Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sehrli İstanbul, möhtəşəm Taksim, azan səsi, Ramazan duası, Türk xalqının dik duruşu - FOTO


Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə azərbaycanlı jurnalistlərin qardaş ölkəyə səfəri başlayıb.

Türkiyənin Ramazan ənənənələrini təbliği, Türk-Osmanlı mədəniyyətinin, mətbəxinin tanıdılması məqsədi ilə həyata keçirilən səfər çərçivəsində İstanbul və Bursanın tarixi, dini və turizm məkanlarının ziyarəti nəzərdə tutulub. Azərbaycan jurnalistləri ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın bir qrup media nümayəndəsi də Türkiyəyə dəvət olunub. Beləliklə, qardaş Türkiyə Türk Dövlətlərinin mətbuat nümayəndələrini növbəti dəfə bir araya gətirib ki, bu da Türk Dövlətlərinin media təmsilçilərinin qarşılıqlı əlaqələrinə, bir-birini daha yaxından tanımasına, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə, dövlətlərimizin münasibətlərinin inkişafına əlavə imkanların yaradılması deməkdir...

Türk Hava Yollarına məxsus təyyarə ilə İstanbul Hava Limanına endiyimiz zaman bizi yağmur qarşıladı. Qardaş ölkənin vətəndaşları bizim rahatsız ola biləcəyimizi vurğulasalar da, yaz yağışının həsrətində olduqlarını söylədilər, ayağımızın düşərli olduğunu bildirdilər. İki gün ərzində gah şiddətlənən, gah da səngiyən yaz yağışı onsuz da gözəllik ilahəsi olan İstanbulun gözəlliklərinə əlavə rəng qatırdı. Ara-sıra Günəş buludlar arasından boylanır, yağışın rənginə əlavə rəng qatırdı. Yerləşdiyimiz otel Cümhuriyyət və İstiqlal və caddələrinə yaxın olduğundan elə yağışlı havadaca buradakı gözəlliklərin sevrinə çıxdıq. Hər zaman insan seli ilə dopdulu olan bu möhtəşəm mənzərəli prospektlərdə bu dəfə şəmsiyəli-çətrili insan seli yağış selinə qarışmışdı, amma seyrəklik də gözə dəymirdi. Türkiyə vətəndaşları ilə yanaşı, İstanbula tətilə gələn əcnəbilərin çoxluğu da məmnun edirdi. Turizm ölkəsi olan Türkiyə bütün sınaqlara, eləcə də fevralın ilk həftəsində üzləşdiyi zəlzələ fəlakətlərinə baxmayaraq, özünün normal həyatını bərpa edə bilib, dik duruşu ilə yoluna davam edir, bu, bizim “Bir millət, iki dövlət”in vətəndaşı olaraq çox qürurlandırdı. Qardaş ölkəyə qarşı vaxtaşırı xain zərbələrin vurulması, elə İstanbulun qaynar nöqtələrində, insanların sıx dolaşdığı məkanlarda, həmçinin İstiqlal caddəsində terror aktının həyata keçirilməsindən sonra ölkənin hüquq mühafizə orqanları bütün gücü ilə təhlükəsizlik tədbirlərini həyata keçirməkdən ötrü ayıq-sayıqdır, bu, yolboyu diqqətimizi cəlb edir. Silahlı jandarma nümayəndələri insanların rifahı, təhlükəsizliyi naminə gözlərini qırpmadan fəaliyyət götərirlər...

İlkin təəssüratlarımız bitib-tükənməzdir təbii ki...Xüsusilə də Müqəddəs Ramazan ayında İstanbul bir başqa biçimdədir. Saysız –hesabsız camilərindən səslənən azan səsi ruhumuzu dincəldir, hər yerdə xoş ovqatı müşahidə edirik, Türkiyə insanı bütün sınaqlardan mərdi-mərdanə, sınmadan çıxmağı bacardığını özünün məğrur görkəmi ilə nümayiş etdirir.

c381a87a-cc0d-4ab0-bc5a-b1bfb360173b.jpg (184 KB)

Beləliklə, Türkiyənin turizm bələdçisi, mükəmməl tarixi biliklərə malik Ramazan Çelik, həmçinin Turizm və Gelişdurme Agentliyinin əməkdaşı Özden xanım Vanlının müşayiəti ilə səfər proqramına daxil edilən ünvanların ziyarətinə başlayırıq. İlk ziyarət etdiyimiz ünvanlar Taksim camisi, Taksim meydanı, Cümhuriyyət abidəsi olur. İstanbulun Bəyoğlu rayonundakı bu məkanda Osmanlı dönəmi zamanı müxtəlif bölgələrə su paylanılmasından ötrü su deposu yaradılıb. Toplanan su ehtiyatını bölüşdürmək – taksim etmək üçün burada layihələr həyata keçirilib. Sonrakı mərhələdə Galata-Bəyoğlu suyunun “taksim edildiyi”, yəni paylaşıldığı, bölüşdürüldüyü bu meydana “Taksim Meydanı” adı verilib. Su anbarının tikilisinin nişanələri bu günədək qorunub-saxlanılır...


Qazi Mustafa Kamal Atatürkün abidələrinin qarşısında fotalar çəkdirmək istəyənlərin növbəsi yaranır. Dinindən, irqindən asılı olmayaraq, Türkiyə adlı möhtəşəm əsər qoyub gedən böyük insana sayğısını nümayiş etdirir. Asılmış Türk bayraqları meydana əlavə gözəllik verir.

Son illərdə burada həyata keçirilən təmir-bərpa, yenidənqurma işlərindən sonra bu, ünlü məkana axın daha da artıb. Taksimdə dəfələrlə olmuş hər kəs yenə də həmin ünvana can atır, burada bir başqa aura var, adamı özünə çəkir. Eyni anda bəlkə də dünyanın 77 millətinin təmsilçilərini görmək olar burada. Bir çox turistlər İstanbula gedərkən Taksimə baş çəkmirsə, sanki özünü İstanbula getməmiş sayır. Diqqət edirik, İran vətəndaşları, güneyli qardaşlarımız da çoxluq təşkil edirlər. Taksim metrosu və düz meydanın mərkəzini son dayanacağı kimi seçmiş tramvay buraya əlavə gözəllik verir.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə inşa edilmiş, tarixi camilərdən geri qalmayan, nəhəng və möhtəşəm Taksim camisini ziyarət edirik. Türkiyə və Azərbaycan, o cümlədən bütün Türk dünyası, əzizlərimiz üçün dualar edir, Tanrıdan şəhidlərimizə, həmçinin zəlzələ qurbanlarına rəhmət, yaralılarımıza şəfa diləyirik.

1a112a9c-8690-47d0-8d5f-f81d7304b43b.jpg (165 KB)

1917-ci ilin fevralında tikintisinə başlanılan və 2021-ci ilin 28 mayında, Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən Taksim camisinin memarı Şefik Birkiyə və Səlim Dalamandır. Açılışdan öncə Taksim meydanına gül suyu səpilib. Bu məkanda cami tikilməsi ideyası 1968-ci ildə olub. Lakin 1977-ci ildə plan qəbul edilsə də, Danıştayın-yarğı orqanının 1983-cü ildə qəbul etdiyi qərar səbəbindən işə başlamaq mümkün olmayıb. Nəhayət, Prezident  Ərdoğan bir çox layihələr kimi, yarımçıq qalmış bu möhtəşəm layihəni də məntiqi sonluğuna çatdırıb, Türk xalqına əmanət edib.

Bu möhtəşəm camidəki sərgi salonuna enirik. Salonda Türkiyə xəttatlarının göz oxşayan əl işləri nümayiş olunur. Öyrənirik ki, artıq ikinci ildir ki, yarışlarda qalib olmuş xəttatların nəfiz əl işləri Ramazan ayında sərgilənir, əsərlər ölkə vətəndaşları və turistləri məmnun edir.
Bələdçimiz Ramazan Çelik Türk dövlətlərinin media nümayəndələrinə ziyarət etdiyimiz ünvanlarla bağlı zəngin məlumatlarını paylaşır, sevə-sevə, həvəslə, yorulmadan...

9f532978-35ed-4488-bfe8-7de3658e18a9.jpg (354 KB)

Səfər proqramının müəyyən qismi başa çatdıqdan sonra isə ürəkaçan məkanların birində Osmanlı-Türk mətbəxinin ləziz yeməkləri ilə bəzədilmiş iftar süfrəsi ətrafına əyləşirik. Türk üsulu ilə hazırlanan mantı, türk paxlavası,  çiy köftə, içli köftə, qardaş ölkənin yerli məhsulları da öz yerində...İstanbulda ilk dəfə olan Orta asiyalı dostlarımız çox məmnundurlar, hətta çiy köftəni də sevirlər ilk tanışlıqda...

Türkiyəmizin əsas simvollarından olan camilərdən ucalan azanın sədaları, İstanbul Boğazının ecazkar mənzərəsi, rəngbərəng şəhər, dəniz sularının laylası ruhumuzu təzələyir, şükranlıqla nemətlərdən dadırıq. 

Allah oruc-namazınızı qəbul etsin, Türk dünyası, ümumən saf niyyətli bəşər övladları xəta-bəlalardan uzaq olsun!
Səfərimiz davam edir...








 

 


Elşad Paşasoy,
Musavat.com
İstanbul






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10