Ordumuz daha iki yüksəkliyə nəzarəti bərpa edib. Laçın şəhəri – Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb. Artıq ordumuz bölgədə üstün mövqedədir. Bu o deməkdir ki, separatçıların sonu yaxınlaşır? Onlar silahı təhvil verib, Qarabağı tərk edəcəklər?
Məsələ ilə bağlı danışan politoloq Azad Məsiyev deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan de-fakto öz ərazisini işğaldan azad etdikdən sonra 10 noyabr sazişi imzalanıb.
O bildirib ki, 10 noyabr sazişinin müddəalarına görə, Ermənistan tərəfi üzərinə öhdəlik götürüb:
“Təəssüf ki, bu illər ərzində Ermənistan üzərinə götürdüyü öhdəliyi dinc yolla həyata keçirmədi. Azərbaycan həm beynəlxalq hüquq prinsiplərini, həm də siyasi reallıqları nəzərə alaraq ərazi bütövlüyünü təmin etmək üçün əməliyyatlar həyata keçirdi. Faktiki olaraq biz Ermənistan-Azərbaycan arasında əlaqələrin möhkəmləndirməsini həyata keçirdik”.
Politoloq deyib ki, Laçında sərhəd-keçid məntəqəsi yaratmaqla faktiki olaraq Azərbaycan problemini həll etmiş oldu:
“Ermənistan hərbçilərinin bizim ərazimizdə qalması məsələsi də zaman-zaman öz həllini tapacaq. Çünki artıq ermənilərlə Xankəndində olan qanunsuz silahlı qüvvələr arasında həm maddi, həm hərbi əlaqə kəsilib. Əlaqələr kəsildiyinə görə də proses onların ərazilərimizi tərk etməsinə doğru gedir. Əgər Ermənistan tərəfi dinc yolla sülhə doğru getməsə, o zaman Azərbaycan məcburdur ki, sülhəməcburetmə əməliyyatını həyata keçirməklə Ermənistanı buna vadar etsin”.
A.Məsiyevin sözlərinə görə, Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup etnik erməni ilə Azərbaycan arasında demək olar ki, problem yoxdur:
“Artıq Laçında keçid məntəqəsi yaratmaqla erməni icması ilə Azərbaycan dövləti arasında bir kontakt yaradılmış olacaq və bununla da zaman-zaman etnik ermənilərlə Azərbaycan dövləti arasında dialoqun baş tutması həyata keçiriləcək.
İstər Azərbaycan cəmiyyətinə, istər Ermənistan və ya dünya ictimaiyyətinə birmənalı şəkildə məlumdur ki, Azərbaycan öz ərazisində heç bir hərbi-silahlı dəstələrin fəaliyyətinə yol verməyəcək. Bu, bizim ölkəmizə BMT tərəfindən verilən hüquqdur. Azərbaycanın da beynəlxalq hüquq prinsiplərinə görə, öz ərazisində olan silahlı dəstələri tərki-silah etməyə haqqı var. Hesab edirəm ki, yaxın vaxtlarda Ermənistanın Azərbaycandakı tör-töküntüləri qısa bir müddətdə aradan götürüləcəklər”/Globalinfo.az