Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gənclər niyə xaricdə təhsil almaq istəyir?


Bugünlərdə Azərbaycandan olan gənc Ayla Əliyeva eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinə qəbul olub. O, həmin universitetlərin arasında Harvardı seçib.

Son illər Azərbaycanda gənclər arasında xaricidə təhsilə marağın artdığı bildirilir. Amma rəsmi qurumlar yalnız dövlət hesabına xaricdə təhsil alan gənclərin sayını açıqlayırlar.

2022/2023-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1004 nəfər təşkil edib. Onların 35 faizi Bakı, 65 faizi isə Azərbaycanın regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çinin ali təhsil müəssisələrində oxuyur.

Yerli mediada yer alan araşdırmalara görə, dövlət xəttindən kənar xaricdə təhsil alan tələbələrin bir çoxu Azərbaycana qayıtmaq istəmir. Hərçənd bundan əvvəlki dövlət proqramları ilə xaricdə təhsil alan bir çox gənclərin də sonradan ölkələrinə dönmədiyini rəsmi qurumlar etiraf edib.

"Ölkəyə qayıtmaq istəmədim"

Fransada təhsil almış Dilarə Arifulina AzadlıqRadiosuna bildirib ki, universiteti bitirəndən sonra Azərbaycana qayıtmaq istəməyib: "Azərbaycanda Xarici Dillər Universitetinin Fransız dili fakültəsini bitirmişəm və təhsilimi Fransada Nant universitetində davam etdirdim. Ölkəyə qayıtmaq istəmədim, çünki əməkhaqqısı və şərtləri yaxşı olan iş tapa bilməzdim. Hazırda burada öz həyatımı qurmuşam, işləyirəm və çox razıyam".

"…1000-1500 manatlıq maaşlar cəlbedici deyil"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də "Turan"a bildirib ki, xaricdə oxuyub Azərbaycana qayıtmamaq tendensiyası var: "Bu tendensiya hətta dövlət hesabına oxumuş məzunlarda da müşahidə olunur".

Deputatın sözlərinə görə, əvvəllər tibb sahəsində belə problem yaşanırdı, indi isə Türkiyənin və Avropanın ən nüfuzlu tibb universitetlərini bitirən məzunlar Azərbaycanda işləyir: "Onlar çox yaxşı mütəxəssislərdir və ölkədə işlə təmin olunurlar, çünki səhiyyə sistemində yüksək maaş almağa imkan verən dəyişikliklər baş verib. Belə aparıcı universitetləri bitirəndən sonra, əlbəttə ki, həmin məzunlar üçün 1000-1500 manatlıq maaşlar cəlbedici deyil".

Quliyev hesab edir ki, maliyyə, iqtisadiyyat, mühəndislik, menecment üzrə xaricdə təhsil alan şəxslərin əksəriyyəti Azərbaycanda aparıcı makro şirkətlərə işə düzəlir və yaxşı əməkhaqqı ilə təmin olunur: "Həmçinin son illər yüksək dövlət vəzifələrini tutan şəxslərin, demək olar ki, hamısı aparıcı xarici universitetlərinin məzunlarıdır. Onlar o postlara işlədikləri kommersiya şirkətlərindən gəlir, harada ki, özlərini çox müsbət tərəfdən göstərirlər".

"Bu isə artıq problemdir"

O vurğulayıb ki, dünya reytinqində ilk 50-yə düşən universitetlərin məzunlarının aldığı orta əmək haqlarının cədvəli var: "Orada elə universitetlər var ki, onların məzunları ildə 250-300 min dollar qazanc əldə edir. Belə məzunlar üçün Azərbaycanda şərait lazımdır. O mənada ki, onlara burada peşəkar mənada tələbat olsun. Digər tərəfdən, onların əməyi artıq Azərbaycan və MDB deyil, dünya standartları ilə qiymətləndirilməlidir. Bu isə artıq problemdir. Düzdür, bəzi özəl şirkətlər razıdır mütəxəssislərə yüksək əməkhaqqını ödəməyə, amma hamısı onu edə bilmir".

"Azadlığın olmadığı, iş imkanlarının…"

"Tələbə Güc Mərkəzi" təşkilatının rəhbəri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə hər zaman beyin axını baş verir: "Bu ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdən də digər ölkələrə ciddi bir beyin axını baş verir, bu özü gələcəkdə çox ciddi fəsadlara yol açacaq".

Ekspertin fikrincə, intellektual beyin axını milli təhlükəsizlik məsələsidir: "Bunun da günahkarlarından biri təhsil siyasəti bərbad olan hökumətdir. Akademik azadlığın olmadığı, iş imkanlarının bu qədər məhdud olduğu ölkədə kimsə akademik bir karyera arzulamaz".

Onun vurğulamasına görə, hökumət bundan sonra beyin axınını minimala endirmək istəyirsə, birinci növbədə akademik azadlıq və universitetlərə muxtariyyətin verilməsinə başlamalıdır: "Təhsilin keyfiyyətinin artırılması və təhsilə kommersiya məqsədi ilə baxmaqdan imtina etməklə, az da olsa, bunun qarşısını almaq olar".






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10