Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz


Bu gün ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun anım günüdür. Yazıçı haqqında maraqlı faktları təqdim edirik.

Müstəqillik illərinə yenidən qədəm basan Azərbaycanda bütün ideallar düzgün tənzimlənmədi, canını millətinə qurban edən bəzi şəxsiyyətlər küçümsündü, Sovetin çörəyini bəh-bəhlə yeyərkən milli qüruru zərrə qədər də narahat olmayan şəxslərin adı bu gün də sonsuz rəğbətlə anılmaqdadır.

Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, ictimai xadim Nəriman Nərimanovdur.

Nəriman Nərimanov sosializm bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi.


Qarşıda bir neçə yol var, ölkədən qaçmaq, fərdi mübarizə aparıb həbs olunmaq, susmaq və bir də, bütün bacarıqlarını səfərbər edib son ana qədər millətinin xilasına çalışmaq. Nüfuzundan istifadə edərək, sonuncunu seçdi və Lenin qarşısında bəzi öhdəliklər götürdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında Nərimanovla hesablaşdı.

N.Nərimanov Xalq Komissarları Sovetinin sədri vəzifəsində olarkən Rusiya və mərkəzin iddialarına qarşı durub, bolşevizm şəraitində Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına inanıb və bu yolda aktiv fəaliyyət göstərib.

Gallery

Gün gəlir, artıq mərkəz Nərimanova verdiyi sözlərə xilaf çıxmağa başlayır. Əks halda Nərimanov Leninə yazdığı məktubları günü-gündən kəskinləşdirməzdi. Leninlə bu müstəvidə danışan ikinci Azərbaycanlı çətin ki, tapıla:

"Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?"

Digər bir məktubunda isə o Leninə belə bir sual verir: Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı?”

Nərimanov SSRİ rəhbərliyində təmsil olunmasaydı, çox güman ki, keçdiyi bütün vəzifələrdə onun yerində erməni dövlət xadimi əyləşəcəkdi. Belə olduqda isə Azərbaycan üçün nəticələri təsəvvür etmək belə qorxuludu.

Gallery

1918-ci ildə Bakıda ermənilərin şəhəri ələ almaq cəhdlərini qarşısının alınmasında Osmanlı ordusu xidmət göstərmişdisə, Sovet işğalından həmən sonra bu işi görən, Bakının əsl simasını ermənilərdən qoruyan, onu bir müsəlman, şərq şəhəri kimi saxlayan Nəriman Nərimanov oldu.

Nərimanov Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və bunun qurucusu məhz Mikoyandır:

“Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və dəqiq hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.

Gallery

N.Nərimanov digər bir məktubunda Leninə mərkəzin siyasətindən narazı olduğunu bildirir:

Əgər qısa bir müddətdə mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm”.

Nərimanov Qarabağın Azərbaycan tərkibində qalmasında misilsiz xidməti olub. Qarabağ mövzusunu dəfələrlə, son anda ermənilərin lehinə səs verən komisiyaların müzakirəsindən çıxara bilib.

Nərimanov 1921-ci il iyul ayının 19-da keçirilən iclasda deyir:

"Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq”.

N.Nərimanov sonralar bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı:

“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu mümkün olmamışdı”.

Gallery

Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanıb. Məsələn, Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək verib, nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı mücadilədə pay sahibi olub.

Müttəfiq dövlətlərə qarşı Qurtuluş savaşı başladan Türkiyə Cümhuriyyəti dəstək almaq üçün bolşevik Rusiyasına nümayəndə heyəti göndərir. Həmin heyət öncə Bakıya gəlir və Nəriman Nərimanov da Leninə məktub yazaraq öz nümayəndəsini Türkiyə heyəti ilə birlikdə Moskvaya göndərir. Nəticədə Leninlə danışıqlar baş tutur və Moskva Türkiyəyə yardım edir. Nərimanovun Leninə Türkiyəyə görə yazdığı məktubda, eyni zamanda erməni məsələsini də çox dəqiqliklə qeyd edir. Nərimanov Leninin Şərq məsələləri üzrə ən önəmli eksperti və nümayəndəsi olduğundan Lenin uzun müddət bu məsələlərdə Nərimanovun istəklərinə müsbət cavab verib. Türkiyə məsələsində də biz Leninin məktuba müsbət reaksiya verdiyini görürük. Həmin məktubdan kiçik bir hissəni təqdim edirik:

"Əziz Vladimir İliç:

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bizim nümayəndəmiz Behbud Şahtaxtinski ilə birlikdə Moskvaya gəlirlər. Mən burada Türkiyə nümayəndələri ilə geniş və ətraflı söhbət etdim. Mən türklərin İngiltərəyə qarşı çıxaraq öz qədərlərini tərtəmiz bir könüllə bizə bağlamaq istədiklərindən əsla şübhə etmirəm. Onlar üçün ən əhəmiyyətli məsələ erməni məsələsidir. Bu məsələni öz lehlərinə həll edə bilmək üçün maksimum səy göstərirlər. Mən Batum və Arxangelsk haqqında danışdım. Lakin onlar “Erməni məsələsi bizim ölüm qalam məsələmizdir. Əgər biz bu məsələdə lehimizə bir qərar ala bilməzsək xalq bizim arxamızca gəlməz. Buna görə bu məsələnin bizim lehimizə həll edilməsi bizim xalq arasındakı gücümüzü artırar” deyirlər.

Şübhəsiz ki, onlar mütəfiq dövlətlərinin əleyhinədirlər. Onlar bizimlə birlikdə İngiltərəyə qarşı qanlarının son damlasına qədər vuruşmağa hazırdırlar. Lakin Moskva erməni məsələsinə görə türkləri özündən uzaqlaşdırsa, onlar incik düşər və İngiltərə ilə razılaşma yolları araya bilərlər. O zaman nələrin ola biləcəyini düşünmək lazımdır".

Daha sonralar Atatürk Nərimanova bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə Nərimanov ona "Paşam, Türk millətində bir ənənə var, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar", deyə cavab göndərir.

Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nın (1896-1898) müəllifidir. Bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb.

N.Nərimanov - Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.


N.Nərimanov - ruslar üçün Azərbaycan dilli, azərbaycanlılar üçün rus dilli dərsliklərinin ilk müəllifidir.
Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.A.Sabirin əziz xatirəsinə ucaldılıb.

N.Nərimanov milli aviasiyanın yaradılmasına, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsinə birbaşa xidməti var.

Gallery

Nərimanov fərdi fəaliyyəti ilə Şərqdə qazandığı nüfuzunu uzun illə Azərbaycan naminə xərcləyib. Onu Şərq dünyasında yaxşı tanıyır, sevirdilər. Nəriman Nərimanov olmasaydı, bu gün də Bakıda ermənilərin nüfuzu davam edəcəkdi.

Təbii ki, Nərimanovu aldatmışdılar. Necəki bu işi inqilabın rəhbəri Leninin, silahdaşı Trotskini başına gətirmişdilər. Təsadüfi deyil ki, Stalin hakimiyyəti fəaliyyətə başlayan kimi məşhur repressiyadan 13 il əvvəl, 1925-ci ildə ilk olaraq Nərimanov aradan götürüldü. Deməli mənfur imperiyanın birinci düşməni elə Nərimanov idi. Hansı ki, bu gün bəzi insanlar Nərimanovdan illər sonra, öldürülmüş, sürgün edilmiş ziyalılarımızı layiqincə xatırlayır, Nərimanovun adı gəlincə isə naxələflik edir.

Halbuki Nəriman Nərimanov da bir çılğın hərəkətilə bu gün Azərbaycan tarixinin ən parlaq tarixi şəxsiyyətinə çevrilə bilərdi. Amma o tarix üçün yox, cəmiyyətinin bu günü üçün yaşadı./kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10