Səxavət Məmməd: “Azərbaycan separatçı rejimi yola gətirmək üçün yumşaq və sərt gücdən istifadə edəcək”
Son on gündə Qarabağda və Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı müxtəlif xəbərlər gəlməkdədir. Əsasən də erməni mediasında Azərbaycan Ordusunun sərhədi tamamilə nəzarətə götürdüyü bildirilir. Bununla yanaşı, Qarabağda da Azərbaycan Ordusunun erməni separatçılarının bir çox mövqelərini və yolları nəzarətə götürdüyü bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi də ərazilərin və separatçıların silah daşıdığı yolların nəzarətə götürüldüyünü təsdiqləyib. Bunun üçün “səssiz” adlandırılan iki əməliyyat keçirilib. Bununla yanaşı, Şuşanın daha iki kəndi ordumuzun nəzarətinə keçib.
Baş verənlərlə bağlı AYNA-nın suallarını hərbi jurnalist Səxavət Məmməd cavablandırıb. Onun sözlərinə görə, Qarabağda baş verən proseslər gözlənilən idi:
- Çünki Azərbaycan tərəfi dəfələrlə alternativ yollarla Qarabağa, separatçı rejimə silah, sursat daşındığını, hərbi təlimatçılar gətirildiyini bəyan edirdi. Rəsmi Bakı bu qədər bəyanatdan sonra addım atmasaydı, gülünc olardı. Məsələ ondadır ki, rəsmi Bakı həm də əlverişli zaman gözləyirdi. Hərbi müdaxilənin olacağı labüd idi. Deyərdim ki, bu müdaxilələr zərurətdən doğdu.
Proseslərin mənfi və müsbət tərəflərinə baxmaq lazımdır. "UAZ basqını" gözlənilən nəticəni vermədi. Səbəb çox sadə idi, həm itkilərimiz oldu, həm də nəticədə heç bir yüksəklik, əlverişli mövqe nəzarətə götürülmədi. Bunun üzərinə erməni tərəfinin beynəxlalq aləmə car çəkməsini də gəlsək, xeyirin zərərdən daha çox olduğunu görürük.
Digər iki əməliyyat isə, həm qüsursuz həyata keçirildi, həm də siyasi basqısı olmadı.
- Əməliyyatın qüsursuzluğu deyərkən nəyi nəzərdə tutursunuz?
- Çünki əməliyyat nəticəsində heç bir itki verilmədi, lazım olan yüksəkliklər ələ keçirildi, yollara nəzarət təmin olundu. Məsələ ilə bağlı nə Rusiya tərəfinin, nə Ermənistan tərəfinin, nə də beynəlxalq təşkilatların hansısa təzyiqini gördük. Demək ki, bunu etmək olurmuş.
Proses onu göstərir ki, Azərbaycan yollarla bağlı istəyinə nail olmaq üzrədir. Bu, o anlama gəlir ki, separatçı rejimin çıxış yolu tükənmək üzrədir. Ya Azərbaycan tərəfinin təkliflərini qəbul edəcəklər, ya da hərbi əməliyyatlara start verəcəklər. Onlar da bilir ki, hərbi əməliyyatlar onların sonu olacaq. Qüvvələr nisbəti, döyüş hazırlığı bunları deməyə əsas verir.
- Laçın istiqamətində yolların, cığırların hamısının nəzarətə götürüldüyünü söyləmək olarmı?
- Azərbaycan Ordusu son iki əməliyyatla həm alternativ torpaq yollara, həm cığırlara nəzarəti ələ keçirdi. Məsələ təkcə yollar da deyil. Azərbaycan son iki əməliyyatla Ermənistanla Azərbaycan arasında olan sərhədin demək olar ki, demarkasiya prosesini yerinə yetirdi. Artıq mühəndis istehkam işləri yekunlaşandan sonra Azərbaycan sərhəd qoşunları həmin istiqamətə də yerləşə bilər. Son iki əməliyyata həm də sərhədlərin bərpası yönündən də baxa bilərik. Azərbaycan Ordusu son iki əməliyyatla üç problemi birdən həll etmiş oldu. Ona görə də, bu əməliyyatların əhəmiyyəti çoxdur.
- Laçın yolunun girişində Azərbaycanın gömrük və nəzarət buraxılış postlarının qurulacağı gözlənilirmi?
- Bunu bəlkə də heç kim deməyə risk etməyib, açıq deyirəm ki, Azərbaycan Ordusu sonuncu əməliyyatdan sonra mühəndis istehkam işləri ilə yanaşı, nəzarət buraxılış məntəqələrinin qurulması üçün beton piltələri də yola düzməyə başlayıb. Dolayısı ilə Azərbaycanın bəlkə də ilk sərhəd keçid məntəqəsinin, gömrük postunun qurulacağı yer müəyyən edilmiş oldu. Yeri gəlmişkən, Ermənistan tərəfi də baş verənlərə sərt reaksiya verə bilmir. Azərbaycan Ordusu Ermənistanla açıq olan 5 kilometrə yaxın sərhədi bağlamaqla yanaşı, həmin istiqamətlərdəki taktiki və strateji yüksəklikləri də nəzarətə götürdü. Yəni görülən işlərlə yanaşı, relyef üstünlüyü də Azərbaycan tərəfinin xeyrinə dəyişmiş oldu.
- “Səssiz əməliyyat” dediyimiz hərəkətlənmə hərbi əməliyyat müstəvisinə keçə bilərmi?
- Hərbi əməliyyatların baş verməsi gözlənilməyən bir şey deyil. Azərbaycan Ordusu son iki əməliyyatı həyata keçirən zaman separatçı rejim qarşılıq vermiş olsaydı, müqavimət göstərsəydi, əməliyyatlar genişlənə və total ola bilərdi. Sadəcə bir istiqamətdə erməni tərəfi müqavimət göstərməyə cəhd etdi, bunun yersiz olduğunu anlayandan sonra onlar sadəcə geri çəkilməklə kifayətləndilər. Çünki qarşılarındakı qüvvənin ciddiyətini anlamış oldular. Ruslar da anlamış oldu ki, mane olmaq heç nəyi dəyişdirməyəcək. Rusların sakit davranmasının başqa səbəbləri də var. Ermənistanla Rusiya arasında gərginlik var, bu gərginliyin üzərinə Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi ilə bağlı qərarını Ermənistanın hələ də mənfi rəy verməməsi Rusiyanı qəzəbləndirir. Ruslar Ermənistanın cəzalanmasına izləyici mövqeyindən yanaşdılar.
- Yay aylarınadək nələrin şahidi olacağıq?
- Fikir verdiyimiz kimi, siyasi gərginlik yalnız havalar isinəndən sonra hərbi gərginliyə keçid etdi. Hesab edirəm ki, Qarabağda bir çox məsələlərin həlli hərbi yolla ola bilər. Çünki separatçı rejim, elə Ermənistan da vaxtı uzatmaqla nələrəsə nail olmaq istəyir. Azərbaycan isə məsələni birdəfəlik həll etmək istəyir. Ötən iki il yarıma baxanda açıq şəkildə görürük ki, vaxtın uzanması Ermənistan və separatçı rejimin mənafeyinə işlədi. Azərbaycan ona görə də tələsir və öz yuristiksiyasını Qarabağın ermənilər yaşadığı hissəsinə yaymaq istəyir. Bu həm də rəsmi Bakının haqqıdır.
Qeyri adi hadisə baş verməsə, hərbi əməliyyatların olma ehtimalı çox yüksəkdir. Azərbaycan Ordusu bir neçə istiqamətdə hərbi əməliyyat həyata keçirə bilər. Separatçı rejim də bunun fərqindədir. Bu, təkcə kəşfiyyat məlumatları deyil, onlar bilir ki, əməllərinin sonu bununla yekunlaşa bilər. Erməni tərəfi hətta buna hazırlıq da görür. Sığınacaqların hazırlanması, təmirindən başqa, mövqelərdə mühəndis istehkam işlərini artırırlar. Maraqlıdır ki, bu işləri onlar mülki formalarda həyata keçirirlər. Bunu da "Azərbaycan etnik təmizləmə, soyqırım edəcək" deməklə kompensasiya etmək istəyirlər. Yəni Azərbaycan Ordusu mülkiləri vurarsa, bunun siyasi donunu əvvəlcədən tikmiş olurlar. Hesab edirəm ki, Azərbaycan Ordusu ehtimal olunan əməliyyatları həyata keçirə bilər. Bunun üçün əlindəki yüksək dəqiqliyə malik silahlar, texniki vasitələr də imkan verir. Yay ayları hərəkətli keçəcək. Azərbaycan separatçı rejimi yola gətirmək üçün yumşaq və sərt gücdən istifadə edəcək.
Müəllif: Anar Bayramoğlu