Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya Qarabağı girov götürüb?


Azərbaycan tələsməlidir, əks halda, gec ola bilər...

Fotoda görünən ərazi Ermənistandan Azərbaycanın Laçın rayonuna giriş nöqtəsidir. “Sülhməramlı” adlandırılan Rusiya hərbi kontingenti burada post qurub, yanında da Rusiyanın dövlət bayrağını və Rusiya Quru Qoşunlarının bayrağını asıb. Aşağıda rusca və ermənicə “xoş gəlmisiniz” yazılı lövhəsi vurulub.

Beləliklə, Ermənistandan Azərbaycan ərazisinə yox, Rusiya ərazisinə (?) daxil olunduğu göstərib.

Bu mənzərə Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı açıq-aşkar hörmətsizlik, daha dəqiq ifadə etsək, təcavüzdür. 

10 noyabr 2020-cı il tarixində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatda Moskvaya belə hüquqlar tanınmayıb. Rusiya “sülhməramlıları” həmin bəyanat əsasında Laçın dəhlizində və qoşunların təmas xəttində yerləşdirilib. Rusiya Qarabağ ərazisində sülhməramlı missiya xaricində hər hansı fəaliyyət gerçəkləşdirə bilməz, belə bir hüququ yoxdur. Amma müharibədən dərhal sonra Rusiya dövlət strukturlarının Xankəndidə bölmələri yaradıldı və Moskvadan idarə olunan qondarma idarələrarası qurum formalaşdırıldı. Guya bu qurum Azərbaycan və Ermənistanın müvafiq dövlət idarələri arasında qarşılıqlı əlaqəni təmin etməli idi. Amma bu günə qədər belə bir fəaliyyət gerçəkləşdirilməyib.

10 noyabr tarixindən sonra Rusiyanın gördüyü ilk iş bölgəni tərk etmiş erməni əhalini geri qaytarmaq olub və on minlərlə sakin rus hərbçilərinin müşayiəti altında əvvəlki yaşayış yerlərinə dönüb. Bu məqsədlə milyonlarla dollar büdcə ayrılıb, infrastruktur yaradılıb, habelə Xankəndi və ətraf ərazilərdə kommunal problemlər həll edilib. 

Rusiya bununla kifayətlənməyib, Qarabağda rus icması formalaşdırmağa girişib, Xankəndidə rus generallarının abidələrini yerləşdirib, təxminən 7 minlik hərbçi ailəsinin yaşaması üçün komplekslər inşa edib. 1992-cilin 25-26 fevralında 366-cı alayın iştirakı ilə əhalisi soyqırım edilən Xocalı şəhərində hərbi baza yaradıb. Müharibədən sonra Qarabağda bütün daxili yollar Rusiya hərbçilərinin nəzarətindədir, o cümlədən Tərtər-Ağdərə-Kəlbəcər yolundan ancaq onların müşayiəti ilə istifadə etmək mümkündür.  

10 noyabr razılaşmasında Laçın dəhlizinin Rusiya “sülhməramlılarının” ixtiyarına verilməsi, Azərbaycanın Laçında dövlət sərhədinə nəzarəti onlara təhvil verməsi barədə heç bir cümlə yoxdur. Bəyanatda ancaq sülhməramlı fəaliyyətdən bəhs olunur, amma Rusiya bu səlahiyyətləri mənimsəyib, faktiki olaraq, ölkə ərazisinin 3 faizinə nəzarəti öz əlinə alıb. Dövlət sərhədinin girişinə də öz bayrağını sancaraq, “bura mənə məxsusdur” mesajını verir. 

Bu gün Ermənistanın Rusiyanın düşmənini – Qərbi bölgəyə gətirməsinə rəğmən Moskvanın Qarabağda Azərbaycanın xeyrinə bircə addım da geri çəkilməməsi bununla bağlıdır. Xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən dedi ki, Laçın yolu açıq olmalıdır, Azərbaycan da ona nəzarət edə bilməz, bu işlə biz məşğuluq. Əlbəttə, Moskva Ermənistanı cəzalandırmaq istəyir, amma Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaqla yox. Bu, əli Qarabağa onsuz da çatmayan İrəvan üçün də cəza sayıla bilməz. Rusiya Qarabağa öz ərazisi kimi baxdığına görə, onu alver predmetinə çevirmək istəmir. Kreml istəyərdi ki, Azərbaycan ordusu Ermənistanla şərti sərhədin daha bir neçə yerindən keçib, yeni ərazilər götürsün. Nəticədə Paşinyan hakimiyyəti zəifləsin, Bakı da əldə etdiklərinə görə Putin hakimiyyətinə minnətdar olsun, amma Qarabağın adını tutmasın. Amma Ermənistan müttəfiqi Fransanı köməyə çağırdı, nəticədə qısa müddətdə Avropa İttifaqı yarımhərbi missiyasını Azərbaycanla sərhədə göndərib, oradan ehtimal olunan təhlükələri neytrallaşdıra bildi.

Azərbaycanın da davası Qarabağdır, amma Bakı onu daha çox Ermənistandan tələb edir, nəinki Rusiyadan. Paşinyan hökuməti isə deyir ki, gedin Qarabağ erməniləri ilə, yəni dolayısı ilə Rusiya ilə danışın, bizim onu sizə vermək imkanımız, hüququmuz yoxdur. Üstəlik, bizdən erməni əhaliyə beynəlxalq təhlükəsizlik qarantiyası, hüquqlar, status tələb edir. Bununla regionda ehtimal olunan post-Rusiya dövründə Qərb strukturlarının Qarabağa gətirilməsinə zəmin hazırlayır. Bu gün Qarabağ Rusiyanın əlindədir, o getsə, onun yerinə BMT, Avropa İttifaqı missiyaları, yaxud fransız jandarmı gəlib əyləşəcək, Laçın dəhlizini o zaman da bağlamaq mümkün olmayacaq. Ola bilsin, sərhəddə – bu gün Rusiya bayraqlarının asıldığı yerdə Azərbaycan bayrağı da asılsın, amma bölgədəki idarəçilikdə Bakının rolu simvolik xarakter daşıyacaq. Ermənistan bunu arzulayır, ona çalışır, bəs biz nə etməliyik ki, Qarabağda öz suverenliyimizi bərqərar edək?

Yeganə yol Qarabağı israrla Rusiyadan tələb etmək, onun himayəsi altındakı silahlı quldur dəstələrini məhv etməkdir. Ermənistan artıq bu oyundan kənardadır, onun Azərbaycana mane olmaq imkanları da yox kimidir. Tələsmək lazımdır, yoxsa, gec olacaq və Qarabağ üzərində suverenliyimizi itirə bilərik… 

Turqut






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10