Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi aprelin 19-da da davam edib.
Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Masallı,Cəlilabad və Yardımlı rayonları üzrə ümumilikdə 7 məntəqədə keçirilən festivalın ikinci günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortepiano, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında mübarizə aparılıb.
Qeyd edək ki, Aprelin 17-də respublika üzrə ümumilikdə 120 müəssisədə birinci mərhələyə start verilib. Aprelin 18 və 19-da isə digər müəssisələrdə ilk mərhələ keçirilib. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək.
Üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb.
Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər olmaqla 2500-dən çox mütəxəssis cəlb edilib. Festival ərzində 450 koordinator və 250 sistem inzibatçısı fəaliyyət göstərəcək.
Festivalda obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə münsiflərin adları açıqlanmayacaq.
Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq