaliyyətini işıqlandıra bilərik.




R







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10