Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Doğrudanmı, bunlar 6 nəfərdir, yoxsa arxalarında daha geniş şəbəkə var?”


Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanılıb. Hazırda həmin şəxslər DTX-da dindirilir. 

İlkin məlumatlara görə, hadisənin sifarişçisi Azər Səricanovdur və o, 11 dəfə İrana səfər edib. Hadisəni törədən Səbuhi Şirinov 15, Elşad Əsgərov isə 9 dəfə İrana səfər edib. Saxlanılan digər şəxslər barədə isə hələ ki heç bir məlumat verilmir. Amma məlum terror aktında İranın izi açıq-aşkar görünür. 

Maraqlıdır, Azərbaycanın buna reaksiyası necə olacaq? Azərbaycan hansı addımları atmalıdır? Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edə bilərmi? Belə bir presedent varmı?

Xatırladaq ki, saxlanılan şəxslər varəsindəki məlumatlar “Telegram” kanalları tərəfindən verilib və DTX məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Milli Məclisin deputatı Elman Nəsirov Yenisabah.az-a açıqlamasında bildiirb ki, rəsmi mənbələrdən saxlanılan şəxslərin İranla bağlılığı ilə əlaqədar hər hansı bir məlumat yoxdur, ancaq İranda Azərbaycan səfirliyinin əməkdaşlarına qarşı törədilmiş terror aktından sonra təbii ki, ictimai rəydə İranın məlum obrazı formalaşıb:

“Bu gün sual versək ki, bu sui-qəsdi kim həyata keçirib, mənə elə gəlir ki, böyük əksəriyyət məhz İranı göstərəcək. Amma biz hüquqi dövlətik və hüquqi dövlətdə cinayətkarlıqla bağlı versiyalar düşüncələr əsasında deyil, əksinə, təkzibedilməz faktlar və arqumentlər əsasında hökm çıxarılır. 

Məncə, biz istintaqın nəticəsini gözləməliyik ki, onların həmin cinayət əməlindəki rolu üzə çıxsın. Hətta sual etmək olar ki, doğrudanmı, bunlar 6 nəfərdir, yoxsa bunların arxasında daha geniş şəbəkə var? Bu kimi suallar hələ də açıq qalıb. Hətta bunun arxasında hansı dövlət dayanıb sualı da bu ana qədər açıq qalıb. Biz, ancaq versiyalardan danışırıq”.

Onun sözlərinə görə, əgər bu hadisənin arxasında İran olarsa, belə olan vəziyyətdə bu, İran-Azərbaycan münasibətlərindəki gərginliyi pik nöqtəyə qaldıra bilər:

“Sözün həqiqi mənasında barışıq üçün yer belə qalmaz, körpülər tamamilə yanmış olar. Biz istəməzdik ki, İran dövləti Azərbaycan ərazisində bu kimi terror əməllərinin arxasında dayansın. Əslində, İran Azərbaycanla mehriban qonşuluq siyasəti ortaya qoyub, milli maraqlarından çıxış edərək Azərbaycanla münasibətlərini normallaşdırmalı, Qarabağ və Şərqi Zəngəzurda gedən böyük quruculuq işlərinə İran şirkətlərini cəlb etməli, böyük investisiya qoymalı, pul qoyub pul qazanmalıdır. Çünki mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri belə olur”. 

“Təəssüf ki, biz hələ də İranın davranışında bunu görmürük. Əgər doğrudan da İran olarsa, Azərbaycan bu məsələni bütün beynəlxalq tribunlarda gündəliyinə çevirməlidir. Eyni zamanda bu məsələlər ən yüksək səviyyədə beynəlxalq məhkəmələrdə və beynəlxalq qurumlarda müzakirə predmeti ola bilər. 

Biz hazırda versiyalardan danışırıq və ortada sui-qəsdi İranın törətməsi ilə bağlı konkret fakt əlimizdə hələ ki yoxdur. Ona görə də gözləyək ki, müvafiq istintaq orqanlarımızın araşdırmalarının nəticəsi necə olacaq? Bəlkə bu hadisəni üçüncü tərəf törədib? Onu da nəzərə alaq ki, üçün tərəf də çox gözəl bilir ki, hazırda Azərbaycan-İran münasibətləri çox gərgindir və bu gərginlik fonunda hər hansı bir terror hadisəsi baş versə, dərhal baxışlar İrana dikiləcək”, - yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10