Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

1 aprel gerçəyi: Laçın yolunda post…


Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində Silahlı Qüvvələrin bölmələrinin əvəzinə, Sərhəd Qoşunlarının yerləşdirilməsi barədə Bakıya məlumat verdiyini bəyan edib.

“Biz Azərbaycana məlumat vermişdik ki, Kornidzor ( Ermənistan sərhədində kiçik yaşayış məntəqəsidir-N.S)kəndindəki körpdən sonra yol yalnız Ermənistan ərazisindən keçməklə davam edəcək və bu ölkənin Sərhəd Qoşunları bu hissədə sərhədin mühafizəsini təmin edəcək”, -Paşinyan hökumətin bugünkü iclasında belə deyib. Anlaşılan budur ki, Ermənistan yeni yolun ərazisindən keçən hissəsini hazır etmədiyi üçün indiyədək Kornidzor körpüsü ilə Ermənistan ərazisindən, sonra yenidən Azərbaycan ərazisindən, sonra yenidən Ermənistana keçən qarışıq hərəkət marşrutu işləyirmiş. İndi daha yol birbaşa Ermənistan ərazisinə keçəcək. Daha bir nəticə isə budur ki, əgər Laçın koridorunun çıxışında Sərhəd Qoşunu yerləşdirirsə, eyni addımı Azərbaycan da öz ərazisində atmalıdır. Prezident İlham Əliyev Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilən görüşdə "həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır" təklifini rəsmi olaraq irəli sürmüşdü.

photo_79226_28-02-2023_10-55-08.jpg (90 KB)

İndi Xankəndidən Ermənistana gedən yeganə yol Paşinyanın da dediyi kimi, aprelin 1-dən tam işə düşməlidir. Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr Azərbaycanın nəzarətə keçib ki, bu da gözlənilən idi.

Yeni yol təxmini hesablamalara görə, 8-9 km Laçın rayonunun ərazisinə, qalanı 14 km Şuşa rayonunun ərazinə düşür. Sonra Həkəri çayının üstündən çəkilmiş “sərhəd körpüsü”(Paşinyanın dediyi kənd) gəlir ki, buradan da Ermənistana gedirlər. İki zolaqlı yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edir ki, onun 10 kilometri Paşinyanın təsdiq etdiyi kimi, Ermənistanın ərazisinə düşür.

Yeni yolda nəzarət məsələsi 2020-ci ilin 10 noyabr sənədində əksini tapıb. Azərbaycan bu yolda təhlükəsizliyinə yenə də təminat verir. Bu marşrutu qorumaq üçün burada yenə də Rusiya sülhməramlı kontingent yerləşdiriləcək. Amma yol hələ hazır olmadan, separatçı ermənilər deyirdi ki, guya ümumiyyətlə, bu yola onların “təhlükəsizlik qüvvələri” nəzarət edəcək. Bu yol isə bəlli ki, ölkənin dövlət şirkəti tikib (AAYDA), bütünlüklə də Azərbaycanın suveren ərazisi və mülkiyyətidir. Bu netdir, nə Ermənistanın, nə Qarabağ ermənilərinin belə bir iddiası ola bilər.

Azərbaycanın həmin sərhəddə post qurmasının Rusiya sülhməramlıları ilə razılaşdırılmalı olduğu indi əsas müzakirə mövzusudur. Azərbaycan öz dövlət sərhədində nəzarət postu qormağı kimsə ilə razılaşdırmamalıdır. Hər iki dəhlizin eyni rejimlə işləməsi Rusiyanın bölgədəki strateji maraqlarına uyğun olmasa da, Bakıya qarşı hər hansı irad bildirə bilməz. Zəngəzur dəhlizi ilə ermənilər heç bir razılaşmaya gəlmirlər, Azərbaycan isə bu vəziyyətə sonadək dözə bilməz. Üstəlik, səhəd postunun qurulması sülhməramlıların işini də xeyli yüngülləşdirəcək, Azərbaycanın “filan qanusuz yükü niyə buraxdınız” kimi suallarla ilə daha üzləşməyəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında Laçın yolunda keçid məntəqəsinin açılmasının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırıb. Zaxarova “Belə bir müzakirə olmayıb” deyə cavab verib. Post məsələsi Zaxarovanı aşan məsələdir, bu yalnız Rusiya prezidenti Putinlə müzakirə mövzusu ola bilər. Yeni yolun açılması isə artıq yeni situasiyadır...

Artıq bağlanacaq yolun rəsmi adı uzun illər idi ki, Xankəndi-Laçın-Gorus-İrəvan adlanırdı. Bu, Ermənistanla Qarabağ arasında yeganə quru yol idi. İndi yeni yol Xankəndi-Sünik (Qərbi Zəngəzur) yolu adlanacaq. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu da bir neçə gün əvvəl tam nəzarətə götürüldüyü üçün əgər siçan kimi başqa bir dəlik tapmasalar, Azərbaycanın ekofəallarının hazırda da aksiya keçirdiyi “boğaz”dan başqa gediş-gəliş yolu qalmayıb.

WhatsApp Image 2023-03-30 at 14.24.42.jpeg (212 KB)

Qeyd edək ki, ermənilər işğaldan bir müddət sonra Xankəndidən daha bir alternativ yol çəkmişdilər. Bu yol Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu idi. Bu yol eyni zamanda, Azərbaycanın işğal altında saxlanan ərazilərindəki təbii resursların (mis, dəmir, digər mədən filizləri, meşə məmulatları və s.) Ermənistana daşınması üçün nəzərdə tutulmuşdu. Xankəndi-Kəlbəcər-İrəvan yolu rəsmi bilgilərə görə, Gəncəsr monastrının arxasından keçərək Xaçınçayla Tərtərçay arasındakı yüksəkliyə qədər uzanırdı. Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu eyni zamanda, ermənilərin “Drambon” adlandırdıqları Kəlbəcər rayonunun Heyvalı kəndindən keçirdi. Ermənilər 2001-ci ildə “Drambon filiz-saflaşdırma zavodu” tikərək illərlə Azərbaycanın mis qızıl mədənlərinin qeyri-qanuni mənimsəyiblər. Bu yol Ağdərə Kəlbəcər ərazilərini birləşdirən el arasında “Qamışlı tuneli” adlandırılan yeraltı yoldan keçirdi. Bu yol İstisudan Zod qızıl yataqlarını, oradan Basarkeçər rayonunu, oradan da Göyçə gölünü və İrəvanı birləşdirirdi. İkinci Qarabağ müharibəsi zamanı, yəni 25 noyabr 2020-ci il Kəlbəcərin azad olunmasından sonra bu yol da Azərbaycanın tam nəzarətinə keçdi…

Amma ermənilərinə daha bir yolu da var- Bakının görüş təklifini qəbul edib, reinteqrasiyaya razılaşmaq... 

Nazim Sabiroğlu/yeni sabah.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10