Politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Ermənistandan təhlükəli müharibə çağırışları artıb. Müharibədə məğlub olmuş dövləti yenidən bu cəsarətə gətirən səbəb nədir?
- Bu əslində erməni politoloqlarının absurd, məntiqsiz fikirləridir. Onların başı işləmir. Başları işləsə idi belə danışmazdılar. Belə olsa idi onlar öz xalqlarına ən azından gələcək təhlükə barəsində xəbər verə bilərdilər. Məsələn, Georgi Vanyan politoloq deyil, türkpərvərdir. Mən də politoloq deyiləm, jurnalistəm. II Qarabağ müharibəsinin başlamasına 14 gün qalmış biz birgə bəyanat yazdıq ki, birazdan qanlı müharibə olacaq güzəştli barışa razı olun. Bu bəyanata görə onu da, məni də söydülər. Beləliklə, 14 gündən sonra qanlı müharibə başladı. 3000 əsgərimiz şəhid oldu. Oların isə 4 mindən çox əsgəri öldü. Nə qədər yaralanan oldu. Ona görə də bu erməni politoloqlarına çox da fikir vermək lazım deyil. Çünki onlarla 30 ilə yaxındır ki, oturub-dururam. Bilirəm ki, iki eşşəyin arpasını bölə bilmirlər. Onlar savadsızdırlar. Buna səbəb də özlərinin milli əsatirlərinin qurbanı olmalarıdır. “Böyük Ermənistan və onun xüsusi imtiyazlara malik olması, qədim mədəni xalq” kimi uydurmalara inanırdılar. Bu da onların bədbəxtliyidir. Ona görə də, onların gerçəklikdən xəbəri yoxdur.
- Ermənistandan “torpaq quruyan kimi müharibə başlayacaq. Separatçılara kiçik ordu ilə hələ ki dirənir, lakin müharibə zamanı biz ona kömək etməliyik” - mesajı verilir. Bunu növbəti müharibə hazırlığı kimi dəyərləndirmək olarmı?
- Qarabağda torpaq çoxdan quruyub. Azərbaycan əsgəri Laçın istiqamətində bir neçə vacib yüksəklikləri nəzarətə götürdü. Onlara torpağın quru-yaş olması maneə olmadı. Ona görə də, heç bir müharibə elementindən danışmaq olmaz. Çünki Ermənistanın müharibəyə başlamaq gücü yoxdur. Ordusu da tam zəif durumdadır. Azərbaycana isə yeni müharibə lazım deyil. Sözsüz ki, Azərbaycan tərəfi onlara yerlərini göstərmək üçün hansısa bir sıra hərbi əməliyyatları həyata keçirə bilər.
- Errmənistanın yeni müharibə ritorikası hətta İranın ortaq hədəfə gətirmək planı necə reallaşa bilər?
- İranın rəhbərliyinin ağlı yerindədirsə, dəli olmayıblarsa, onlar Azərbaycanla müharibəyə başlamayacaq. 2022-ci ilin fevralın 20-də mənə sual verdilər ki, Rusiya Ukraynaya hücum edə bilər? Cavab verdim ki, yox! Əgər etsə, demək ki, Rusiya rəhbərliyi dəli olub. Buna səbəb isə Rusiyada tək ağanın Putin olmasıdır. İranda isə vəziyyət bir qədər fərqlidir. Bu ölkədə qərar qəbul edən müxtəlif dini mərkəzlər var. Ona görə də, İranda hər bir qərar təkcə Xameneyidən asılı deyil. Əgər o desə ki, Azərbaycanla müharibə başlayacaq. Sözsüz buna etirazlar olacaq. Çünki ölkədə prezident, parlament buna razılıq verməlidir. Az çox cəmiyət və orada olan xalqların mövqeyi də nəzərə alınır.
- İran Azərbaycana qarşı hərbi əməliyyatlara başlasa bu onun özü üçün hansı təhlükələr yaradacaq?
- Bu aksioma deyil. Fakt odur ki, İran Azərbaycan qarşı müharibəyə başlasa İran islam respublikasına son qoyulacaq. Bunu üç-dörd aydır deyirəm. İran Azərbaycana qarşı hərbi əməliyyatlara başlaması onlar üçün faciəli bitəcək. Bu baş verərsə ilk növbədə İsrail İrana zərbə endirəcək. İsrailin ardınca ABŞ İranı vuracaq. Azərbaycanın müqaviməti ilə paralel Türkiyə İranı darmadağın edəcək. İranın özündə isə Cənubi Azərbaycanda olan azərbaycanlılar ayağa qalxacaq. İran tərəf bunu istəyirsə edə bilər. Ona görə də, İrana Azərbaycanla müharibə qətiyyən lazım deyil. Taliban birinci dəfə Əfqanıstanda hakimiyyətə gələndə 12 iranlı diplomatı Heratda öldürmüşdü. Buna görə İran çox guruldadı, şaxə qalxdı, hədələdi, amma heç nə etmədi. İndiki halda biz İrana neyləmişik ki, o Azərbaycan hücum etsin?
- İsraildə Azərbaycan səfirliyinin açılmasına İran tərəfinin verdiyi reaksiya nə dərəcədə məntiqlidir?
- Azərbaycanın başqa bir ölkədə səfirlik açmasının İrana nə dəxli var. İsraildə, Yeni Zellandiyada, Çilidə Azərbaycanın səfirlik açması İranı narahat etməməlidir. Bunlar boş, mənasız arqumentlərdir. Azərbaycan özü bilər İraildə səfirlik açar, ya da bağlayar. Əslində Azərbaycan əcəb də edib İsraildə səfirlik açıb. İndi İrandan deyillər ki, “münasibətlər soyuyan kimi belə addım atıldı”. Onlara demək lazımdır ki, əziyyət çəkib münasibətləri soyutmayaydız. Münasibətləri İran tərəfi soyudub. Gətirib Ermənistanın Azərbaycanla sərhəddində Gorusda konsulluq açanda cavabı da belə olacaq idi.
- Hansısa “fors-major” vəziyyətə ümid bəsləyən erməni tərəfi “Qarabağ ermənilərinin məsələsi” təzədən beynəlmiləlləşdirmək cəhdləri var. Eyni zamanda 2025-ci ilə qədər dəyişən vəziyyətə hazır olun çağırışları da var...
- Azərbaycan Qarabağ məsələsində yavaş-yavaş diplomatik əsaslarla öz istəyinə nail olur. Sözsüz ki, 2025-ci ildə Azərbaycan istəmədikdən sonra rus sülhməramlıları bölgədə qala bilməyəcək. 2025-ci il mayın 10-da Azərbaycan qərar verəcək ki, rus sülhməramlıları bölgədən çıxsın. Azərbaycan vaxtı uzatmayıb onların çıxmasını tələb etdikdən sonra ruslar burada nə deyib qalacaqlar? Ona görə də, indiki Rusiya çalışır ki, Azərbaycanı razı salsın ki, biz həmin vaxt onların burada qalmasına icazə verək./Teleqraf