Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarixçi alim Nərimanovdan yazdı


Dostlar! Nəriman Nərimanovla bağlı çoxlu müraciətlər olduğu üçün bu postu yazdım. Bu, Nərimanovun tariximizdə və taleyimizdə  yerinə mənim baxışımdır və tənqid üçün açıqdır.            


Bu gün Naxçıvandan xəbər gəldi ki, "Böyük bağ” ərazisində olan Nəriman Nərimanovun abidəsini altdığını möhkəmləndirmək üçün götürüblər və möhkəmləndirmə işləri başa çatandan sonra abidəni yerinə qaytaracaqlar. Bizdə hərdən belə şeylər olur. Bir neçə il əvvəl türk şəhidliyindən də bayraqları "yumağa” çıxarmışdılar. 


Naxçıvanın "Böyük bağ”ından məlumat yayılandan sonra sosial şəbəkədə Nərimanovun Bakıdakı abidəsi ilə bağlı da müzakirələr qızışmağa başladı. Nərimanova qarşı bir sıra ittihamlar irəli sürüldü və heykəlin demontaj edilməsi ilə bağlı fikirlər səsləndirildi. 


Şübhəsiz ki, Nərimanova qarşı irəli sürülən ittihamlarda haqlı məqamlar da var, haqsız məqamlar da. Sağlığında Nərimanovun əleyhinə çox yazıblar. 


1925-ci ildə vəfatından sonra 30 ildən çox kölgəsini təqib ediblər, "Nərimanovşina” adı altında xeyli həbslər keçiriblər. 


Yalnız 1957-ci ildə Azərbaycan rəhbərliyi ona siyasi bəraət ala bildi. Amma az sonra Nərimanovun adının Azərbaycanda populyarlaşması Moskvada qıcıq yaratdı, komissiya göndərdilər, kitabları, məqalələri yoxladılar və bildirdilər ki, bir kitabın bir səhifəsində Nərimanovun adı 11 dəfə, ayrı məqalənin bir səhifəsində 13 dəfə çəkilir, bu millətçilikdir. 

Xruşşova məruzə edəndə dedi ki, "Kommunist” jurnalına göstəriş verin bunların külünü göyə sovursun. Bunlar Şaumyanı ona görə arxa plana keçirirlər, çünki Şaumyan ermənidir, istəyirlər qəhrəmanları özlərindən olsun. 


Hər bir tarixi şəxsiyyətə öz zamanının şərtləri daxilində yanaşmaq vacibdir. Nərimanov ziddiyyətli şəxsiyyətdir. Onun lehinə də, əleyhinə də istənilən qədər dəlil gətirmək olar. Amma axı Nərimanov bir siyasətçi olmazdan əvvəl Azərbaycanın mədəniyyət və ədəbiyyat fədaisi olan bir maarifçisidir, ölkənin siyasi tarixinin bir hissəsidir. 


Müzakirə ona yeni heykəl qoyulması ətrafında getsəydi, əlbəttə, bəlkə də, bunun əleyhinə olmaq olardı. Amma söhbət 50 il bundan öncə qoyulmuş bir abidənin demontajından gedirsə, bunu etmək doğru olmazdı. Mən başa düşürəm bu fikrə görə tənqid olunacağam, üzərimə hücumlar da olacaq. Ancaq hesab edirəm bu tənqid (təhqir də mümkündür) və hücumların qarşısında susub oturmaq, həqiqətdən yayınmaq daha ağırdır.


Biz heykəllərdən niyə qorxuruq? Yüz il bundan qabaq Nərimanovun rəhbərlik etdiyi rejimdən yüz qat murdar olan bir rejimin şərtləri altında yaşayıb (əlbəttə hamıya aid deyil), ona boyun əyib Nərimanovun abidəsinin sökülməsini tələb etmək yüngülcə desək nə qədər "ədalətdlidir”? Nərimanovun səhvləri olubmu? Olub! Nəsib bəy Usubbəyova, Əlimərdan bəy Toçibaşiyə də məktubları səhv idi, "Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır” fikri də, Naxçıvan və Zəngəzurla bağlı bəyanatı da yanlış idi. Amma məsələni belə qoymaq doğru deyildir ki, Nərimanov olmasaydı sovetləşmə də olmayacaqdı. Sovetləşmə şəxslərə bağlı deyildi. Rusiyanın dağılması kimi, bərpası da ümumdünya prosesi idi. 


Mənə görə tarixi ədəbiyyatda Nərimanovun ən obyektiv və maraqlı obrazını alman tarixçisi Yorq Baberovski "Düşmən hər yerdədir” kitabında yaradıb. Moskva arxivlərində, xüsusilə Nərimanovun sənədlərinin saxlandığı Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin 588-ci fondunda geniş araşdırma aparıb professor Baberovski və Nərimanovun yaddaqalan tarixi obrazını yarada bilib, onun zəfər və faciəsini verə bilib. 


Baberovski yazır ki, Nəriman Nərimanov 1920-ci ilin sentyabrında Anastas Mikoyanı Bakıdan yola saldığı kimi, Sarkisi də zor gücünə qapalı vaqona oturdub, Bakıdan qovmuşdu. (Bax: Йорг Баберовски. Враг есть везде. Сталинизм на Кавказе. Москва, 2010, с.273). 


Nəriman Nərimanov Moskvaya xüsusi nümayəndə kimi göndərdiyi Behbud Şaxtaxtinskiyə tapşırıq verirdi ki, "bir ayağı Ermənistanda, bir ayağı Azərbaycanda olan” erməni kommunistlərinin ayağını Bakıdan kəsmək üçün orada iş aparmaq lazımdır və həm də tapşırırdı Leninə çatdırsın ki, 5-6 daşnaka görə Türkiyə ilə münasibətləri pozmaq olmaz. 


Yeri gəlmişkən Moskvanın oyunları və intriqaları Nərimanova baha başa gəldi. Kiçik istisnalarla onun silahdaşlarının hamısı onu satdı. Bu işin başında Orconikidze dayanırdı. Baberovski yazır: "Mərkəzin emissarları... Nərimanovun silahdaşlarını siyasi cəhətdən neytrallaşdıra bildi. Gizli təhdidlər və siyasi vədlər onun dostlarını düşmənlərinə çevirməyə imkan verdi”.1923-cü ildə Nərimanovun "Ucqarlarda inqilabımızın tarixinə dair” MK-ya məktubu Yemelyan Yaroslavski başda olmaqla Partiya Nəzarəti Komitəsində müzakirə olanunanda Nərimanov müsavatçılıqda ittiham edildi. Hətta iclasda Nərimanov Ruhulla Axundovun eser keçmişin yada salanda Axundov dedi ki,  "kommunist və keçmiş eser olmaq daha yaxşıdır, nəinki Nərimanov kimi müsavatçı olmaq”. 

Mirzə Davud Hüseynov isə komissiyanın iclasında qeyd edirdi: "Bizim əks-inqilabçıları başına toplayıb, əleyhimizə kitab çap etdirən Rəsulzadənin bizim əleyhimizə quduz kampaniya apardığı bir vaxtda, Nərimanov da bizə qarşı öz quduz kampaniyasını genişləndirir. Mən, əlbəttə, fikirləşmirəm ki, Nərimanovun Rəsulzadə ilə əlaqəsi var. O, Rəsulzadənin dəlillərini sözbəsöz təkrar edir”. 


Yeri gəlmişkən bu məktub MK-ya göndərilməzdən əvvəl Mirsəid Sultan-Qaliyevi həbs edəndə axtarış zamanı onun evindən çıxmışdı. Və Nərimanovun da həbs edilməsi üçün təqdimat hazırlanmışdı. Maraqlıdır ki, təqdimatı Stalindən başqa bütün Siyasi Büro üzvləri imzalamışdı.  


Yaroslavski komissiyasının onun əleyhinə Bakıda və Moskvada toplanmış materiallar partiya araşdırmasından daha çox, istintaq materalına bənzəyirdi. 


Fəhlə kollektivlərində komissiyanın onun əleyhinə təşkil etdiyi iclaslarda müsəlman kommunistlərindən bəziləri onun əleyhinə çıxış edərək deyirdilər: "Nərimanov bizə dedi ki, nə düşmüsünüz ermənilərin ardına, 1918-ci il yadınızdan çıxıb”. 


Belə nümunələr çoxdur. Mən yalnız epizodları yada saldım. 


Məşhur azərbaycanşünas Amerika tarixçisi Odri Altştadt da Sovet Azərbaycanında mədəniyyət siyasəti, 1920-1940” (Audrey L. Altstadt. The Politics of Culture in Soviet Azerbaijan, 1920-40) kitabında Nərimanovun maraqlı obrazını yaradıb. Odri xanım bir dəfə dedi ki, bilirəm Nərimanova belə münasibətimə görə Azərbaycandakı dostlarımın bəziləri məndən inciyəcək, amma bu incikliyə görə mən Nərimanova xəyanət edə bilmərəm. 


Nərimanov Bakıya qayıtmaq üçün bir yaşlı oğlu üçün saxta tibbi arayış aldı ki, guya Moskvanın havası ona düşmür. Onun Bakıya dönüşünü müdafiə etmək üçün Stalinə yazırdı: ”Çox hörmətli yoldaş Stalin! Sizdən çox rica edirəm mənim Siyasi Büro qarşısında ərizəmi müdafiə edəsiniz, belə ki, övladımın səhhəti məni belə bir addım atmağa məcbur edir. Fikirləşirəm ki, mənim 30 illik ədəbi-ictimai fəaliyyətim və partiyanın göstərişi ilə 8 il ərzində tutduğum məsul vəzifələr mənə bizim partiyanın Siyasi Bürosuna belə bir xahişlə müraciət etməyə hüquq verir. Tibbi arayış təqdim etməklə xahiş edirəm Siyasi Büro mənim Bakıda yaşamağıma icazə versin. Əgər mənim SSRİ MİK-in sədri kimi tutduğum vəzifə buna mane olursa, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsiniz”.


Mənim "Azərbaycanın Sovetləşməsi: Cənibi Qafqaz Rusiya, Türkiyə və İran üçgənində, 1920-1922” kitabım Utah Universitet nəşriyyatında çapa hazırlananda nəşriyyatın redaksiya şurasının rəhbəri Dr. Con Alley (John Alley) və editor Kathy Liuis (Kathy Lewis) sözün tam mənasında Nərimanovun cazibəsinə düşmüşdü. 


O, mənə təklif etdi ki, kitab xronoloji baxımdan 1920-1922-ci illəri əhatə etsə də, Nərimanovun fəaliyyətini 1925-ci ilə - vəfatına qədər gətirmək lazımdır.  


Dr. Alley yazırdı: "Mən onun taleyinə acıyıram. Nərimanovun hakimiyyəti və nüfuzu sizin ölkənin tarixinin dönüş məqamıdır, xronologiyadan kənara çıxsa da, onu 1925-ci ilə qədər gətirmək lazımdır”. 


Əlbəttə mən bunu etdim. Bu faktları düşünmək üçün yazdım. 


Öz səhvləri, zəfər və faciəsi ilə Nərimanov bu ölkənin tarixinin, mədəniyyətinin, ədəbiyyatının bir hissəsidir və onun heykəlini uçurmaq bu ölkənin tarixin, mədəniyyətinin, maarifinin bir hissəsini uçurmaq deməkdir.


Redaksiyadan: Aprelin 2-də Naxçıvanda Nərimanovun heykəlinin götürüldüyü bildirilir. Bu məsələ sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. 

Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.


"Aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaq", - deyə rəsmi açıqlamada bildirilir. 


Məhz bu müzakirələrin fonunda tarixçi-alim, Milli Şuranın sədri Cəmil Həsənli belə bir yazı ilə çıxış edib. /Arqument az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10