2022-ci ildə bələdiyyənin gəlirləri 395391,67 manat, xərcləri isə 360742,35 manat olub
2022-ci ildə bələdiyyənin gəlirləri 395391,67 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.
- fiziki şəxslərdən torpaq vergisi 7539,17 manat;
- fiziki şəxslərdən əmlak vergisi 24367,75 manat;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 1000 manat;
- bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 11978 manat;
- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 3579 manat;
- bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 3968 manat;
- bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 100076,50 manat ;
- icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 159943,25 manat;
- icarəyə verilmiş əmlakdan icarə haqqı 12000 manat;
- fiziki şəxsin maliyyə yardımı 90 manat;
- bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 15850 manat;
- dövlət büdcəsindən verilən dotasiya 55000 manat olub.
- Xərclər
Hesabat dövründə bələdiyyənin xərcləri 360742,35 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.
- əmək haqqı və onunla bağlı sair ödəmələrə 174093,33 manat;
- əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 66083,75 manat;
- dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 2178,80 manat;
- nəqliyyat xidmətləri haqqının ödənilməsinə 705,25 manat;
- yanacaq xərcinin ödənilməsinə 1950 manat;
- rabitə xidmətləri haqqının ödənilməsinə 1876,78 manat;
- ezamiyyə xərclərinə 668 manat;
- elektrik enerjisi haqqının ödənilməsinə 1950 manat;
- qaz sərfi haqqının ödənilməsinə 792, 85 manat;
- su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 600 manat;
- abadlıq və tikinti işlərinə 69896,93 manat;
- əsas vəsaitlərin alınmasına 5854 manat;
- maddi yardımlara 12350 manat;
- bank xidmətlərinə 1483,74 manat;
- mətbuata abunə xərclrinə 1993,60 manat;
- sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, printer və kondisionerin təmirinə, mediasiya xidmətinə, ərazi tikinti-planlaşdırma mərkəzinə, maaş kartlarının alınmasına, aviabiletlərin alınmasına, vəkil xidmətinə, İcra-Probasiya İdarəsinə, dövlət rüsumu, torpaq sahəsinə baxışa, ekspert xərclərinə) 18265,32 manat vəsait xərclənib.
Görülmüş işlər
Abadlaşdırma xidmətləri
2022-ci ildə dövlət büdcəsindən ayrılmış dotasiya hesabına şəhərin müxtəlif ərazilərində “Abad məhəllə” layihələri icra olunub. Şəhərin mərkəzi hissəsindəki böyük bir məhəllədə – H.Əliyev prospekti, İ.Qayıbov və H.Aslanov küçəslərinin kəsişdiyi məhəllədə layihə çərçivəsində iki idman meydançası (futbol və basketbol meydançalrı) salınıb. Məhəlləyə daxil olan binaların qarşılarına və meydanın kənarlarına qiyməti 6216 manat olan 4 ədəd söhbətgah, qiyməti 3950 manat olan uşaqlar üçün oyun-əyləncə qurğuları, qiyməti 5000 manat olan böyüklər üçün idman trenajorları quraşdırılıb. Bunlardan başqa, məhəllədə başqa abadlıq işləri də görülüb: 1080 kv.metr sahədə qalınlığı 3 sm olan asfalt beton örtüyü tikilib, 596 metr beton səki daşları düzülüb. 70 ədəd şam ağacı əkilib, xeyir-şər mağarları, meydançanın kənarları ağardılaraq, rənglənib, 7 ədəd oturacaq qoyulub və s.
Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişdiyi məhəllədə uşaqlar üşün əyləncə məkanı yaradılıb. Həmin məkana bir dəst yelləncək, bir ədəd sürüşkən və bir dəst ikitərəfli yelləncək qurğuları quraşdırılıb. Azərbaycan İES yaşayış massivində C.Əliyev küçəsindəki məhəlləyə 6 ədəd söhbətgah və 16 ədəd oturacaq qoyulub. Bu məhəllələrə yerləşdirilən qurğu və avadanlıqların hazırlanmasına 14309 manat vəsait sərf olunub. Şəhərin mərkəzi stadionunda cari təmir işlərinin görülməsi üçün mal-materiallarIn alınmasına 9749,52 manat xərclənib. Bu işlər bələdiyyənin şəhərimizi ötən ildən ölkə çempionatının birinci dəstəsində təmsil edən “Mingəçevir” futbol komandasına bir töhfəsidir.
Bundan əlavə, şəhid ailələri, müharibə əlili və iştirakçılarına pul yardımları da edilib. Şəhid ailələri Ələkbərova Suqra Məhəmməd qızına 100 manat, Həsənova İranə Məmməd qızına 200 manat, İsgəndərova Sevinc Rəsul qızına 100 manat, Orucov Əmir Duman oğluna 100 manat, Əzizova Xalidə Muxtar qızına 100 manat, Qarabağ müharibəsi əlili Əliyev İntiqam Ələmşah oğluna 100 manat, Qarabağ müharibəsi veteranları Kazımov Eldar Vahid oğluna 50 manat, Abdurəhimov Eldar Qoca oğluna 100 manat, Məmmədov Yaqub Məmmədalı oğluna 100 manat, Əfqanıstan müharibəsi əlili İbrahimli Elşən Müzəffər oğluna 50 manat və başqa 17 imkansız ailəyə pul yardımları edilib.
Keçən il bələdiyyə Qurban bayramında 600 ailəyə (şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına, gözdən əlillərə, Əfqanıstan və Çernobıl əlillərinə və digər imkansız ailələrə) qurban əti paylayıb.
Bələdiyyənin 04 iyun 2021-ci il tarixli, 12/5 saylı qərarına əsasən 1-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Abdulla Süleyman oğlu bələdiyyənin himayəsinə götürülərək, ona hər ay 200 manat yardım edilir. Hesabat dövründə A.Abdullayevin hesabına 2400 manat vəsait köçürülüb.
Şəhərimizi ötən mövsümdə Region liqasında təmsil edən “Energetik” futbol klubuna həvəsləndirmə üçün 300 manat yardım edilib.
Bütün yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 17563,60 manat vəsait ayrılıb.
Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri
2022-ci ildə bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 25 nəfərin mülkiyyətinə 8933 kv.metr torpaq sahəsi verilib. O cümlədən, 1 nəfər şəhid ailəsinə 411 kv.metr və 2 nəfər Qarabağ müharibəsi əlilinin hər birinə ödənişsiz 400 kv.metr torpaq sahəsi ayrılıb.
Sahibkarlıq fəaliyyəti üçün 846 kv.metr torpaq sahələri mülkiyyətə verilib. İcarə müddəti bitmiş 5858 kv.metr torpaq sahəsi hərraca çıxarılaraq yenidən icarəyə verilib. O cümlədən, Əmək və Sosial Müdafiə Nazirliyinin sifarişi ilə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələri üçün 2556 kv.metr və 3000 kv.metr torpaq sahələri ayrılaraq icarəyə verilib.
Tədbirlər
Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər.
Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr keçirilib.
Ümummilli liderin ad günündə “Heydər Əliyev müasir Azərbaycanın banisidir” mövzusunda bələdiyyənin təşkilatçılığı ilə videokonfrans keçirilib.
28 May – Müstəqillik Günü münasibəti ilə bələdiyyənin təşkilatçılığı ilə respublika miqyaslı Yunan-Roma güləş yarışı keçirilib. Yarışlarda 6 rayondan 110 güləşçi 11 çəkidə güclərini sınayıblar və nəticədə qaliblər mükafatlandırılıblar.
Mingəçevir Bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri” layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də fəal iştirak edib və qaliblərdən biri olub. Bu il layihənin icrasına başlanacaq.
İyunun 10-da bələdiyyə sədri Türkiyənin İstanbul şəhərində keçirilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin 6-cı Qurultayında və iyunun 11-12-də Bursa şəhərində keçirilmiş Beynəlxalq Yerli Özünüidarəetmə Konfransında İştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olub.
“İctimai iştirakçılq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir bələdiyyəsi yanında İctimai Şura yaradılıb. İctimai Şura şəhərdə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin üzvlərinin iştirakı ilə seçki keçirilərək formalaşıb.
Zəfər bayramı münasibəti ilə tədbir keçirilib və Vətən müharibəsində iştirak etmiş bələdiyyə işçilərinə fəxri fərman və mükafatlar verilib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Mingəçevir bələdiyyəsinin birgə təşkilatçılğı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Bələdiyyənin “Gender bərabərliyi” komissiyasının sədri Ailə, Qadin və Uşaq problemləri üzrə Komitənin və beynəlxalq təşkilatın genderlə bağlı təşkil etdikləri tədbirlərdə iştirak edib.
Bələdiyyənin “İdman və gənclərlə iş” komissiyasının təşəbbüsü ilə “Gələcəyimiz düşünək. Narkomaniyaya “yox” deyək” mövzusunda onlayn seminar keçirilib.
İlin son və ən önəmli tədbiri şəhid uşaqları üçün bələdiyyədə təşkil olunmuş bayram şənliyi oldu. Bəzənmiş şam ağacının ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən tədbirdə uşaqlar şənləndilər və hədiyyələr aldılar.