Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitlerin bankir dostu – Yalmar Şaxt Nürnberq məhkəməsində bəraət alan üç nəfərdən biri olub


O, Nürnberq məhkəməsindəki çıxışı ilə bütün hakimləri susdurmağı bacarıb, onlara ünvanlandırdığı suallarla özünə tam bəraət qazandırıb:

“...Siz məni sülh və insanlığa qarşı cinayətlərdə ittiham edirsiniz. Bu ittiham SSRİ-də həbsdə saxlanılan alman zabitlərinin ifadələrinə görə yazılıb. Məcburi şəkildə alınan bu ifadələrdə mənim cinayətimi sübut edəcək dəlil və sübutlar varmı? Əlbəttə yoxdur. Mən müharibə illərində hərbçi olmamışam, heç bir hərbi əməliyyatda iştirak etməmişəm. Mənim vəzifəm Almaniyanın iqtisadiyyat naziri və Milli Bankın rəhbəri olub. İndi yəqin ki, məni nasistlərə maliyyə xidməti göstərməyimdə ittiham edəcəksiniz. Sual verirəm, hansı əsasla? Bir daha diqqətinizə çatdırıram ki, mən bu ədalət məhkəməsinə Dahau əsir düşərgəsindən gətirilmişəm. 21 iyul 1944-cü ildə Adolf Hitlerə sui-qəsd cəhdinin təşkilatçılarından biri kimi mən həmin hadisələrdən sonra fürerin göstərişi ilə həbs olunmuşam və əsir düşərgəsində saxlanmışam. İndi özünüz düşünün, nasistlərə xidmət edən şəxs onun liderinə qarşı sui-qəsddə iştirak edə bilərdimi? Düşünün və burada bir bağlılıq və məntiq tapın, sonra məni ittiham edin...”

Bu cavabsız qalan suallar Yalmar Şaxta tam bəraət qazandırıb.

Yalmar Şaxt 1877-ci ildə Danimarkanın Tinqlev şəhərində anadan olub. O, əvvəlcə Almaniyanın Kil Universitetində tibb fakültəsində oxuyub, sonra təhsilini Berlin Universitetinin alman dili fakültəsində davam etdirib. Şaxt üçüncü təhsilini Münhen Universitetinin siyasi iqtisad fakültəsində alıb.

Görmə qabiliyyətindəki problemlərə görə Şaxt hərbi xidmətə çağrılmayıb. 1933-cü ilə qədər Almaniyanın özəl və dövlət banklarında yüksək vəzifələr tutan Şaxt ölkənin ən bacarıqlı və ən savadlı iqtisadçılarından biri sayılıb.

Şaxtla Hitler 1931-ci ildə tanış olublar. Hitler nasist partiyasının maliyyə məsələlərini onunla məsləhətləşib. Şaxtın təcrübəsi sayəsində partiyanın maliyyə durumu xeyli yaxşılaşıb. Bu ərəfədə onların xidməti münasibətləri dostluq münasibətlərinə çevrilib. Şaxt Hitlerin ən yaxın ətrafında olan dostlardan biri sayılıb.

1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Şaxt Almaniyanın Milli Bankına rəhbər təyin edilib. O, 1934-cü ildən eyni zamanda iqtisadiyyat naziri vəzifəsini də daşıyıb.

1935-ci ilin mayın 21-də Şaxt “müharibəyə iqtisadi hazırlıq” proqramı üzrə Hitlerin səlahiyyətli nümayəndəsi təyin edilib.

1938-ci ildə Avstriya Almaniyaya birləşdirildikdən sonra (anşlyus) Şaxt Avstriya Milli Bankının ləğv olunması, onun Almaniya Milli Bankına birləşdirilməsi prosesini həyata keçirib. Bu prosesin sürətlə və uğurla həyata keçirilməsi Şaxtın nüfuzunu  Hitlerin yanında daha da yüksəldib.

II Dünya müharibəsinin başlanması ilə Şaxtla Hitlerin arasındakı münasibətlər soyumağa başlayıb. Şaxt birinci dəfə Almaniyanın Polşaya hücumunu yanlış addım kimi qiymətləndirib. İkinci dəfə isə Hitlerlə onun arasında SSRİ-yə hücum zamanı fikir ayrılığı yaranıb. Şaxt fürerə bildirib ki, Almaniya bu müharibədə iqtisadi tənəzzülə uğrayacaq. Artıq geri çəkilməyin gec olduğunu anlayan Hitler Şaxtın iqtisadi proqnozlarına məhəl qoymayıb.

1942-ci ildə Şaxt bank rəhbərliyindən və iqtisadiyyat naziri vəzifəsindən kənarlaşdırılıb. Amma Hitler onu ətrafından tam uzaqlaşdırmayıb. Şaxt portfelsiz nazir kimi fəaliyyətini davam etdirib.

Kifayət qədər zəngin intellektə və savada malik olan Şaxt Almaniyanın bütün sahələrdəki vəziyyətini yaxşı bilib, apardığı təhlillərdən Almaniyanın məğlubiyyətə gedən yollarını aydın görüb. Ölkəsinin düşdüyü bu acınacaqlı vəziyyətə görə o, Hitlərin apardığı siyasəti sərt tənqid edib.

Münasibətlərin gərginliyi vaxtilə dost olan Hitlerlə Şaxtı düşmənə çevirib. Hətta fürer Şaxtın fəaliyyətini nəzarətdə saxlamaq üçün SS qüvvələrindən bir neçə nəfər də ayırıb.

Köhnə dostların münasibətlərinə 21 iyul 1944-cü ildə son qoyulub. Hitlerə sui-qəsd cəhdi baş tutmayandan sonra Şaxt da fürerin qara siyahısına düşüb. Onun adı sui-qəsdin təşkilatçılarının siyahısına salınıb və birbaşa fürerin göstərişi ilə sabiq bankir həbs olunub. Onu da qeyd edək ki, sonrakı araşdırmalar zamanı Şaxtın sui-qəsd təşkilatçılarından biri olduğu təsdiqini tapmayıb.

Həbsdən sonra Şaxt əvvəlcə Ravensbryuk, daha sonra isə Dahau əsir düşərgəsində saxlanılıb. 1945-ci ilin may ayında həmin düşərgələr SSRİ-nin və müttəfiqlərinin nəzarətinə keçəndə Şaxt azadlığa çıxmağa nail olub.

Sabiq nazir Hitlerin düşərgəsindən qurtulduqdan sonra Avstriyada məskunlaşıb. Amma onun bu azadlığının ömrü uzun olmayıb. Bir aydan sonra Şaxt Amerika hərbçiləri tərəfindən həbs edilib və sonra Nürnberq məhkəməsinə təhvil verilib.

Nürnberq məhkəməsində cəmi üç nəfər bəraət ala bilib ki, onlardan biri də məhz Şaxt olub. Beynəlxalq məhkəmə ona bəraət versə də, Almaniya məhkəməsi Şaxtı yenidən mühakimə edib. 1947-ci ildə Vyurtenberq məhkəməsi onu maliyyə maxinasiyalarında ittiham edərək 8 il müddətinə məcburi əməyə cəlb edib. Apelyasiya şikayətindən sonra Şaxt 1948-ci ildə tam azadlığa çıxıb və Münhendə məskunlaşıb. O, bu şəhərdə “Schacht GmbH” bank evini yaradıb və ona rəhbərlik edib.

Yalmar Şaxt 1970-ci ildə, 93 yaşında vəfat edib. O, Münhen qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10