Küçələrindən çirkab axan Lənkəran
Ölkənin ən böyük, yüksək turizm potensiallı rayonlarından olan Lənkərana Naşirlər Assosiasiyasının kitab sərgisinə getmişdik. Hər şey gözəl idi – maraqlı kitablar, təqdimatlar, sərgiyə axın-axın gələn böyüklər, kiçiklər və ətrafda yumşaq bir bahar havası! Amma bu havada adamın burnunu cırmaqlayan xoşagəlməz iydən gizlənmək çətin idi…
Şəkillərə baxmaq kifayətdir ki, o iyi siz də burnunuzda hiss edəsiniz: Lənkəranın mərkəzi küçələrində park, mehmanxana, teatr, restoran, yaşayış evləri və hətta hakim partiya YAP-ın öz qərargahının böyür-başı ilə çirkab suları axır. Bəzi yerlərdə burulub göllənən bu üfunətli mayeyə “su” deyirik, amma onun içində nələrin üzdüyünü təsəvvürünüzə gətirə bilərsiniz. Adamlar burada gəzişir, masa qoyub çay içir, uşaqlar burada oynaşırlar. “Çirkli realizm” janrından belə səhnələr köhnə filmləri xatırladır, ancaq təəssüf ki, kinoya baxmırsan, canlı mənzərəni seyr edirsən. Başqa ölkələrdə muzeylər təmir edən neft və milyonlar səltənətinin xan şəhəri Lənkəranda hətta Xan sarayına (indiki Tarix-diyarşünaslıq muzeyi) girmək üçün üzünü yana tutub, açıq kanalizasiya xəttinin üstündən adlamalısan!
Səbəbini soruşanda eşitdiklərimiz daha təəccüblü idi. Bilirsiniz, burada əksəriyyət əmindir ki, şəhərdə normal kanalizasiya xəttinin olmaması nə maddiyyat, nə də, Allah eləməmiş, pis yerli idarəçilik nəticəsidir. Hamı böyük siyasi səbəb axtarır və tapır.
Nə isə, xan Lənkəranı iydən xilas etmək bizim iqtidarımızda deyildi, sərgidə isə işimizi bitirmişdik. Bir yandan da havanın 20 dərəcəyədək qızacağını deyirdilər, amma mehmanxanadan çıxmazdan əvvəl səhərin sərinliyində, hələ üfunət yayılmamış, bu şəkilləri çəkə bildik.
Press Klub