Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Vaqner”in Ukraynadan geriyə yolu yoxdur – arxada Bakıdır


Hər gün bura meyit daşıyırlar... yəqin ki, ordakı iri soyuduculardan.

Krasnodar vilayətinin Bakı (Bakinskaya) stanitsası Rusiyanın “Vaqner” Özəl Hərbi  Şirkətinin Ukraynada öldürülən döyüşçülərinin kütləvi məzarlığına çevrilib. Yerli əhali ilə birgə beynəlxalq media da bu məzarlığın necə sürətlə böyüdüyünü izləyir.

The New York Times qəzetinin əməkdaşı Kristian Tribert noyabrın 24-dən (2022) yanvarın 24-dək (2023) süni peykdən çəkilmiş şəkilləri müqayisə edərkən dəhşətə gəlir: cəmi iki ay ərzində “vaqnerçilər” üçün ayrılmış sahədə qəbirlərin sayının yeddi dəfə artaraq 170-ə çatdığı gözlə görünür. Rusiya saytları isə fevralda orada daha 80 yeni məzar qazıldığını yazırlar. Ən son məlumatlarda 600 qəbirdən söhbət gedir. Hələ bunlar müharibədə öldürülən “vaqnerçilər”in hamısı deyil. Bu meyitlərin niyə ailələrinə verilmədiyi dəqiq bilinmir. “Vaqner” şirkətinin rəsmi nümayəndələrinin bir açıqlamasına görə, Bakinskaya stanitsasına yalnız həlak olacaqları təqdirdə harada basdırılmaq istədiklərini göstərməyənlərin meyitləri gətirilir. Başqa açıqlamada əksinə, məhz şirkətin “qardaş qəbristanlığı”nda basdırılmağı vəsiyyət edənlərə burada yer ayrılır. Ancaq maraqlı bir detal var ki, baş daşı əvəzinə qoyulan xaçların üstündəki adları məlumat bazalarında yoxlayanda, mərhumların böyük əksəriyyətinin məhkumluğu olduğu üzə çıxır. Bu, jurnalistlərin ehtimallarını təsdiq edir: “Vaqner” öz döyüşçülərini əsasən həbsxanalardan toplayır. Cinayətkarlara 6 ay vuruşmaq müqabilində əfv olunmaq və qazanc vəd edilir. Ancaq bu yolla azadlığa çatanların olub-olmadığı barədə heç nə bilinmir.   

Mart ayında Bakinskayada təzə qəbirlərin sayı 400 ötəndə artıq stanitsanın və yaxınlıqdakı Qoryaçiy Klyuç şəhərinin rəhbərliyi həyəcan təbili çalmağa başladı. Bələdiyyə sədri Sergey Belopolski kurort zonasının kütləvi məzarlığa çervrilməsindən narazılığını bildirdi. O zaman “Vaqner”in təsisçisi Yevgeni Priqojinin hədələri və federal orqanlara şikayətləri etirazçıları susmağa məcbur etdi. (Bax: “Rusiyanın 400 “Vaqner” döyüşçüsü əbədi “Bakılı” oldu”, pressklub.az.) 

Ancaq, görünür, narazı səsləri susdurmaq getdikcə çətinləşir. Belə ki, problemi yoluna qoymaq üçün aprel ayında Priqojinin özü Moskvadan Krasnodar vilayətinə gəlməli olub. O, Bakinskaya stanitsasındakı qəbiristanlığı ziyarət edib və burada memorial yaradılacağına söz verib:

– Mən ətrafında çoxlu suallar yaranmış və müzakirələr gedən həmin “Vaqner” qəbiristanlığındayam. Burada “Vaqner” döyüşçülərini basdırmaqda davam edirlər, bu gün üçün ortada heç bir problem qalmayıb. Biz bu məzarlığı abadlaşdırmağa və gələcək nəsillər üçün ondan memorial düzəltməyə hazırlaşırıq. 

Priqojin məzarlığın böyüməsinin təbii olduğunu da deyib: “Vuruşanlar bəzən ölürlər, həyat belə qurulub”.

https://93.ru/text/gorod/2023/04/06/72198104/

Video: Priqojinin mətbuat xidməti / T.me 

“Vaqner” təsisçisinin mətbuat xidməti isə bildirib ki, şirkətin döyüşçülərini dəfn etmək üçün Krasnodar vilayətində üç sahə ayrılıb, hazırda daha bir sahənin verilməsi barədə məsələyə baxılır.

Dünyada Azərbaycanın paytaxtından başqa da “Bakı” adlı bir yaşayış məntəqəsinin olduğunu əksəriyyət yalnız “vaqnerçilərin” orada kütləvi şəkildə dəfn olunması ilə bağlı qalmaqal mətbuata sızandan sonra bildi. Bəlli oldu ki, bu stanitsa Krasnodar vilayətində 1864-cü ildə salınıb və çar Rusiyasının 153-cü Bakı piyada alayının şərəfinə belə adlandırılıb. 

Bəs indi stanitsada kimlər, necə yaşayır?

Bunu bilmək üçün 93.ru saytının əməkdaşı Valeriya Dulskayanın bələdçiliyi ilə kəndə yollanaq.

İkinci Bakı çay sahilində, Qoryaçiy Klyuç şəhərinin 20 kilometrliyində yerləşir. 2010-cu ilin məlumatlarına görə, burada 2519 adam (onlar özlərini “bakılı” adlandırırlar), əsasən ruslar, bir az da ermənilər və kürdlər yaşayır. Amma gerçəkdə stanitsada yaşayanların sayı xeyli azdır – əhali, xüsusən gənclər köçüb gedirlər.

Əvəzinə bura ölüləri gətirirlər. 

“Vaqnerçilər”in qəbiristanlığı kəndin giriş hissəsindədir. Məzarlıqda uyuyanlar arasında yerlilər çox azdır. Demək olar ki, hamısı Rusiyanın müxtəlif yerlərindən – Moskva və Moskva vilayəti, Sankt-Peterburq və Leninqrad vilayəti, Başqırdıstan, Perm, Yaroslavl, Çelyabinsk, Nijqoroddan olanlardır.

Meyitləri hər gün, günaşırı Rostovdan gətirirlər. Niyə Rostovdan? Heç kim bilmir. Təxmin edirlər ki, orada, böyük şəhərdə meyitləri yığıb saxlamağa “iri soyuducular olduğu üçün”. Həm də Rostov Ukrayna ilə sərhədə daha yaxındır. 

Qəbirlərin yanında yeşik qapaqları atılıb qalıb. Hamısının da üstündə eyni şey yazılıb: “Bakinskayaya”. Öldürülən “vaqnerçilər”i tünd qırmızı rəngdə parçaya bürünmüş, balaca pəncərəsi olan sink tabutlarda basdırırlar. Bir kağız parçasında ölənin adı, soyadı, hərflərdən və 6 rəqəmdən ibarət şifrə yazıb tabuta yapışdırırlar. Həmin şifrələri burada heç kim oxuya bilmir.

– Ey, bax ha, xaçları səhv salma, – növbəti tabutu quyuya salıb üstünü torpaqlayanlardan biri məzara xaç seçən həmkarına qışqırır. – Yazıları düz gəlsin.

Qəbiristanlıqda işləyən Valera adlı təqaüdçü pula ehtiyacı olduğu, başqa gəlir mənbəyi tapa bilmədiyi üçün burada fəhləlik etdiyini deyir. Onun oğlu Ukraynada “xüsusi hərbi əməliyyatdan” təzə qayıdıb. Bəxti gətirib, güllə yarası alsa da, sağ qalıb. Ancaq hərbə getməyib nə edəcəkdi? Arvad-uşağını nə ilə dolandıracaqdı? Yaralandığı üçün dövlət 3 milyon rubl yardım verib. Müdafiə nazirliyi ilə müqavilə üzrə xidmətdə olduğu müddətdə də ayda 300 min alırdı. “Onun hesabına xeyli yaşaya, hətta ev ala bilərlər, – qoca əlavə edir. – Stanitsada bundan dəfələrlə az qazanardı”.

Bakinskayanın cavanları da təqaüdçü Valeranın dediklərini təsdiqləyirlər:

“Burada sən hərbçi, ya milis deyilsənsə, heç kimsən”.

Qəbiristanlığın qonşuluğundakı köhnə evin yanından dəfn mərasimini izləyən gənclərdən biri danışır ki, əsgərlikdən təzə qayıdıb. İş tapa bilməyəcəyini bildiyi üçün gəlmək istəmirmiş. Əvvəl müddətdən artıq hərbi xidmət barədə müqavilə imzalayıb qalmaq istəyib, yalvar-yaxarla anası qoymayıb. Həm də müqaviləsi olandan sonra Ukraynaya göndəriləcəyindən ehtiyatlanıb.

– Bir ay da buralarda hərlənəcəm, əlimə bir iş keçməsə təzədən orduya yazılacam. Müqavilə üzrə. Ukrayna? Yox, bircə Ukraynaya göndərməsələr. İstəmirəm.

Başqa cavanlar da deyirlər ki, öz xoşları ilə Ukraynaya getmək istəməzlər. Amma növbəti səfərbərlik olsa qaçmağa hazırlaşmırlar. Kiçik stanitsadır, hamı bir-birini tanıyır, hara gizlənəcəksən?

Danışırlar ki, əvvəlki səfərbərlikdə Bakinskayadan xeyli kişi yığıb aparıblar. Birinci gün 75 nəfərı, ikinci gün 28 nəfəri hərbi xidmətə çağırıblar. Doğrudur, sonra bəzilərini qaytarıblar. Kimini xəstəliyinə, kimini cılızlığına görə. 

Oktyabrda isə stanitsaya cəbhədən birinci tabut gəlib…

P.S. Bakinskayada “Vaqner”in məzarlığı haqqında məlumatlar mediada 2022-ci ilin dekabrından yayılmağa başlayıb. Ona qədər hər şeyi inkar edən Priqojin şəxsən informasiyanı təsdiq edib. 

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10