Bu ilki Novruz Bayramı digər cənub rayonlarına nisbətən daha yadda qalan olmuşdur. Hansı ki, əvvəki illər bunu əksi olur, Lerik belə tədbir düzənləyənlər sırasında ən zəif “bənd” olurdu. Görünür 35 yaşlı icra başçısının təşəbbüskarlığı, yenilikçi ruhu, həyat eşqi açıq-aşkar “köhnələri” geridə qoyur.
Cenub.az-ın Lerik müxbirindən aldığımız məlumata görə, bu ilki Novruz Bayramında düzənlənən tədbir lerikliləri və qonaqları həqiqi mənada heyran edib.
Tədbirlə bağlı Lerik İcra Hakimiyyəti Başçısının yaydığı məlumatı təqdim etmədən öncə bu şənlikdə yadda qalan özəllikləri sadalamaq istərdik.
Tədbirdə ölkə şöhrətli Mələkxanım Əyyubova, Mirələm Mirələmov, Aysel Əlizadə, Vahid Abdullayev, İlkin Əhmədov, rəqqasə Fatimə Fətəliyevanın maraqlı ifalarla çıxış edib.
Tədbirdə 2 minə yaxın şəxsə, plov (aşqara), şəkərbura, qutab, ayran, su verilib.
Lerikli istedadların burada əsərlərinin sərgisi və satışı təşkil olunub (və kifayət qədər məhsul satılıb).
İdman yarışlarında (kəndir dartma., nərd, güləş və sair) qalib olanlara orijinal hədiyyələr verilib.
AzərÇay, Beta, Tea çaylarının stendləri nümayiş olunub.
Lerik rayonunda fəaliyyət göstərən Gənclər və İdman idarəsinin , Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzvləri tədbirdə yüksək fəallıq göstərib və xüsusi sərgi ilə çıxış edib.
3 saat davam edən bu tədbirdə leriklilər olduqca unudulmaz anlar yaşayıb. Gənc icra başçısının belə tədbir düzənlənməsi sakinlər və qonaqlar tərəfindən olduqca razılıqla qarşılanıb.
Bayram qabağı giley-güzar etmək istəməsək də, Lerikdən potensialı qat-qat güclü olan rayonların sönük, şablon bayram tədbirləri ilə müqayisədə Lerikdəki unudulmaz Novruz şənliyi maraqlı suallar yaradıb.
Bu da tədbir haqqında Leri-ih.gov.az saytının yaydığı məlumat:
“17 mart 2023-cü il tarixində Lerik şəhəri, Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirilib.
Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilmiş tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə lerikli iştirak edib.
Öncə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov və tədbir iştirakçıları Heydər Əliyev meydanında novruzun gəlişini tərənnüm edən al-əlvan bəzədilmiş güşələrdə Novruz atributları, ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri, əl işləri və xalq sənətkarlığı nümunələri tanış olublar.
Milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri rayon sakinləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Bayram tonqalı şəhid atası Rəbbil Heydərov və ağsaqqal Hidayət Bəşirov tərəfindən alovlandırılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon sakinlərini və çoxsaylı qonaqları təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb.
Sonda respublikanın tanınmış incəsənət ustalarının çıxışı ilə tədbir davam etdirilmişdir”.
Cenub.az. Zahir Əmənov