Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda ana olmağın QİYMƏTİ: Qeysəriyyə 5 min…


Uşaqlar bizim gələcəyimizdir və sağlam nəslin məhz doğuş zamanı xəsarət almadan dünyaya gəlməsi ən vacib amillərdəndir. Ailəyə sevinc bəxş edən bu önəmli hadisəyə ciddi yanaşmalı və ananın harada övlad dünyaya gətirəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Hamilə qadının doğuşu üçün xəstəxananın və təcrübəli həkimin seçilməsi ana və körpənin sağlamlığı üçün çox vacibdir. 

Maraqlıdır görəsən, hazırda dövlət xəstəxanalarında doğuş qiymətləri hansı səviyyədədir? 

İnsanlar özəl xəstəxanalara daha çox üstünlük verirlər. Bu gün ölkədə dövlət hesablı səhiyyə müəssisələrində istənilən vətəndaş üçün doğuş pulsuzdur. İcbari tibbi sığorta çərçivəsində, həmçinin TƏBİB-ə tabeli bütün tibb müəssisələrində bu xidmət pulsuzdur. Əgər kim pul verirsə bu artıq qanunsuz haldır. 

Bəs, özəl xəstəxanalarda vəziyyət nə yerdədir?

Bakıda bu gün özəl xəstəxanalarda doğum və qeysəriyyə qiyməti sadə paketlə 1000 manatdan başlayır.

Özəl klinikaların bir çoxunda ana olmağa hazırlaşanlara xidmət 3 paket şəklində təklif olunur. Doğuma qədər və körpə dünyaya gəldikdən 1 ay sonrayadək təklif edilən xidmət 1200-2300 manata başa gəlir. Ancaq qeysəriyyə əməliyyatı zamanı bu məbləğ daha da artır. İkinci paketə 9 ayına az qalmış hamilə ananın müayinəsi və doğumu daxildir. Bunun qiyməti 1000-1400 manat arasıdır. Üçüncü paketdə ana yalnız doğum üçün klinikaya müraciət edir. Burada qiymət 1000 manatdan başlayaraq doğuş prosesinin çətinliyinə görə 1600 manatadək arta bilər. Burada bəzi klinikalar körpəyə ilk 3 gün müddətində vurulmalı olan peyvəndi və oğlan uşaqlarının 1 ay müddətində sünnət edilməsi xidmətini də pulsuz təklif edirlər.

Özəl xəstəxanaların dövlət xəstəxanalarından fərqi odur ki, burada uşaq bezi, yemək, o cümlədən hər şey xəstəxanaya ödənilən vəsaitə daxildir. 

Ümumiyyətlə, 9 ay hamiləlik dövründə özəl klinikalarda aparılan müayinələrin xərcləri 780 manata yaxındır. Burada 5 dəfə həkim müayinəsi 150 manat, 3 dəfə ultrasəs müayinəsi 120 manat, 1 dəfə dördlü test 130 manat, 1 dəfə PCR-in yoxlanması (infeksiyalar) 120 manat, 2 dəfə digər analizlər 70 manat, 1 dəfə KTQ 30 manat və 9 ay müddətində istifadə olunan dərmanlar 90 manat təşkil edir. Qeyd edək ki, bu qiymətlər klinikalara görə dəyişə bilər.

Ümumilikdə özəl tibb müəssisələrində ana olmaq üçün orta hesabla 1000-1600 manat pul tələb olunur.

Belə ki, öncəki illərdə doğum üçün qiymət 800-900 manat, qeysəriyyə üçün qiymət isə 1100-1300 manat arasında idisə, hazırda bu rəqəm artıb.
Qiymətlərin bu qədər baha olmasının səbəbi isə özəl klinikalarda hər bir sahibkarın özü qiymət təyin etməsidir.

Hazırda Bakıda ən bahalı doğuş 5 000 manatdır.

Nəzərə alaq ki, özəl xəstəxanada pasiyentin qəbulu üçün hər detala pul xərclənir, dövlət xəstəxanaları icarə, tibbi ləvazimat və s kimi xərclərdən azaddır. 

Hər bir qadın üçün ana olmaq və dünyaya uşaq gətirmək ən əlamətdar hadisələrdən biridir. Burada önəmli olan ananın övladını harada dünyaya gətirməsi deyil, körpənin sağlam doğulmasıdır. Nə qədər maliyyə sıxıntısı olursa-olsun ananın və gələcəyimiz olan körpənin həyatı hər şeydən önəmlidir. /Lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10