Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçılarının əvəzinə xüsusi nümayəndələr: fiqurların yerini dəyişəndə cəm dəyişəcək?


Deputat: “Bütün regionlarda xüsusi nümayəndələr təyin olunacaq, buna ciddi hazırlıq gedir”

İqtisadçı: “Bələdiyyə institutları gücləndirilməli, mer seçkiləri keçirilməli, seçim vətəndaşa verilməlidir”

Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olub. Bununla Prezidentin regionlar üzrə xüsusi nümayəndələrinin sayı beşə çatıb.

Bundan öncə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında, Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla), Aydın Kərimov Şuşa rayonunda, Vahid Hacıyev isə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyinat alıblar.

Prezident İlham Əliyev yeni vəzifəyə təyinatı münasibətilə Məsim Məmmədovu qəbul edərkən bildirib ki, azad edilmiş ərazilərdəki yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib.

Qeyd edək ki, Elm və Təhsil, Gənclər və İdman, Ədliyyə, Mədəniyyət və digər nazirliklərin iqtisadi rayonların təsnifatı üzrə regional idarələri yaradılıb. Rayonlar üzrə şöbələr isə həmin idarələrin tərkibində sektor kimi fəaliyyət göstərir.

Bununla yanaşı, icra hakimiyyətlərinin ləğv olunmayacağı ilə bağlı versiyalar da dolaşır. Bəzi ehtimallara görə, Prezidentin xüsusi nümayəndələri təyin olunandan sonra da icra hakimiyyətəri ikili tabeçilik formasında öz fəaliyyətini davam etdirəcək.

Regional idarəetmə sahəsində islahatlar hansı formada həyata keçirilməlidir? Bu islahalar regionlarımızın inkişafına töhfə verə biləcəkmi? Müxtəlif nazirlik və dövlət qurumlarının timsalında tətbiq olunan bu model özünü doğruldubmu?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov AYNA-ya açıqlamasında deyib ki, yeni idarəetmə formasına keçid dövrün tələbidir: “Cənab Prezident İlham Əliyev Laçın rayonu üzrə xüsusi nümayəndə təyin edərkən, eləcə də ondan sonrakı çıxışları zamanı dəfələrlə bəyan edib ki, yeni idarəetmə modelinə keçid təmin ediləcək. 2018-ci ilin Prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı cənab Prezident ölkəboyu kompleks islahatların həyata keçiriləcəyinin anonsunu verdi. Ötən dövr ərzində cəmiyyətin əksər sahələrində, bütün hakimiyyət qollarında islahatlar aparılıb. İcraedici, qanunverici, məhkəmə hakimiyyətləri yenilənib, idarəetməyə gənc və peşəkar kadrlar cəlb olunub. Dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.

“Heç şübhəsiz, regional idarəetmə orqanları da bu prosesdən kənarda qala bilməz. Prezidentin regionlar üzrə xüsusi nümayəndə təyinatları uğurlu bir başlanğıcdır və yaxın gələcəkdə digər iqtisadi rayonlar üzrə də xüsusi nümayəndələrin təyin olunmasına şahidlik edəcəyik”, - deyə həmsöhbətimiz bildirib


.

Deputatın sözlərinə görə, bu sahədə islahatlar bələdiyyələrin də cəmiyyətdə rolunu artıra bilər: “İdarəetmənin optimallaşdırılması, regional idarəçiliyə keçid dünya təcrübəsində geniş istifadə olunur. Hesab edirəm ki, bütün regionlar üzrə xüsusi nümayəndə təyinatları ölkəmizin hərtərəfli inkişafına töhfə verməklə yanaşı, bu sahədə olan neqativ halları da aradan qaldıracaq”.

“Etiraf etmək lazımdır ki, icra hakimiyyətləri müasir dövrün tələblərinə cavab vermir və öz fəaliyyətini buna uyğun formada təşkil edə bilmir. İlkin olaraq işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndə təyinatları müsbət addımdır və həmin bölgələrin inkişafına stimul verəcək. O ki qaldı bəzi dövlət qurumlarının timsalında regional idarələrin fəaliyyətinə, açıq şəkildə söyləmək olar ki, məhz bu təsisatların yarannasından sonra rüşvət və korrupsiya faktlarının sayında əhəmiyyətlə dərəcədə azalma müşahidə olunur. Yəni, regional idarəetməyə keçidin vacibliyi bu qurumların təcrübəsində özünü doğrultdu, - deyə İsgəndərov vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində söyləyib ki, sovetdən qalma idarəetmə modeli olaraq icra hakimiyyətləri özünü doğrultmur: “Əksər icra başçısı özünü çalışdığı rayonun rəhbəri yox, “şahı”, “xanı” kimi aparır. Çoxsaylı korrupsiya faktlarına yol verir və vətəndaşları süründürməçiliyə salırlar. Buna görə həbs edilən başçılar da olub”.

“İcra hakimiyyəti təsisatı sovetdən qalma katiblik institutunun davamıdır. Onların səlahiyyət və məsuliyyət bölgüsü də müəyyənləşməyib. İcra hakimiyyərləri ölkədə biznesin, liberal bazar iqtisadiyyatının inkişafının qarşısını alan, onların fəaliyyətinə süni maneçiliklər yaradan bir instituta çevrilib. İnstusional olaraq bu təsisat özünü doğrultmayıb. Bu səbəbdən bundan imtina olunmalıdır”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Xüsusi nümayəndələrin təyin olunması məsələsinə gəldikdə, Cəfərli bunu müsbət addım hesab edir, lakin yetərli olmadığı qənaətindədir: “Paralel olaraq bələdiyyə institutlarının gücləndirilməsi, mer seçkilərinin təyini və bələdiyyə strukturları ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklərin olunmasına ehtiyac yaranacaq. Seçim vətəndaşa verilməlidir. Məhz bu yolla otimal idarəetməyə keçidi və şəffaflığı təmin edə bilərik”.

Müəllif: Azər Niftiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10