“11 aprel təxribatının arxasında İran və Rusiya dayanır”.
Millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın dəstəksiz ölkəmizə qarşı belə bir təxribat gerçəkləşdirməsi mümkünsüzdür:
“Ermənistan oyuncaq bir dövlətdir və onun Azərbaycana qarşı hərbi müstəvidə ciddi bir addım atmaq imkanı yoxdur. İrəvan bu təxribatı İran və Rusiyanın dəstəyi ilə həyata keçirdi və nəticədə, ordumuz tərəfindən layiqli cavabı aldı.
Xatırladım ki, bundan öncə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 9-da İrana səfər etmiş, iranlı həmkarı Əli Şamxani ilə görüşmüşdü. Bundan öncə isə, Ermənistanın Rusiya ilə sıx təmasları olmuşdur. Ermənistan məhz bu iki dövlətdən dəstək alaraq Azərbaycana qarşı belə bir təxribata əl atmışdır”.
Millət vəkili bildirib ki, son vaxtlar İranın Ermənistana hərbi dəstəyini artırması müşahidə edilir:
“Bildiyiniz kimi, İran Ermənistanı özünün “qırmızı xətti” elan edib və terror dövlətinə hər cür yardım göstərir. Ermənistan İran tərəfindən siyasi, iqtisadi dəstək alır. Son vaxtlar isə İran Ermənistana hərbi dəstəyini əhəmiyyətli dərəcədə artırıb. Tehranın Ermənistanı PUA və digər hərbi texnikalarla təmin etməsi, onu maksimum dərəcədə silahlandırması prosesi gedir ki, bu da təbii ki, Azərbaycanın maraqları baxımından narahatlıq doğuran məsələdir. Əslində, İranın Ermənistana verdiyi hərbi dəstəyin miqyası və böyüklüyü İrəvanı bu cür təxribatlara ruhlandıran əsas amillər sırasındadır. İran bu cür dəstəklə Ermənistana tək olmadığının, Azərbaycana qarşı mübarizədə onun yanında olduğunun mesajını verir. Bu faktın özü bir daha İranın anti-Azərbaycan siyasətindən, bu siyasətin davamlılığından xəbər verir”.
Vahid Əhmədov qeyd edib ki, İran və Rusiyanın Ermənistana dəstəyi göstərir ki, bu dövlətlərin heç biri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində maraqlı deyil:
“Rusiya və İranın Ermənistana dəstəyi bölgədə vəziyyətin gərginləşməsinə, hərbi qarşıdurma riskinin artmasına səbəb olur. Əslində, həm Rusiya, həm də İranın çalışdığı da məhz budur. Bu dövlətlərin heç biri Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Onlar Ermənistanın əli ilə regionla bağlı maraqlarını təmin etməyə çalışırlar. Buna görə də 44 günlük Vətən müharibəsində rüsvayçı məğlubiyyətə uğrayan Ermənistana dəstək verməklə onu yenidən dirçəltməyə, Azərbaycanla üz-üzə qoymağa cəhd edirlər. Məqsəd yeni bir müharibəyə nail olmaq, bu müharibə fonunda öz maraqlarının təmini üçün daha əlverişli situasiyanın formalaşmasına nail olmaqdır”.
Millət vəkili vurğulayıb ki, Ermənistan və onu himayə edən dövlətərin bütün səylərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri dövlətin təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdə, xain təxribatları uğurla dəf etməkdədir:
“11 aprel təxribarı düşmənin məkirli niyyətini ortaya qoymaqla yanaşı, Azərbaycan Ordusunun gücünü, ayıq-sayıqlığını, yüksək döyüş qabiliyyətini də bir kəs daha nümayiş etdirdi. 11 aprel qarşıdurması göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad etməklə yanaşı, bu torpaqların təhlükəsizliyini təmin etməyə, vətənimizə göz dikənlərə layiqli cavab verməyə qadirdir. Dünənki təxribat zamanı düşmənin böyük itkilər verməsi, pərən-pərən salınması, ermənilərə məxsus atəş nöqtələrinin dəqiqliklə susdurulması hərbçilərimizin rəşadətindən, onların yüksək peşəkarlıq səviyyəsindən xəbər verir. Ordumuzun yüksək hazırlıq səviyyəsi və döyüşlərdə göstərdiyi əzm onu söyləməyə əsas verir ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin təhlükəsizliyi etibarlı əllərdir və heç bir qüvvə bu təhlükəsizliyə xələl gətirmək, ordumuzun müqaviməti qırmaq, ona qarşı uğurlu həmlə həyata keçirmək iqtidarında deyil.
Allahdan şəhidlərimizə rəhmət diləyir, ordumuza, hərbçilərimizə müqəddəs vəzifələrində uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı Ali Baş Komandanının, ordusunun yanındadır və onlara dəstək verməyi öz mənəvi borcu hesab edir”./Moderator.az