Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Birinci ledi” statusunda olan stüardessa – Brejnev ABŞ-a səfərində Niksonu aldatmağa çalışıb, amma...


1964-cü ildə Mərkəzi Komitənin baş katibi seçilən Leonid Brejnev partiyaya rəhbərlik etdiyi ilk illərdə xarici ölkələrə nadir hallarda rəsmi səfər edib. Bu missiyanı əsasən SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin, Ali Sovetin Rəyasət Heyətinin sədri Nikolay Podqornı və xarici işlər naziri Andrey Qromıko həyata keçiriblər. 1970-ci illərin əvvəllərindən başlayaraq Brejnev xarici ölkələrə səfərlərini intensivləşdirib, baş katib özünü beynəlxalq müstəvidə əyani şəkildə tanıtdırmağa başlayıb. Ümumilikdə Brejenev hakimiyyətdə olduğu illərdə 40-a yaxın ölkəyə səfər edib.

Avropa ölkələrindən fərqli olaraq sovet liderlərini rəsmi səfərlərdə həyat yoldaşları çox nadir hallarda müşayiət ediblər. Birinci xanımlar arasında ilk olaraq Raisa Qorbaçova özünü “birinci ledi” kimi tanıda bilib.

Brejenvin həyat yoldaşı Viktoriya Petrovna isə ümumiyyətlə, siyasətdən uzaq olmağa çalışıb, o, ailə qayğıları ilə məşğul olmağa daha çox üstünlük verib. Elə 1973-cü ildə də Brejnev Amerika Birləşmiş Ştatlarına səfərinə də xanımsız yollanıb.

1973-cü ilin yazında ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri (sonralar ABŞ-ın dövlət katibi) Henri Kissincerin Moskva səfəri zamanı Brejnevin Amerikaya rəsmi səfəri müzakirə olunub. Brejnev ABŞ-ın təklif və dəvətini qəbul edib. Beləliklə, iyun ayının 18-dən sovet liderinin Amerikada rəsmi səfəri başlanıb və səfər 26 iyuna qədər davam edib. Bu, Brejnevin Amerikaya ilk və sonuncu səfəri olub.

Beynəlxalq gərginliyin azaldılması məqsədini daşıyan səfər bir sıra sənədlərin imzalanması, görüşlərin keçirilməsi, liderlərin təkbətək görüşü və qeyri-rəsmi tədbirlərlə tarixə düşüb. Ümumiyyətlə, siyasi ekspertlər Brejnevin ABŞ səfərini məhsuldar və qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd ediblər.

Brejnev digər sovet liderlərindən fərqli olaraq xarici səfərlərində həmkarları ilə daha tez dil tapmaqda, siyasi atmosferin mülayim olması üçün səmimi münasibət yaratmaq bacarığında, səfərlər zamanı özünü daha “sərbəst” aparmağı ilə fərqlənib. Bu məsələdə onun yumor hissinin güclü olması, ən gərgin məqamlarda belə zarafat etmək bacarığı da böyük rol oynayıb.

Brejnev ABŞ səfərinin bir neçə gününü prezident Riçard Niksonun villasında yaşayıb. Rəsmi və qeyri-rəsmi tədbirlərdə Niksonun həyat yoldaşı bir-iki dəfə iştirak edib. Belə ki, Brejnevin həyat yoldaşı yanında olmadığından ABŞ-ın birinci ledisi görüşlərdə iştirakdan “məhrum” olub. Sovet nümayəndə heyəti bu “narahatlığı” elə birinci gündən anlayıblar və bu haqda Brejnevə də məlumat veriblər.

Niksonun villasında Brejnevin şərəfinə ziyafət hazırlananda “ledi” mövzusu yenidən gündəmə gəlib. Brejnev Amerikanın birinci xanımının fəaliyyətini “məhdudlaşdırmamaq”, protokol qaydalarına riayət etmək üçün fərqli bir çıxış yolu tapıb. O, köməkçisinə göstəriş verib ki, təyyarəsində işləyən stüardessanı Niksonun villasına gətirsinlər.

Villada ziyafət başlananda Brejnev stüardessanı Niksona təqdim edib:

  • Tanış olun, bu xanım mənim həyat yoldaşımdır.

Sözsüz ki, Nikson həmin xanımın heç də Brejnevin həyat yoldaşı olmadığını yaxşı bilib. Amma buna baxmayaraq, gülə-gülə və nəzakətlə əlini ona uzadıb.

Sonralar həmin görüş haqqında xatirələrini  Brejnevin tərcüməçisi Viktor Suxodrev aşağıdakı kimi bölüşüb:

“Amerika rəsmilərində Brejnev haqqında bütün məlumatlar var idi. Şəxsi həyatından başlamış, siyasi fəaliyyətinə qədər. Brejnevin həyat yoldaşı kimi təqdim etdiyi stüardessanın da Brejnevin həyat yoldaşı olmadığını Nikson yaxşı bilirdi. Amma o,  sovet liderinin bu zarafatına təbəssümlə reaksiya verdi, SSRİ-nin “birinci xanımı” ilə tanış oldu. Bu hadisə ziyafətdə xoş bir atmosfer yaratdı. Onu da qeyd edim ki, stüardessa öz davranışı, hərəkətləri, rəftarı ilə heç də Amerikanın birinci ledisindən geri qalmırdı. Onun ingilis dilində sərbəst danışması isə amerikalılara olduqca xoş təsir bağışlayırdı. Hətta o, həm Brejnevlə, həm də Niksonla çox səmimi zarafatlar da edirdi. Beləliklə, stüardessa iki gün Niksonun villasında “birinci ledi” statusunda yaşadı...”

Ən maraqlı hadisə isə ziyafətin sonunda baş verib. Sonda Nikson sovet nümayəndə heyətinə rəmzi olaraq kiçik hədiyyələr bağışlayıb. Amerika prezidenti Brejnevə iki hədiyyə verərək gülə-gülə deyib :

  • Cənab Brejnev, ikinci hədiyyəni bizim adımızdan Viktoriya Petrovnaya təqdim edərsiniz.

Brejnev Amerika prezidentinin atmaca-sürprizini cavabsız qoymayıb:

  • Kəşfiyyatınız pis işləmir.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10